Qızlar onlara əlil arabasında oğlan yaxınlaşanda nə edirlər? – VİDEO

elil28.04.2015

Qızlar onlara əlil arabasında oğlan yaxınlaşanda nə edirlər?

Sosial şəbəkələrdə bununla bağlı yayımlanan videorolikə minlərlə insan tamaşa edib.

Videoçarxa baxandan sonra Orxan Adığözəlin “Əlil oğlana ərə getmək” yazısı yada düşür. xural.com oxuculara bu əsəri təqdim edir:

Qadın və kişi münasibətinin davamlı və mümkün qədər ideal olmasının meyarları budur: səmimiyyət, hörmət və anlayış. Siyahını uzatmaq da olar. Amma indi mən kişi-qadın münasibətinə azərbaycanlı prizmasından yanaşacam. Bizdə ən çox təhrif olunanlar da məhz səmimiyyət, hörmət və anlayışdır. Buna görə də, çox vaxt münasibətlər tənəzzülə uğrayır. Zədəli olur. Münasibətlərdə qarşı tərəfə azadlıq verməlisən ki, qarşı tərəf özü səninlə daha çox birlikdə olmaq istəsin.

Azərbaycanda cəmiyyətin əlillərə münasibəti çox çirkindir. Hələ formalaşmayan, iməkləmək belə istəməyən, əlil cəmiyyətdən söhbət gedir. Televiziya və sosial media “Əlillərin cəmiyyətə inteqrasiyası” söhbəti ilə qulaqlarımızı döyənək eləyib. Gəlin, bizləri inteqrasiya etmək istədikləri, daha doğrusu, bizi sırımaq istədikləri cəmiyyətin nə gündə olduğuna baxaq.

Götürək elə bizim sevgi, ailə munasibətlərimizi. Bu xalqa elə gəlir ki, əlillər heç sevməməli, heç bir qadın və kişi üçün nəzərdə tutulan ənənəvi münasibətlərə girməməlidir. Axı nə üçün? Əgər bir nəfər hansısa qəza nəticəsində əlil arabasına oturmağa məhkum qalıbsa, əlini ya ayağını amputasiya ediblərsə, ya da anadangəlmə əlil doğulubsa o, bu münasibətlərdən kənarda qalmalıdımı?!

Əlil insanla münasibətə girmək və ailə həyatı qurmaq bizimkilər üçün ən böyük fədakarlıq, özünü bilə-bilə atəşə atmaq sayılır. Elə bil, əlillər insan deyil. Cəmiyyətin tullantısıdır. Halbuki əsl tullantı – standartlarla yaşayan, məqsədsiz, eqoist və cahil kütlədir. Onlar anlamır və anlamaq istəmirlər ki, heç bir insanın əlil olmaqdan sığortası yoxdur.

Belə insanlar üçün “sevgi” mal-mülkdür, maddiyyatdadır. Yağışın yağmağını romantika kimi qəbul edən, hardasa balaca uşaq görəndə, qəfil “analaşan”, uşağı saxta-saxta əzizləyən, türk seriallarındakı sevgililərin ayrılıqlarından kövrələn, İsmayıl YK-nın mahnılarını dinləyib, ağlayan qızları götürək. Onlar üçün əsl romantika, bulvarda idmançı sevgilisi ilə əl-ələ tutuşub gəzmək, ya da varlı sevgilinin “Range Rover” i ilə Qəbələyə istirahətə getməkdir. Onlardan hansınınsa sevgilisi qəza və ya xəstəlik nəticəsində əlil arabasına düşürsə, o qızcığazların romantikasi bir anda yoxa çıxır. O adam ona yadlaşır, ögey adam olur.

Təbii ki,az da olsa, cəsarətli və insanın əlilliyinə baxmadan sevən qızlar da var. Onların çoxu məqsədinə çatıb, sevdiyi insanla ailə həyatı qururlar. Amma bəzilərində alınmır. Onlar ailənin, ata-ananın, qohum-əqrabanın, qonşunun fikri ilə hesablaşmalı olublar.

Azərbaycanlı valideynlər qızlarını əlil adama verməyi faciə sayırlar. Əsas arqumentləri də budur ki: “Özünü bədbaxt etmə, ona baxmaq zülümdü, uşağınız olmayacaq, səni gəzməyə apara bilməyəcək, vaxt olacaq, özün də bezəcəksən ondan!”

Halbuki, o valideynlər özlərinin, öz övladlarının da əlil olmaqdan sığortalanmadığını bilirlər. Soruşsan ki,”sənin övladın əlil olsa, kimisə sevsə, qızın valideynləri qızı verməsələr, həmin alçaqlığa münasibətin necə olar?” – cavabdan yayınırlar. Düşünmürlər ki, qızları başqa, tam sağlam oğlanla ailə həyatı qursa da, heç nə əvvəldən sığortalanmayıb. Həmin sağlam oğlan da xəstələnə, qəza keçirə bilər və nəticədə ömürlük əlil ola bilər. Heç onu da nəzərə almırlar ki, qızlarını verdikləri oğlan,daha sonra xəyanətkar, içki düşkünü və ya narkomana çevirilib, sözün əsl mənasında qızı bədbəxt edə bilər. Bəs onda nə olacaq?

Oxucular sadalığlarıma dırnaqarası, ucuz hekayə kimi baxa bilərlər.Təbiidir, insanlar çox şeyi özləri yaşamasalar, anlamırlar.
Mən özüm əlil olduğum üçün belə şeyləri şəxsən yaşayıram. 2008-ci ildə keçirdiyim qəzadan sonra, sevdiyim qızın anası məcburi şəkildə bizi ayırdı. Səbəb kimi yuxarıda yazdıqlarımı sadaladı, qızı məcbur başqasına ərə verəcəyini dedi. O vaxt mən çox ağır vəziyyətdəydim, əlil arabasına belə otura bilmirdim, əlimdən heç nə gəlmirdi. Məndən 370 km uzaqda yaşayan qızla halallaşıb, ona xoşbəxtçilik dilədim. Allah mənə əziyyət verməsin deyə, o qızı qəlbimdən çıxartdı. Dualarımda onu yad edərək, xoşbəxt olmasını istəyirəm Allahdan.

Elə ailələr də var ki,qızlarının xoşbəxtliyinə mane olmurlar, onları belə evliliklərdə dəstəkləyirlər. Evləndikdən sonra çox xoşbəxt cütlüklər olur.Bu cür evliliklərə qulp bağlayan şarlatanlar daha çoxdur: Yəqin qız beləsinə ona görə gedib ki, “qız” deyilmiş, bir”zibili” var imiş ki, belesinə gedib…

Bir neçə qızla tanış olmuşam bu illər ərzində. Onların çoxunun əlil olduğum üçün mənə yazıqları gəldiyini hiss elədim. Münasibəti kəsdim. Mən özümü əlil saymıram. Mənə yazığı gələn insanlara qarşı səbrli və tolerant ola bilmirəm.

Bir insanın ruhu sağlamdırsa, onun bədəni də getdikcə sağlam olur.
Oxuyun və düşünün. Eyni yanlışlıqları etməyin. Sayğılar…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button