Qubad İbadoğlu “Qaynar Qazan”da (III sonuncu hissə): “ABŞ-ın çox yüksək dairələrində Bütöv Azərbaycan məsələsi ilə maraqlanırlar”

Qubad İbadoğlu: “Ölkədə cərimə iqtisadiyyatı yaradılıb”

Qubad İbadoğlu ilə Amerikadan əvvəlki qayıdışında – yanvar ayında görüşmək imkanımız olmadı. “Qaynar Qazan”da o zaman söhbətləşəcəkdik. Amma Qubad bəy söz verdi ki, Azərbaycana qayıdanda ilk müsahibəsini “Qaynar Qazan”a verəcək. Sözünə əməl elədi də. Gələn kimi ilk müsahibə üçün vədələşdik.

Təbii ki, “Qaynar Qazan”ın formatı çox mürəkkəb və ağırdır. Bu, sadəcə 3-4 suallıq, ya da səthi yanaşılacaq müsahibə növündən deyil. “Qaynar Qazan”da hazırlaşmaq və çətin suallara cavab tapmaq lazımdır. Qubad bəy də o prizmadan yanaşırdı və ona görə müsahibəmiz bir müddət gecikəsi olmuşdu. Qubad İbadoğlu sıradan bir adam deyildi və “Qaynar Qazan” da bunu bilirdi.

Talanan, yağmalanan, susdurulan və satın alınan Vətəndaş Cəmiyyətinin önəmli simalarından biridir Qubad İbadoğlu. Vətəndaş Cəmiyyətinin ağır günlərində Amerikaya bir illik səfərə getdi – müəmma. Özü demiş, 19 illik ömrünü verdiyi Müsavat partiyasında gözlənilməz çıxış etmiş və Arif Hacılı ilə partiyanın güclü başqanı İsa Qəmbəri zor duruma salmışdı. Təbii ki, hakimiyyət də bundan məharətlə istifadə edərək Qubad İbadoğlunu özünün adamı kimi təqdim etməyə cəhd etmişdi – müəmma. ABŞ-da onu yüksək səviyyədə qarşılamış, bütün görüşlərini mükəmməl təşkil etmiş, Amerikanın siyasi və iqtisadi elitasına onu təqdim etmişdilər – müəmma. Əslində, “müəmma” adlandırdığımız bu həlqələr normal prosedurlar olsa da, Qubad bəyin haqqında əfsanələr yaranmasına səbəb olmuşdu. Onu artıq “Amerikanın Azərbaycan hakimiyyətinə hazırladığı adam” kimi təqdim edənlər vardı.

Güman ki, hələ qarşıda bizi maraqlı günlər gözləyir. REAL hərəkatının partiyaya çevrilməsindən və İlqar Məmmədovun azadlığa buraxılmasından sonra meydana fərqli mənzərələr çıxa bilər. Və Qubad İbadoğlu ilə İlqar Məmmədov ənənəvi Azərbaycan müxalifətinə və eyni zamanda daşlaşmış və oturuşmuş Azərbaycan iqtidarına ciddi problem yarada bilər. Hələ bu siyahıya əlavə olunacaq bir maraqlı ad da var. Hillari Klinton ABŞ  prezidenti seçilərsə, onun dostu, Harvard məzunu Bəxtiyar Hacıyev. Nədən olmasın? ABŞ Azərbaycanda bir şeylər edəcəksə, nədən bu adamlar da yeni və dünya standartlarına cavab verəcək “Yeni dünya”nın liderləri olmasın.

Bu düşüncələr içərisində Qubad İbadoğlu ilə dünyanın siyasi xəritəsinin önündə, Strateq.az saytının redaksiyasında görüşdük. Mən ilk dəfə idi ki, Qubad İbadoğlu ilə müsahibə götürür və onu belə demək mümkündürsə, tarayırdım. Son dərəcə təmkinli, səbirli, demokrat bir adamdır. Buz kimi soyuq məntiqi var. Elə bil qarşında Azərbaycanın bir əyalət gənci oturmayıb, elə bil Çörçilin nəslindən bumbuz bir ingilisdir. Məntiqi də odur. Mən ilk azərbaycanlı ilə qarşılaşırdım ki, “insanlara çox yaxın olanda adamı yandırır, çox da uzaq olanda dondurur” məntiqi ilə yaşasın – tam amerikan düşüncəsi, tam ingilis beyni.

