Quba: İnqilaba, yoxsa təkamülə gedən yol

03.03.2012

Martın 1-də Quba rayonunda baş verən hadisələr bu yaxınlarda müstəqilliyinin 20 illiyini qeyd edən ölkənin tarixində, şübhəsiz, yeni səhifə açdı.

Rejim üçün heç nə sosial fırtınadan xəbər vermirdi. İlk vaxtlarda yüksək hakimiyyət eşelonlarında əmin idilər ki, yerli icra hakimiyyətinin başçısı Rauf Həbibovun təhqiramiz çıxışı dilsiz-ağızsız kütlənin deyinməsindən o yana getməyəcək. Amma onlar səhv etmişdilər. Qubanın küçələrinə 140 min əhalisi olan rayonun gənclərinin praktik olaraq hamısı çıxdı. Onlar şərəf və ləyaqətin müdafiəsinə çıxmışdı.

2003-cü ildə İlham Əliyev prezident seçiləndən bəri görünməmiş kütləvi etiraz aksiyasına formal səbəb rayonun icra başçısının sosial şəbəkələrdə yayılan bəyanatı oldu. O, yerli əhalini hər şeyini 30-40 manat satmağa hazır olan «nankor» adlandırdı. Ədəbsizcəsinə Qurandan sitat gətirən, öyüdçüsü xalq arasında korrupsiyaçı kimi tanınan nəqliyyat naziri Ziya Məmmədov olan savadsız Həbibov rayonda xalq həyəcanının katalozatoru oldu. Amma sonradan başçının villalarının yandırılmasına qədər artan etiraz əslində çox illik sosial, siyasi, mənəvi alçaldılmaya cavab idi. Yüksək səviyyəli işsizlik, kasıblıq, ümidsizlik, korrupsiya, vətəndaş azadlıqlarının və hüquqlarının tapdanması qubalıların gündəlik həyatının atributuna çevrilib. Və təkcə onların yox. Analoji vəziyyət ölkənin bütün rayon və şəhərlərində var. Rejim zorakılıq üzərində qurulub – siyasi müxalifət, jurnalistlər həbs edilir, özəl biznes boğulur, həyatın bütün sahələri inhisara alınıb. Ən başlıcası, insan ləyaqəti alçaldılır, Azərbaycan cəmiyyəti hər gün partlayış həddinə daha yaxın olur.

Azərbaycan ziyalılarının qabaqcıl hissəsi 2008-ci ilin son prezident seçkilərindən sonra cəmiyyətdə gərginliyin artması, onun qanlı inqilaba keçə biləcəyi barədə siqnal verdi. Nəticədə onlar Əliyev administrasiyası tərəfindən siyasi müqavimətlə üzləşdilər. Təkcə minnətdarlıq eşitməyə adət edən hakimiyyət «nankorları» eşitmək istəmədi. Onların sırasında dramaturq Rüstəm İbrahimbəyov, tarixçi Cəmil Həsənli, neftçi alim Rafiq Əliyev və başqaları var. Qubada da «nankorları» eşitmək istəmədilər.Təfərrüatı ilə məlumdur ki, Bakı hazırlanan etiraz aksiyası barədə məlumatlandırılıb, amma buna ciddi əhəmiyyət verməyib. Özünə arxayın hakimiyyətin analitik sistemi işləmədi, yerli asayiş qüvvələri talanın qarşısını ala bilmədi, Bakıdan gələn xüsusi təyinatlılar etirzaçıların müaviməti qarşısında iflic oldu.

Gərginliyi deputat, təcrübəli dövlət xadimi, baş nazirin keçmiş müavini Vahid Əhmədovun vasitəçilik səyləri ilə səngitmək mümkün oldu. Qubadan olan ağıllı və məsuliyyətli siyasətçi Əhmədovun səyi ilə etirazçılarla mərkəz arasında dialoq baş tutdu. Nəticədə icra başçısı istefa verdi, həbs edilənlər azad olundu.

