“Qohumların hamısı Əvəzin ayağı altında ölməyə hazırdır…”

Evez Zeynallinin anasi (1)Şamama  Zeynalova: “Onun həbs olunması məni odsuz-ocaqsız yandırır”

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının anası Şamama Zeynalova yaşadığı Gəncə şəhərindən paytaxta, oğluna baş çəkməyə gəlib.

Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci il oktyabrın 28-dən həbsdə olan Əvəz Zeynallı külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinib.

Bakıya gəlişi zamanı Şamama Zeynalova “Media forum” saytının qonağı olub, saytın suallarını cavablandırıb.

– Şamama xanım, Əvəz bəyin uşaqlıq və gənclik illəri necə olub?

– 1988-ci ildə Qarabağ münaqişəsi başlananda Qərbi Azərbaycanda cərəyan edən məlum hadisələrdən sonra Gəncəyə köçdük. Sakit, hiylədən və yalandan uzaq həyat yaşamışıq. Əvəz orta məktəbi bitirəndən indiyə kimi haqsızlıqla üzləşir. Məktəbdə qızıl medala namizəd yalnız Əvəz idi. Direktor həyat yoldaşımdan dörd min manat rüşvət istədi, amma bizim pulumuz olmadı deyə Əvəz qızıl medaldan məhrum oldu. Sonra o, sənədlərini Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə verdi. İmtahanlardan 4 və 5 alsa da, yenə onun yerini başqası tutdu.

Əvəzin atası çox ziyalı, heç kimə boyun əyməyən və sözünü hər yerdə açıq deyən adam idi. O vaxtlar Xalq Cəbhəsi yeni yaranmışdı, yoldaşım ora müraciət etdi və bu təşkilatın xətti ilə birinci buraxılışda Türkiyəyə oxumağa göndərilən 52 nəfərin arasında Əvəz də oldu. Azərbaycana gələndə də qohumlardan manat-manat pul yığıb Türkiyədə “Böyük gələcək” jurnalını çap edirdi. Əvəz elə o vaxtdan fəal idi. O, Azərbaycanda işləməyə başlayandan isə bizim narahat günlərimiz də başladı.

Düzdür, onun əvvəlki məhkəmə çəkişmələrindən xəbərimiz olmayıb. Yalnız 2011-ci ilin oktyabr ayının 19-da qəzetin əmlakının müsadirə olunması xəbərini eşitdim. Bundan sonra bizim ailəyə qarşı da repressiya başlandı. Həmin gün polisdə işləyən kiçik oğlumu işdən azad elədilər. O biri gün səhər Gəncənin polis rəisi Rasim Musayev bütün qarnizonun qarşısında bildirib ki, Zeynalov Raufun qardaşı hökumət əleyhinə yazılar yazdığı üçün bizim aramızda ona yer yoxdur. Səhəri gün qardaşım oğlunu da işdən qovdular. İndi Raufun heç fəhlə işləməsinə də imkan vermirlər. Onun beş nəfərlik ailəsi mənim 120 manat pensiyamla dolanır. Bu qədər pulla hansı məmur ailə saxlaya bilər?

Biz aza qane olan insanlarıq. Ailə olaraq həmişə dövlətimizi, millətimizi sevmişik. Mən özüm uşaq olanda Brejnevin (1964-1982-ci illərdə SSRİ rəhbəri – red.) şəkli olan qəzeti yerə atdığımıza görə anam bizi döymüşdü. Yəni mən ailədə dövlətə və hökumət başçısına hörmət görmüşəm. Əvəz də bu cür tərbiyə alıb. O, həmişə təhqir yazan jurnalistlərlə dalaşıb, dövlətçiliyin davasını edib onlarla. Əvəzin düzlüyü və sözü üzə deməsi “yuxarıdakılar”ın xoşuna gəlmədi. Mən ana kimi səlahiyyətli şəxslərdən soruşuram: biz hökumətin əleyhinə neyləmişik? Əvəz yalnız sağlam tənqid edib. “Xural” qəzeti nə müxalifət, nə də iqtidar qəzetidir. Müstəqil qəzet olaraq fəaliyyət göstərib. Tərifə layiq işlər olanda tərifləyib, tənqid yazanda isə heç vaxt təhqirə yol verməyib. Amma Heydər Əliyevi təhqir edənlərin çoxu bu gün Milli Məclisdə oturub.

– Əvəz bəyə görə işdən çıxarılan qohumlarınız düşdükləri vəziyyətə görə onu qınayırmı?