Bütün suallarla tanış olmuşdu. Hansı kəskinlikdə olur-olsun, elə eyni templə də cavab verirdi. Nə qədər sərt, ya da yumşaq olmasından asılı olmayaraq, əsəbiləşmir, hirslənmir, heç ona meyl də eləmirdi. Beləcə, “danışmaz”, “o qədər danışmaz” deyə təxmin etdiyim Qubad İbadoğlu ilə 2 saatdan çox zamanın getdiyini heç bilmədik belə. Azərbaycanın bütün əsas məsələlərindən danışdıq. İqtisadi durumun ağırlığını gözlər önünə sərdi və elə bir müsahibə alındı ki, bunu dərs vəsaiti kimi öyrənmək lazımdır sadəcə.

Qubad İbadoğlu hakimiyyətin ali zirvələrinə hazırdırmı, bilmirəm. Onu ABŞ-da son bir ildə hansı istiqamətdə köklədilər, dediyi qədərilə o da məlumdur, ancaq bir şey aydındır ki, bu adam artıq dünyanın mötəbər qurumlarının tanıdığı, etibar göstərdiyi məşhur bir iqtisadçıdır. Ölkənin bu vəziyyətdən çıxarılmasında önəmli rol oynaya bilər və Azərbaycan hakimiyyəti bu istiqamətdə düşünməlidir. Təbii ki, Qubad İbadoğlunu özünə işlətmək mənasında yox, onun düşüncələri istiqamətində ölkənin yönünü Qərb dəyərlərinə dəyişdirmək baxımından. Güman edirəm ki, soyuq məntiqli bu iqtisadçının məntiqi onu dinləyənləri də təsirləndirəcək.

Hə, az qala unutmuşdum, Qubad İbadoğlunu dinləyə-dinləyə Müsavat partiyası haqqında da düşündüm. Məncə, bu qocaman tarixi partiya Qubad İbadoğlunu itirməklə, xeyli qüvvə itirmiş olub. Həm də, Azərbaycan müxalifətinin niyə gündən-günə zəiflədiyinin manifestidir Qubad İbadoğlunun bu müsahibəsi. Dinləyənlər daha yaxşı qərar verəcək təbii ki…

“Qaynar Qazan”da budəfəki qonağımız Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğludur…

Əvəz Zeynallı

SAM_0232

ABŞ dünyada ən rahat, ən təhlükəsiz, sosial baxımdan ən təminatlı yaşayışı olan bir cəmiyyətin təntənəsidir
III – Sonuncu hissə

I hissəni buradan oxuya bilərsiniz:

http://strateq.az/manshet/51693/qubad-ibadoglu-qaynar-qazanda.html (Qubad İbadoğlu “Qaynar Qazan”da: “Hakimiyyətin indiki komandası ilə bunları həyata keçirmək mümkün deyil”)

II hissəni buradan oxuya bilərsiniz:

http://strateq.az/manshet/52226/qubad-ibadoglu-qaynar-qazanda-ozumu-iqtidar-dus%C9%99rg%C9%99sin%C9%99-yad-hesab-edir%C9%99m.html (Qubad İbadoğlu “Qaynar Qazan”da:”Özümü iqtidar düşərgəsinə yad hesab edirəm”)

– Tural İsmayılov iki sual verib: “ADR Hərəkatı bu qədər qısa zamanda təşkilatlandı? Bunu ABŞ-ın Müsavat Partiyasından əlini üzəndən sonra yenidən ölkəni çaxnaşdırmaq arzusu nəticəsində Qubad bəyə qoyduğu “stavka” hesab etmək olarmı? Qubad bəy, qardaşı Vüqar Bayramovun iqtisadi proqnozları haqqında nə düşünür?” Vüqar bəyi də sizə qarşı kompramat kimi istifadə edirlər.

– Biz Azərbaycan Demokratik Rifah Hərəkatı (ADRH) olaraq, bu yanaşmalar da maraqlıdır. Bilirəm ki, eyni opponentlərdir.

– Yəni ziddiyyətli yanaşmalar var…

– Bəziləri deyirlər ki, ADR  niyə belə zəif təşkilatlanıb – onların təbirincə bizim fəaliyyətimizə kölgə salmaq istəyirlər, digərləri də bunun tam əksini – niyə bu qədər güclü təşkilatlandığını deyir və bunu ABŞ-ın müəyyən maraqları ilə əlaqələndirməyə çalışırlar.

