Qubad İbadoğlu Nazirlər Kabinetinə qarşı konkret tələblər irəli sürdü

Gubad Ibadoglu adlı birinin şəkli.

Hökümətdən və parlamentdən hansı gözləntilərin olması ilə bağlı Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Qubad İbadoğlu facebook səhifəsində analitik təhlil yayımlayıb:

Hazırda ABŞ Konqresində prezidentin iqtisadi hesabatı müzakirə olunur.

Hesabatı Ağ Evin İqtisadi müşavirlər şurasının sədri Ceyson Furman xüsusilə də respublikaçılar partiyasını təmsil edən konqresmenlərin suallarını cavablandırır. Verilən suallar daha çox ABŞ iqtisadiyyatının zəif həlqələrinin aşkarlanması və onun gücləndirilməsi ilə bağlı Obama adminstrasiyasının planları ilə əlaqədardır. ABŞ iqtisadiyyatının pozitiv inkişafından deyil, onun problemlərindən danışan Furman çətinliklərdən birinin də əmək məhsuldarlığının aşağı templə yüksəlməsi ilə əlaqələndirib.

Milli Məclis Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyətinə dair illik hesabatını dinləyəcək

Azərbaycanda da yaxın günlərdə hökümət Milli Məclisdə hesabat verməlidir. Xüsusi gözləntilərim olmasa da, bu ilin iqtisadi xarakteri hər iki tərəfdən fərqli yanaşma tələb edir. Hesab edirəm ki, hökümət yalnız ötən ilə müsbət prizmadan baxmaqla kifayətlənməməli, qarşılaşdığı çətinlikləri və onun həlli proqramlarını təqdim etməlidir. Onlardan bir neçəsin sadalamaq istərdim.


Getdikcə daha da kəskinləşən xarici valyuta ilə olan kreditlərin qaytarılmasının probleminin həllinə hökümətin baxışı çox vacibdir. İndiyə qədər bu müzakirələrdən kənarda qalan Nazirlər Kabineti ona yalnız bank sektorunun deyil, iqtisadiyyatın başlıca problemi kimi baxmalı və yekun mövqe nümayiş etdirməlidır. Çünki, əvvəllər yazdığım kimi bu problem sistem xarakteri daşıdığından mərkəzləşdirilmiş qaydada da həll olunmalıdır. Əgər onun həlli banklarla müştərilərin öhdəsinə buraxilarsa, onda banklar cəmiyyətdə potensial münaqişə mənbəyinə çevriləcək.

Bu münaqişəni isə zəif hüquqi baza, korrupsiyalaşmış və asılı məhkəmə hakimiyyəti ilə çözmək mümkün deyildir.


Hökümətdən digər gözləntilərim məşğulluğun təminatı və inflyasiyanın qarşısının alınması ilə bağlı proqramlarının açıqlanmasıdır. Hazırda müşahidə olunan kütləvi işsizlik probleminin həlli hökümətin qarşısında duran ən vacib vəzifələrdən biridir.

İstehlak qiymətlərinin, xüsusilə də ərzaq mallarının qiymətlərinin bahalaşmasına gəlincə, onu yalnız zəif təsirlərə malik monetar üsullarla tənzimləmək mümkün olmadığından hökümət bu məsələyə də dair mövqe qoymalıdır.


Nəhayət, başlıca gözləntilərdən biri də dövlət məmurlarının gəlirləri və əmlakına dair bəyannamə formasının Nazirlər Kabineti tərəfindən təsdiq olunması və bu fəaliyyətin 2016-2019-cu illər üzrə Açıq Hökümətin Təşviqi üzrə Milli Fəaliyyət Planına daxil edilməsidir. Bütün bunlar hökümətdən minumum gözləntılərdir.

Hesab edirəm ki, ən azı bu problemləri həll edə bilməyən hökümətin hesabatı parlament tərəfindən qəbul edilməməli və Milli Məclis Azərbaycan Respublikası Konstitutsiyasının 95-ci maddəsinin 14-cü bəndinə müvafiq olaraq Nazirlər Kabinetinə etimadsızlıq məsələsini qaldırmalıdır“.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button