Azərbaycan cəmiyyətinin hadisələrə reaksiyası obyektiv səbəblər üzündən zəif oldu. Hakimiyyət Quba ətrafında informasiya vakuumu yaratmağa çalışdı. Rejimin nəzarətində olan televiziya və radiolar Qubadakı vəziyyət barədə bir kəlmə də demədi, hərçənd reportyorları hadisə zonasında idi. İnternet medianın böyük hissəsi heç bir məlumat vermədi və ya necə deyərlər, mənzərənin gerçəkliyni və dramatiliyini əks etdirməyən balanslı informasiya verdi. İnternet resursların az bir hissəsi və sosial şəbəkələr regionda internetə məhdudiyyət şəraitində Qubadakı vəziyyət barədə düzgün məlumat verməyə çalışdı. Obıvatellər – taksi sürücüləri, satıcılar arasında seçmə sorğu göstərdi ki, bir çoxları hətta sabahı gün də baş verənlərdən xəbərsiz olub.

Bir sıra KİV-lər baş verənləri xarici düşmənlərin müdaxiləsi və ya oliqarxların şimal regionunda nüfuz dairəsi uğrunda mübarizəsinin nəticəsi kimi təqdim etməyə çalışdılar. Belə nəticələr hadisələri bəsitləşdirmək olardı. Amma bu iki amilin iştirakını da inkar etmək olmaz. Amma ziyalıların həyəcan siqnalı, Sabirabad və Saatlıda əhalinin lokal etirazları, taksi sürücülərinin və aldadılan əmanəçilərin, islamçıların Bakıdakı icazəsiz mitinqləri cəmiyyətdəki ciddi daxili gərginlikdən, ilk növbədə ölkə zənginliklərinin ədalətsiz bölgüsü və aldadılmalardan doğan narazılıqdan xəbər verir. Bu sindrom nisbətən rifahlı Liviyada və Azərbaycandan, o cümlədən Qubadan 2 milyona yaxın insanın qazanc dalınca getdiyi qonşu Rusiyada da baş verdi.

Hələlik hakimiyyət çaşqındır və təkcə Qubada yox, ölkədə böhrandan çıxış, əhali ilə yaxınlaşma yollarını təhlil edir. Ötən cümə günü paytaxtda Bakı meri H.Abutalıbovun Torqovıda (Nizami küçəsi) piyada gəzməsi, prezident İlham Əliyevin mühafizəçilərsiz avtomobillə şəhərdə gəzməsi barədə şayiələr yayıldı. Amma şayiələr Prezident Administarsiyasının başçısı Ramiz Mehdiyevin və ictimai-siyasi şöbənin müdiri Əli Həsənovun reksiyası ilə təsdiq edilmir. Onlar həmin gün Qubadakı hadisələr barədə şərh almaq istəyən jurnalistlərdən qaçırdılar.

Hələlik yeganə rəsmi sənəd var – DİN və Baş Prokurorluğun birgə bəyanatı yaxın vaxtlar üçün antiböhran “yol xəritəsinin” konturlarını verir. Bir tərəfdən rejim qanun çərçivəsində vətəndaşların azad ifadə hüquqlarını tanıyır, digət tərəfdən anladır ki, etirazçı elektoratın daha aktiv hissəsinin onunla razılaşdırılmamış hərəkətləri ilə barışmaq istəmir, onu destruktiv güc kimi göstərir. Hakimiyyət əhalinin ali rəhbərlikdən narazılığını aşağı ranqlı məmurlara yönəltməyə, hüquq mühafizə orqanlarını yüksək hazırlıq vəziyyətinə gətirməyə, yerli səviyyəli kiçik sosial-iqtisadi proqramlar həyata keçirməyə çalışır. Amma real siyasi və ya iqtisadi islahatlar gözləməyə dəyməz. Ölkəyə nəzarət üzrə mübarizə inqilabi və ya ən yaxşı halda təkamül yolu ilə gedəcək.

TURAN ANALİTİK XİDMƏTİ

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button