– Bu mövzu ilə bağlı Emin Əfəndinin də bir sualı var: “Deyəsən, üzünə xaricdə yaxşı baxmayıblar…” Ona görə bayaq qeyd etdim ki, bu məsələdə ziddiyyətli yanaşmalar var…

– Həm də deyirlər ki, Amerikanın əli mənim çiynimdədir… Əvvəla deyim ki, ABŞ-da mənim çox yüksək səviyyədə təmsil olunan – həm dövlət orqanlarında, həm də beynəlxalq təşkilatlarda təmsil olunan dostlarım, münasibətdə olduğum şəxslər var. İndi onların hamısını eyni qrupda təmsil eləmək istəmirəm. ABŞ-da yaşayanda gördüm ki, həyatı və cəmiyyətdəki iştirakı ilə bağlı çox gözəl örnəklər var. Mən hesab edirəm ki, bu örnəklər Azərbaycanda da istifadə oluna bilər. Bu baxımdan hesab edirəm ki, ABŞ dünyada ən rahat, ən təhlükəsiz, sosial baxımdan ən təminatlı yaşayışı olan bir cəmiyyətin təntənəsidir. Çünki həqiqətən də burada insanlar  hüquqlarına, təhlükəsizliyinə və yaşayışına görə bizdən çox-çox fərqlənirlər. Hətta Avropadan da fərqlənirlər. Bu baxımdan, mən də istəyərdim ki, ölkəm elə olsun. Bunun üçün ABŞ-ı görmək və orada yaşamaq lazımdır. Əvəz bəy, mən ABŞ-da təxminən 10-15 dəfə səfərdə olmuşam, amma bu qədər müddətdə yaşamamışam. Adm yaşayanda çox şey görür. Adam orada uzun müddət yaşayanda hər şeyi görür, həkimini də, məktəbini də… Çünki lazım olduqca müraciət edirsən. Mən ora ailəmlə getmişdim və indi ailəmlə də qayıtmışam. Orada lazım gəldikcə polislə də təmasda olursan, bələdiyyə ilə də təmasda olursan… Yəni müxtəlif institutlarla təmasda olduqca görürsən ki, vəziyyət necədir?

1 ildə məni DYP 1 dəfə saxlamadı

DSC00024

– Orada da maşını “QAİ” – Dövlət Yol Patrul Xidmətinin əməkdaşları saxlayırlarmı?

– Yaxşı sualdır (Gülür…) Mən orada maşınla təmin olunmuşdum. Amma gedəndən gələnə kimi bir dəfə də olsun məni DYP əməkdaşları saxlamadı. Ona görə ki, yolların tənzimlənməsi ilə bağlı o qədər münbit və rahat idarəçilik sistemi yaradıblar ki, ümumiyyətlə, heç qayda pozulmur. Hesab edirəm ki, o da düşüncənin məhsuludur. İnsanın düşüncəsi, analitik təfəkkürü o qədər önə çıxıb, o qədər ilbəil bunu təkmilləşdirirlər ki, ideal bir prosesin təmin olunmasına nail olublar. Hətta istəsən də qaydanı poza bilmirsən. Belə deyək… Azərbaycan yollarında qarşıdan sol tərəfə dönmək istəyirsənsə – tez qayıtmaq üçün – və sola dönmək qadağası varsa, orada bu qadağa da yoxdur. Qaydalara əməl edərək də sola dönmək mümkündür. Çünki hər şey tənzimlənir. O baxımdan, ən rahat, ən təhlükəsiz hərəkəti təmin eləyiblər. Ona görə mən də heç qaydanı pozmadım, saxlamadılar da…

– Deməli, 1 il ərzində ABŞ-da maşın idarə elədiniz və sizi bir dəfə də olsun saxlamadılar?

– Yox, saxlamadılar. Mən maşını sənədsiz də sürə bilərdim.

– Bu möhtəşəm bir şeydir. Bakıda adamı heç olmasa bir dəfə DYP saxlamayanda axşamı rahat və xoşbəxt yatırsan. Çünki gün ərzində adam bu yollarda o qədər gərgin olur ki…

– Bir dəfə də saxlamadılar. Həm də ABŞ-da avtomobil əsas hərəkət vasitəsi deyil. Bəzən görürsən ki, biz gün ərzində 700-800 km yol gedirdik.  Eynilə səhəri gün də həmin yolu qayıdırdıq. Yollar çox rahat və geniş olduğu üçün avtomobillə adam yorulmur. O baxımdan, bir dəfə də olsun bizi yolumuzdan saxlayan yol polisinə rast gəlmədik.

Harada olmuşamsa, üzümə yaxşı baxıblar

– Bu mövzu mənə maraqlı gəldi. Bizdə məsələn, ana yollar adətən bir qədər rahar olar, amma bir balaca binaların arasına yaxınlaşırsan, yollar bərbadlaşır. ABŞ-da bu kriteriyalar var yollar üçün?

