Qiyas İbrahim həbsxanadan işgəncələrlə bağlı məktub yazdı

Heydər Əliyevin heykəlinin postamentinə “Qul bayramınız mübarək!” yazdığına görə narkotiklə şərlənən və 10 il həbs cəzası alan Qiyas İbrahimov saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsində ona verilən işgəncələrlə bağlı məktub yazıb. Məktubu təqdim edirik:

“Cəzaçəkmə müəssisəsinə 17.06.2017-ci il tarixdə gətirildim. Rəis qəbulu üçün gözləyərkən əməkdaşlardan biri şalvarımın rəngi ilə bağlı sərt şəkildə irad bildirdi. Mən təzə gəldiyimi, üstümdə başqa rəng olmadığını, daha sonra lazımlı rəngdə şalvar gətirə biləcəyimi bildirdim. Əməkdaş rədd edib, həmin cəzaçəkmə müəssisəsinin şalvarlarından birini verəcəyini dedikdə, bunların köhnə və yararsız olduğunu, üstəlik, ölçülərinin uyğun olmadığını bildirdim. Həmin əməkdaş sərt şəkildə danışmağa başladı və bununla yanaşı, saçımın da ölçüsünü bəhanə gətirdi. Halbuki saçım yetərli qədər qısa idi. Sonra məni rəis müavininin yanına qaldırdılar, guya problem yaratdığımı dedilər. Müavin Şakir Qəniyev nəylə bağlı həbs olunduğumu soruşdu. Mən narkotik maddələrin dövriyyəsi ilə saxta ittihamla şərləndiyimi, bununsa səbəbinin Heydər Əliyevin heykəlinə siyasi etiraz məqsədilə şüar yazmağım olduğunu bildirdim. Bunu eşidərkən müavin cəza müddətini nəzərdə tutaraq, “az veriblər” dedi. Sonrasa rəis Fikrət Qafarovun qəbuluna aparıldım. Rəis də nə üçün tutulduğumu soruşduqda səbəblərini dedim. O, narkotiklə nə işim olduğunu yenidən soruşduğunda, mən bu barədə Bakı Paş Polis İdarəsindən, onun rəisindən məlumat ala biləcəyini bildirdim. Bu cür cavab rəisin xoşuna gəlmədi və daha sərt danışmağa başladı. Mənim suallara doğru cavab vermədiyimi bildirdi. Sonrasa “get suala doğru cavab verməyi öyrən, ağıllan. 15 sutka” deyib məni cəza təcridxanası – karserlə cəzalandırdı. Mən karserə aparıldım və bir gecə qaldıqdan sonra aclıq aksiyası etdiyimi bildirdim. Lakin mənə bunu etmək üçün icazə vermədilər.

Karserə salındığım ilk gün izahat yazmaqçün əməliyyat rəisi tərəfindən çağırıldım. İzahatı özüm yazmaq istədikdə, o, “mən deyəcəm, sən yazacaqsan” cavabını verdi. İmtina etdim, əvəzində həmin şəxs kobud ifadələrlə danışmağa başladı. “Mən Qobustandan bu yana nə istəyirəm eləyə-eləyə gəlirəm” və digər hədələyici ifadələr işlətdi. Mənsə kimə nə etdiyinin indi mənə dəxli olmadığını, mənə qanundankənar heç nə edə bilməyəcəyini dedim. Əməliyyat rəisi buna söyüşlə cavab verdi. Bu cür danışmağın qanunsuz və tərbiyəsizlik olduğunu dedikdə o yenidən nalayiq ifadə işlətdi. Onun ad və soyadını soruşdum və yenidən söyüşlə cavabladı. Bu dəfə mən də cavab qaytardım. Digərləri məni ordan çıxarıb kameraya qaytardılar.

Səhəri gün yoxlanış zamanı rəis müavini Şakir Qəniyev gəldi və karserin kamerası qarşısında düzülərkən, məni qanunsuz karserə saldıqları üçün aclıq etdiyimi, bunu elan etməkçün ərizə kağızı tələb etdiyimi bildirdim. O, cavabında məni ələ saldı və həbsimin səbəbi haqda bir gün əvvəl deməyimə baxmayaraq, qıcıqlandırıcı tərzdə yenidən məni narkotik satıcısı kimi ittiham etdi. Buna qarşılıq mən ona “narkotiki sizin kimilər satır” cavabını verdim. Bu cavabıma o, məni üç dəfə bərk vurmaqla cavab verdi. “Gəl, mənə sübut edərsən bunu” deyib, əlimi arxadan qandalladı və rəisin otağına apardı. Əməliyyat rəisi də orda idi və bir gün əvvəlki məsələ ilə bağlı rəisə şikayət etmişdi. Əlim arxadan qandallı halda, rəis müavini tərəfindən döyülməyə başladım. Bununla yanaşı, rəis də nalayiq ifadələr işlədir və müavinə əmr verirdi ki, vursun.

Rəis hədə-qorxu gəlməyə başladı və məni “yükləyəcəyini”, qapalı həbsxanaya göndərəcəyini dedi, Qobustan həbsxanasıyla hədələdi. “Sənin kimiləri mən belə ağıllandırıram, qanunum budu, xoşuna gəlirmi?” dedi və müavinə daha bir zərbə vurmağı əmr etdi. Üst-üstə hər zərbədən sonra yıxılırdım. Ayağım zədələndi, başımın sağ tərəfinə vurduğu üçün qulağım şişmişdi.

Daha sonra yenidən “karsa” aparıldım. Bu vaxtdan sonra daha üç gün aclıq etdim. Məni yenidən rəisin qəbuluna apardılar. Bu dəfə sakit tərzdə danışmağa başladı. Mənim həbs səbəbim haqda danışdı və mənim kimi gənclərin guya aldadıldığı və s. kimi banal fikirlər səsləndirdi. “Kars”a qaytarıldım və 15 sutka cəza müddətini bitirdikdən sonra daha iki gecə karantində saxlanıldım”.

 

azadliq.info

Əlaqəli məqalələr

1 şərh

  1. Bütün bunlara görə Qiyas, Allah qoysa, türmədən sağ-salamat çıxanda gedər fəxri xiyabana və indiki rejimə, yəni agenti olduğu köhnə partokratlara hakimiyyəti öz əliylə ötürən Əbülfəz Əliyevin məzarı üstündə gedib “Çox sağ ol!” deyər, lazım bilsə lap Əbülfəzin heykəli üzərində özünün dərin minnətdarlığını boya ilə yazıb bildirə bilər…

    Əslində vaxtılə AXC yaradılmasa idi, və onun sədrliyinə KQB tərəfindən naxçıvan mafiəysının əliylə Əbülfəz Əliyev təyin edilməsəydi, Azərbaycanda heç zaman nə qurtuluş bayramı olardı nə də gül bayramı…

    Vəzirovun, Polyaniçkonun qədrini bilmədiz – indi gediz türmələrdə çürüyün!…

    Bu rejim sizə də, bu avam millətə nə edirsə yaxşı edir!…

    Siz bütün bu işgəncələrə layiqsınız!…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button