Qiyas İbrahimovun apellyasiya şikayəti təmin edilməyib

İyulun 17-də Bakı Apellyasiya Məhkəməsi həbsdəki fəal Qiyas İbrahimovun şikayətini təmin etməyib.

Q.İbrahimovun vəkilləri onun şəxsi yazışma sirrinin, konfidensial ünsiyyət qurmaq hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət edib. İyulun 10-da Sabunçu Rayon Məhkəməsi onların şikayətini təmin etməyib.

Vəkil Zibeydə Sadıqova Q.İbrahimovun şikayətini müdafiə edib və bildirib ki, Bakı İstintaq Təcridxanasında saxlanılarkən vəkili ilə konfidensial ünsiyyət qurmaq hüququna müdaxilə olunub, vəkillərə göndərdiyi məktub təcridxana rəhbərliyi tərəfindən oxunub.

Təcridxana nümayəndəsi məhkəmədə məktubun oxunmasını təkzib etməyib, deyib ki, Q.İbrahimov məktubu onlara açıq təqdim etdiyi üçün oxunub, sonra rəisin adı qeyd edilib və vəkilə göndərilib.

Q.İbrahimov isə təcridxana təmsilçisinin arqumentini təkzib edib, məktubun təcridxana katibliyinə açıq təqdim edilmədiyini bildirib, saxlanılan şəxslərə məktub göndərmək üçün normal zərfin verilmədiyini qeyd edib.

Məhkəmə heyəti gənc fəalın arqumentlərini nəzərə almayıb, şikayət rədd olunub.

Məhkəmədən sonra vəkil Z.Sadıqova bildirib ki, sözügedən iş üzrə artıq Avropa Məhkəməsinə şikayət hazırlanıb.

Xatırladaq ki, “heykəl məhbusu” kimi tanınan gənc fəallar Q.İbrahimovla Bayram Məmmədov 2016-cı il mayın 10-da saxlanılıb. Daxili İşlər Nazirliyi onların yaşadıqları evdən 1 kiloqramdan çox heroin tapılması barədə məlumat yayıb. Hər iki şəxs məhkəmədə işgəncələrə məruz qaldıqlarını desələr də, Ombudsman Aparatı gənc fəalların üzərində hər hansı xəsarət izinin olmadığını bəyan edib.

10 il azadlıqdan məhrum edilən gənclər ittihamı rədd edir, onlar “Qul bayramınız mübarək!” şüarını yazdıqlarına görə həbs olunduqlarını bildirirlər. “Amnesty İnternational” onları “vicdan məhbusu” elan edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button