– Bütün yollar rahatdır. Magistral yollar isə daha genişdir və burada təhlükəsizlik parametrlərini təmin eləmək daha asandır. Ara yollar, hətta binaların arasındakı yolların hamısı asfaltlaşdırıldığı üçün hamısında o rahatlıq hiss olunur.

– Deməli, əslində “üzünüzə yaxşı baxıblar”…

– Əslində, harada olmuşamsa, üzümə yaxşı baxıblar. Həkimdə də olmuşam yaxşı baxıblar, məktəbdə də olmuşam yaxşı baxıblar.

– ABŞ-da Vaşinqtonda yaşadınız?

– İlk 6 ayı Vaşinqtonda yaşadım. Digər 6 ayı Tik Universitetinin yerləşdiyi Şimali Karolina ştatında  yaşamışam. O da Vaşinqtondan çox da uzaqda olmayıb. Lazım olanda gün ərzində gedib-qayıtmaq mümkündür.

– Sualımızın Vüqar bəylə bağlı hissəsi yarımçıq qaldı…

– Vüqar bəyin (Qardaşı iqtisadçı-sosioloq Vüqar Bayramov nəzərdə tutulur – Red.)Azərbaycandakı fəaliyyəti əsasən iqtisadiyyat və sosial məsələlərlə bağlıdır. Siz də bilirsiniz ki, o, siyasi fəaliyyətdən kənar bir şəxsdir. Bu gün də müstəqil fəaliyyət göstərir. Proqnoz məsələsinə gəlincə, bəzən mənim də verdiyim proqnozlar düz çıxmaya bilər. Baxmayaraq ki, mənə gələn rəylərə görə verdiyim proqnozların əksəriyyəti düz çıxıb.

Mən bilərəkdən səhv proqnoz verməmişəm

DSC00001

– M.Qisurinin belə bir sualı var ki, “Heç hökumətə dəstək verən yanlış proqnozlarınız olubmu?” Yəni bilərəkdən dəstək verən proqnozlarınız olubmu?

– Bu suala da cavab verərəm. Belə bir aforizm var, deyirlər ki, “əsl siyasətçi odur ki, əvvəlcə yanlış proqnoz versin, sonra da yanlış proqnozların səbəblərini sübut eləyə bilsin”. İqtisadiyyatda bu cür şeylər çox tez-tez olur. İki iqtisadçı yanaşı otura və bir məsələnin həllini müxtəlif cür proqnozlaşdıra bilərlər. Baxırsan ki, Vüqar bəylə mənim də bir iqtisadi məsələdə baxışlarımız, fikirlərimiz müxtəlif olur. Çünki iqtisadiyyatda ideologiyalar var. İqtisadiyyatda müəyyən nəzəriyyələr var. Ola bilsin, o, bir nəzəriyyəyə əsaslanıb bir cür proqnoz versin, ola bilsin ki, mən də başqa nəzəriyyəyə əsaslanıb, fərqli bir proqnoz verim. Müxtəlif nəzəriyyələr var. Məsələn, Keynesin makroiqtisadi nəzəriyyəsi var. Milton Fridmanın monetarizm nəzəriyyəsi var. Klassik nəzəriyyələr var və bunların hər birinə əsaslanaraq, çox müxtəlif nəticələrə gəlib çıxmaq olur. Bu baxımdan, hesab edirəm ki, Azərbaycanda hər hansı iqtisadi hadisəylə bağlı proqnoz vermək məsələsi çox çətindir. Məsələn, səhv etmirəmsə, prezident Almaniyada səfərdə olarkən demişdi ki, “biz gözləyirdik ki, post-neft dövrü Azərbaycana 15-20 ildən sonra gələcək”. Təsəvvür edirsinizmi, bu boyda dövlət, bu boyda strukturlarla, nazirliklərdəki strateji araşdırma və proqnozlaşdırma bölmələri ilə post-neft dövrünü 10-15 il bundan sonraya proqnozlaşdırır, amma biz hələ 15 il əvvəldən deyirdik ki, 2015-ci ildə artıq bu proses başlayacaq. Bundan bir qədər əvvəl də demişdik ki, bu proses artıq başlayıb. Həqiqətən də post-neft dövrü 2015-ci ilin əvvəlindən başlayıb. Mən bilərəkdən səhv proqnoz verməmişəm. Mən sadəcə olaraq bu proqnoz üçün olan əsasları təqib edib, qənaətə gəlib, fikirlərimi bölüşmüşəm. Çox vaxt da proqnozlarım özünü təsdiq edib. Amma ola bilər ki, hansısa hallarda bu proqnozlar özünü doğrultmasın və bu da bayaq qeyd etdiyim faktorların birinin, ikisinin baş verməməsi səbəbindən olur. Azərbaycanda indiki hakimiyyətin siyasətilə məşğul olan adamlar bilirlər ki, proqnoz vermək çox çətindir. Çünki Azərbaycan hakimiyyətinin gələcək fəaliyyətini proqnozlaşdırmaq demək olar ki, mümkün deyil. Hətta özləri də özlərinin yürütdükləri siyasəti bilə-bilə 15 il səhv və yanlış proqnozlar verirlərsə, indi görün biz nə qədər çətinliklər çəkirik.