– Biz nəsillikcə sağlam insanlarıq. Qohumların hamısı Əvəzin ayağı altında ölməyə hazırdır. Azərbaycan müstəqilliyə qovuşanda Əvəzin 20 yaşı vardı. O, hər şeyi açıq gözlə, düzgünlüklə qələmə alıb, həmişə də haqqın yanında olub. Ona görə də mən hökumətdən ona qarşı sərt addım gözləmirdim. O, milli-mənəvi dəyərlərimiz uğrunda ölümə gedən oğuldur. 20 Yanvar şəhidləri İlham və Fərizənin toy gününü Azərbaycanda sevgililər günü, akademik Zərifə Əliyevanın nəşinin Moskvadan Bakıya gətirilərək torpağa tapşırıldığı tarixi isə qadına sədaqət günü elan edən Əvəz olub. Hər mətbuat günündə gözləyirdim ki, bu xidmətlərinə görə prezident ona əməkdar jurnalist adı verəcək. Onun həbs olunması bir ana kimi məni odsuz-ocaqsız yandırır.

– Gülər Əhmədovanın iddiasına görə, Əvəz bəy ondan on min manat pul tələb edibmiş…

– (Sualı yarımçıq kəsir…) O, Yeni Azərbaycan Partiyasının üz qarasıdır, Milli Məclis üçünsə böyük bir ləkədir. Gülər Əhmədova Əvəzi əsassız olaraq ittiham etdi. Əvəzin məhkəməsində onun üzünə duran çox oldu, mərdi namərdə möhtac elədilər.

– Əvəz Zeynallı maddi baxımdan sizə kömək edirdimi?

– Əksinə, biz Əvəzə kömək edirdik. Nənəsi onun cibinə pul qoyurdu. O da gülürdü ki, bəs mən sizə nə vaxt kömək edəcəm… Heç kim onun qədər əziyyət çəkməyib, heç bir gündəlik qəzet Əvəz kimi layihələr ortaya qoymayıb.

– Gülər Əhmədovanın həbs olunması xəbərini eşidəndə hansı hissləri keçirdiniz?

– Bilirəm, inanmayacaqsınız, mən onun həbs olunmasına sevinmədim. Amma deputatlıq mandatı əlindən alınanda əlacım olsaydı qurban kəsərdim. Çünki onun mandatı əyri yollarla, hərrac bazarından alınıb. Bu qadının nə işlərlə məşğul olduğunu sonradan hamı bildi. Elşad Abdullayevi tanımasam da, ona öz təşəkkürümü çatdırıram. Biz məhz onun yaydığı videolar sayəsində Azərbaycan xalqından bəraət aldıq. Hamı Əvəzin şantajçı redaktor olmadığını bildi.

– Gülər Əhmədova həbs ediləndən sonra onun Əvəz bəyə qarşı şikayətini geri götürəcəyini gözləyirdinizmi?

– İndi də gözləyirəm ki, Gülər Əhmədova kimlərin sifarişi ilə bu addımı atdığını etiraf etsin. Onun həbsindən sonra Əvəzi azad edəcəklərini güman edirdim. Amma görünür, məsələ biz düşündüyümüz qədər də asan deyil.

– Heç prezidentlə görüşmək, bütün bunları ona danışmaq istəmisinizmi?

– Müraciət eləməmişəm. Amma bizim ailənin başına gətirilənlər barədə prezidentə məlumat vermək istəyərdim. Əvəzin həbsindən xəbəri olsa da, bizim ailəyə qarşı repressiyalardan xəbəri olmadığına əminəm. Ola bilməz ki, bu millətin hər fərdinin yanında olan prezident müstəqil mətbuatın təmsilçisi olan Əvəzin həbsinə müsbət yanaşa. Mən buna qəti inana bilmirəm.

– Əvəz bəy Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sifarişi ilə həbs olunduğunu bildirir. Siz bu haqda nə düşünürsüz?

– Yüz faiz Əvəzlə razıyam. Səbəbini o ağsaqqalın özündən soruşmaq lazımdır. Bizim onunla düşmənçiliyimiz yoxdur. Ramiz Mehdiyevin özündən soruşmaq lazımdır ki, Əvəzin iki körpəsinin nə günahı var?

– Təzəlikcə amnistiya aktı qəbul olundu. Amnistiyaya düşənlər arasında oğlunuzun da olacağına ümid edirdinizmi?

– Yox, ümid eləmirdim. Əvəz özü də gözləmirdi.

– Qarşıdan Azərbaycan Jurnalistikası Günü və seçki gəlir. Prezidentə əfv üçün müraciət eləmək fikriniz varmı?

– Əvəz yeni həbs olunanda “Mənəm günahkar” adlı yazı yazmışdım. O yazıda prezidentə müraciət eləmişdim ki, səltənətinizi anaların, balaların göz yaşları üzərində qurmayın.

Sevinc KƏRİMOVA

Sevinc Kerimova (2)

Evez Zeynallinin anasi (7)

Evez Zeynallinin anasi (3)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button