– Azər Sarıyev soruşur: “Çox hörmətli Qubad bəyin son mesajının 2-ci hissəsi xüsusilə ürəyimcə oldu. Demokratik və Bütöv Azərbaycan uğrunda!” Birinci hissəni hamı deyir. İkincisi isə son vaxtlar unudulub. O baxımdan, gəlişigözəl sözlərdir, yoxsa Qubad bəyin hədəfində Böyük Azərbaycan da var?

– Azər bəyə təşəkkür edirəm. Mən Bütöv Azərbaycan məsələsini ABŞ-da olanda bir maraqlı şəxs kimi diqqətdə saxlamışam.

– Çox maraqlıdır. Deməli, siz Bütöv Azərbaycan məsələsini ABŞ-dakı görüşlərinizdə də diqqətdə saxlamısınız?

– Bəli. Mən prosesin içərisində olmamışam, amma ABŞ-da olanda gördüm ki, Azərbaycan məsələsinin böyük bir elementi də Bütöv Azərbaycan məsələsidir.

ABŞ-da Bütöv Azərbaycan məsələsi ilə maraqlanırlar

DSC00017

– Yəni Amerikada bu haqda fikirləşirlərmi?

– Mənim görüşlərimdə dəfələrlə Bütöv Azərbaycanla bağlı bizim baxışlarımız, bizim düşüncələrimiz öyrənilib. Eyni zamanda oradakı vəziyyətdən, onları məlumatlandırmaq üçün bizim əldə etdiyimiz informasiyaları bölüşmüşəm. Birləşmiş Ştatlarda olduğum dövrdə mənim bir qazancım da o oldu ki, – buna görə dostumuz Zaur Bayramlıya minnətdaram – mən Güney azərbaycanlıları ilə çox sıx təmasda oldum. Onlarla demək olar ki, həftədə bir neçə dəfə görüşürdük, hətta bazar günləri bir yerdə futbol da oynayırdıq. Onlar o azərbaycanlılar idilər ki, Güneydən mühacir statusu ilə ABŞ-a gəlmişdilər. Onlar öz ölkələrində təqib və təzyiqə məruz qalan adamlar idilər. Zindanlarda, həbslərdə müəyyən ömür verən adamlar idilər. Mən onların səmimiyyətinə inanırdım. Biz bu məsələdə təbii ki, səbirli olmalıyıq və tələsməli deyilik. Çünki bizim görüşlərimizdə də, müzakirələrimizdə də görünürdü ki, situasiya hələ bizim istədiyimiz səviyyədə hazır deyil. Bu istiqamətdə görüləsi işlər çoxdur.

– Amma mənim üçün də son dərəcə maraqlı bir informasiya oldu ki, artıq ABŞ-ın bəzi dairələri bu haqda düşünür…

– Çox yüksək səviyyədə olan adamları maraqlandıran bir məsələdir. Üstəlik, mən ABŞ-da olanda İran məsələsi də gündəmə gəldi: İrana qarşı qoyulan sanksiyaların aradan qaldırılması, İranda milli-mədəni muxtariyyatların, azadlıqların verilməsi məsələsi gündəmə gəldi. Bu baxımdan da İran mövzusu  – Güney Azərbaycan və Bütöv Azərbaycan mövzusu bizim müzakirələrimizin mövzusu oldu. Ümumiyyətlə, mənim ABŞ-a səfər dövrüm çox maraqlı bir dövrə təsadüf elədi – Prezident seçkiləri ilə bağlı yarışlar, təbliğat kampaniyaları başladı. Respublikaçılarla demokratlar arasında gedən çox maraqlı debatların iştirakçısı oldum. Ayrıca, mən eyni zamanda ABŞ seçki təcrübəsini də öyrəndim. ABŞ seçkilərində siyasi mədəniyyəti müzakirələrdə gördüm. Hətta bəzi müzakirələrdə özüm də iştirak eləmişəm. Həqiqətən, mənim üçün çox yaxşı məktəb oldu. Yalnız universitetdəki fəaliyyətimlə, ABŞ-dakı ictimai-siyasi görüşlərimlə deyil, həm də ABŞ-ın siyasi həyatından mən qazanclar əldə elədim.

İlk qadın, ilk yəhudi, ilk kanadalı, ilk ispandilli və sonuncu ABŞ prezidenti

– Yeri gəlmişkən, müşahidələrinizə əsaslanaraq ABŞ-da kimin prezident olacağını proqnozlaşdırırsınız?

– Çox düşündürücü sualdır. Çünki ABŞ-da bununla bağlı yaxşı bir cavab var. Deyirlər, “əgər Hillari Klinton prezident seçilərsə, bu, ilk qadın prezident olacaq, əgər Benri Sanders prezident seçilərsə, bu, ilk yəhudi prezidenti olacaq, əgər Ted Kruz prezident seçilərsə, o, ilk kanadalı prezident olacaq, əgər Maykl Blumberq  prezident seçilərsə, bu, ilk ispandilli prezident olacaq, əgər Donald Tramp  prezident seçilərsə, bu, axırıncı ABŞ prezidenti olacaq”. Bu, bir yumoristik yanaşmadır və çox populyardır. Amma ABŞ-da kimin prezident olmasından asılı olmayaraq Əvəz bəy, orada siyasət dəyişmir.

– Dövlət çarxı var…

– Orada iki mühüm institut var – ABŞ Konqresi və Dövlət Departamenti. İllərlə orada fəaliyyət göstərib, siyasət quranlar var. Onların siyasətini heç prezidentlər də, senatorlar da, konqresmenlər də dəyişə bilməzlər. Həqiqətən çox oturuşmuş bir sistemdir. Mən hesab etmirəm ki, hətta Tramp prezident olsa da, o, axırıncı ABŞ prezidenti olacaq. Baxmayaraq ki, onun siyasi baxışları nəinki məni, ABŞ-ın siyasi elitasını da qane eləmir. Çünki mən ABŞ elitasının apardığı bu müzakirələrdə də iştirak edirdim. Kənardan gələn bir şəxs olaraq, mənim də fikrimlə maraqlanırdılar. Prosesi necə qiymətləndirməyim, onlar üçün də maraqlı idi və Trampın uğurunun bir səbəbi var idi ki, bu, çox ciddi bir səbəbdir ki, Tramp başqasının maliyyə vəsaiti ilə prezident seçkilərinə qoşulmamışdı. O, öz maliyyə vəsaiti hesabına seçkilərə qatılıb. Ona görə də nə istəyirsə, onu da danışırdı. Amma maliyyə dəstəyini başqaları verəndə, namizədlər onların da fikrini dinləməli olurlar.

– Yəni maliyyə asılılığı yaranır.

– Bəli. Tramp müstəqil idi və eyni zamanda ABŞ cəmiyyətində miqrantlara ikili münasibətlər var. Biriləri hesab edirlər ki, ABŞ miqrantların ölkəsidir, ona görə də miqrantların ora yerləşməsini qadağan etmək məntiqsizdir. Bilirsiniz ki, ABŞ-da lotereya oyunları var və orada biri “green” – yaşıl kart udur və ABŞ-a gedir. Bu, ona istiqamətlənib ki, ABŞ-a yeni miqrantlar gəlsin və miqrant camiəsi yenilənsin. Onlar buna lotereya deyirlər, amma əslində bunda da bir seçim var. Azərbaycandan da ABŞ-a ildə 300-400 nəfər miqrant gedir və orada məskunlaşırlar. Amma mən inanmıram ki, Tramp hətta respublikaçıların qalibi olsa da, əsas seçkilərdə qalib olacaq. Düşünürəm ki, ABŞ-da növbəti dəfə də demokratların hakimiyyəti olacaq.

Hillari Klinton növbəti ABŞ prezident olacaq

DSC00003

– Yəni Hillari Klinton seçilə bilər?

– Klintonun şansı təcrübələrinə görə çoxdur. Benri Sandersin çox gözəl ideyaları var, amma Amerika cəmiyyəti üçün keçərli deyil. Benri Sanders sosializm dönəmində olduğu kimi hər şeyin pulsuz olmasının tərəfdarıdır, yəni pulsuz təhsilin, pulsuz səhiyyənin olmasının tərəfdarıdır. Düzdür,  Sanders gənc adamlar arasında daha çox populyardır. Çünki onlar da pulsuz, ödənişsiz təhsili dəstəkləyirlər. Ted Kruz və Maykl Blumberqə gəlincə isə, onlar çox monotondurlar və mən inanmıram ki, onlar səs çoxluğu qazanalar. İndiki şərtlərlə demokratların hakimiyyətdə qalması mümkündür.

– Hürrəm Süleymanova soruşur: “Qubad bəy, niyə sizi xaric təhsil almaq üçün göndərənləri sonralar axtarmadınız? Bilirəm ki, onun sosial durumu o qədər də yaxşı deyil. Amma hər halda insanlar yaxşılıqların əvəzini umur, xüsusilə də fizulililər…”

– Çox maraqlıdır. Çünki mən ümumiyyətlə, heç xaricdə təhsil almamışam. Mən Azərbaycanda təhsil almışam. Burada da İqtisad Universitetini bitirmişəm, burada da elmi işimi müdafiə eləmişəm.

– Bəlkə kiminləsə qarışdırırlar?

– Ola bilsin, kiminləsə qarışdırırlar. Sadəcə xaricdə müəyyən proqramların iştirakçısı olmuşam. O proqramlar da təhsillə bağlı olmayıb, təcrübə mübadiəsi proqramları olub. Onları da ayrı-ayrı təşkilatlar maliyyələşdiriblər. Ona görə də bu sual mənim üçün çox maraqlı gəldi. Hətta mən bu şəxsin nəyi nəzərdə tutduğu ilə də şəxsən maraqlanardım. Sonra əlaqə saxlayarıq.

– Elvin Əhmədov yazır: “Qubad bəy savadlı, intellektual ziyalıdır”. Mehman Əlibəyli yazır: “Hər ikiniz hörmətəlayiq adamlarsınız. Sualım yoxdur”… Əsəd Məmmədli deyir, “Qubad bəy, ölkəmizin gələcəyinə baxmağa ümidli olduğumuz bir-iki siyasətçilərdənsiniz. Sizə inanıram, güvənirəm. Tanrı yardımçınız olsun”.  Müsbət rəyləri də oxudum ki, hər zaman tənqid olmadığını da görəsiniz…

– Çox yaxşı oldu ki, həm də elə tənqidlər var. Cəmiyyətdə də bəzi fikirlər var, bu şəxslərin çoxu da sosial şəbəkələrdə fəaldırlar və bəziləri də mövcud reallıqları təhrif edirlər. Mən sizə çox-çox minnətdaram ki, siz belə sualları da verdiniz və biz buna aydınlıq gətirdik. Bu sualların hamısı cavablandırılmalı suallardır. Mənim imkanım yol vermir ki, bu sualların hamısını birdən cavablandırım. Siz sağ olun ki, buna şərait yaradırsınız.

– Bizim verilişin formatı da budur ki, insanlar yaranmış suallarına cavab ala bilsinlər.

– Çox sağ olun ki, bu sualların hamısına birlikdə cavablandırmaq imkanları var.

Milli Şuraya qoşulmaq nəzərdə tutulmayıb

– Siz sağ olun. Qubad bəy, Milli Şura ilə bağlı 2 sual var. Namiq Salam deyir: “2016-cı ildə ADR Milli Şuraya üzv ola bilər.” Vahid Qasımov soruşur, “Qubad bəy, bu gedişlə sizin məqsədinizə çatmağınıza 10 illərlə vaxt lazım olmayacaq ki? Milli Şuraya qoşulmaq niyyətində deyilsiniz ki? Milli Şuranın perspektivlərini necə görürsünüz?”

– Əvvəla, onu deyim ki, inteqrasiya məsələləri gərək ADR-in fəaliyyət proqramında da nəzərdə tutulsun. 2016-cı ilin fəaliyyət proqramında Milli Şuraya qoşulmaq nəzərdə tutulmayıb. Yəni burada söhbət ADR-in 31 yanvar 2015-ci ildə qəbul etdiyi fəaliyyət proqramından gedir.

– Siz illik proqramları nəzərdə tutursunuz?

– İllik fəaliyyət proqramını nəzərdə tuturam. Bu, hər ilin öz məsələsidir və hər situasiyanın öz tələbidir. Bu ilki fəaliyyətimizdə və hazırkı situasiyamızda bu, nəzərdə tutulmayıb, amma bu, o demək deyil ki, ümumiyyətlə, belə hallar istisna olunur. Mən Milli Şuranın fəaliyyətini izləyirəm və orada mənim bəyəndiyim və bəyənmədiyim məsələlər var. Orada mənim hörmət elədiyim kifayət qədər şəxslər var. Cəmil Həsənliyə də böyük hörmətim var. Milli Şuranın da Azərbaycanda siyasi fəaliyyətin məhdudlaşdırıldığı son bir neçə il içərisində əhəmiyyətini yüksək qiymətləndirirəm. Yeri gəlmişkən, mən Müsavat Partiyasında olanda, partiyanın Milli Şuradan çıxmasının əleyhinə olmuşam və hesab eləmişəm ki, Müsavat Partiyası ardıcıl bir siyasət yürütməli idi. Çünki 2014-cü ildə dekabr ayının sonunda biz Milli Şura ilə müzakirələrə getdik. O zaman qərar verildi ki, 2015-ci ilin yanvarında Müsavat Partiyası Milli Şuradan çıxsın. Görünür ki, biz onu o zaman proqramlaşdıra bilməmişik. Amma indiki fəaliyyətimizdə mən hesab edirəm ki, bu, proqramda olmalıdır. Əgər biz hansısa təşkilata gediriksə, bu, bizim üzvlərimizin iradəsi ilə olmalıdır, müzakirələrdən keçməlidir. Hansı təşkilatdan çıxırıqsa, o da mütləq müzakirə olunmalıdır. Yəni bir şəxsin istəyinə bağlı olmalı deyil.

Siyasi partiyaya çevrilmək məsələsi gündəmdə deyil

– 2016-cı ildə belə bir istək yoxdur?

– 2016-da yoxdur.

– Yeri gəlmişkən, 2018-ci ildə prezidentliyə namizədliyinizi irəli sürəcəksiniz?

– Biz hal-hazırda ictimai hərəkat formalaşdırmışıq və bu fəaliyyəti ictimai müstəvidə genişləndirmək niyyətindəyik. Bu baxımdan, əgər gələcəkdə belə bir siyasi formatda təşkilatlar yaranarsa və yaxud ADR siyasi partiyaya transformasiya olunarsa və belə bir təşəbbüs olarsa, mən onu zamanında mövcud şəraitə uyğun olaraq dəyərləndirəcəm. İndidən belə bir iddia, belə bir plan-proqramla fəaliyyət göstərmirəm. Hesab edirəm ki, indiki halda ən böyük faydamı bu ictimai hərəkat formatında verə bilərəm. Digər tərəfdən də qeyd edim ki, bizim siyasi partiyaya çevrilmək məsələmiz də gündəmdə deyil.

“Hakimiyyətin senarisi” iddiasını özüm üçün təhqir hesab edirəm

DSC00018

– Razi Nurullayevlə bağlı suallar var. Kamal Zeynallı Razi Nurullayevə münasibətinizi bilmək istəyir. Orxan Səlimzadə yazır: “Bəzi müsavatçılar hesab edirlər ki, Razi Nurullayev və Qubad İbadoğlu məsələsi hakimiyyətin eyni ssenarisidir. Bu ifadəni özünüz üçün təhqir bilirsinizmi? Hansı ki, “Razi məsələsi” hər kəsə aydındır. Qubad bəyi Razi Nurullayevlə müqayisə etmək ən azı vicdansızlıqdır. Mən Qubad bəyin fikrini öyrənmək istəyirəm…”

– Əvvəla, onu deyim ki, “hakimiyyətin ssenarisi” olmağı özüm üçün təhqir hesab edirəm və bu istiqamətdə deyilənlərin hamısını da təkzib edirəm. Fəaliyyətimizdə “hakimiyyətin ssenarisi” olmaq bizim heç fikrimizdə də olmayıb. Harada olmağımızdan asılı olmayaraq, hesab eləmişik ki, həyata keçirdiyimiz istənilən fəaliyyət, istənilən proqram bizim özümüzün qurduğumuz ssenari üzrə getməlidir və biz heç bir hakimiyyətdən, heç bir müxalif qüvvədən, heç bir xarici – beynəlxalq  güclərdən asılı olmalı deyilik. Biz çalışmalıyıq ki, təşkilatımızı müstəqil olaraq öz iradəmizlə formalaşdıraq və indi də o kontekstdə fəaliyyətimizi davam etdiririk. “Hakimiyyətin ssenarisi” olmaq mənim üçün demək olar ki, ən ucuz, ən aşağı verilən bir qiymət olardı və mən bunu təbii ki, indiki halda qəbuledilməz hesab edirəm. O ki qaldı konkret şəxslərə, onların fikirlərinə münasibət bildirmək daha asan olardı. Razi Nurullayev vətəndaş cəmiyyətində təmsil olunub və burada da çox müxtəlif fikirli adamlar var. Vətəndaş cəmiyyətinin elə gözəlliyi də ondan ibarətdir ki, müxtəlif fikirli yanaşmalar var. Razi Nurullayevin vətəndaş cəmiyyətindəki fəaliyyətində də mənim razılaşdığım və razılaşmadığım fikirlər olub.

Müsavat Partiyasını zəiflətmək heç bir zaman hədəf olmayıb

Açıq şəkildə də fikirlərimi ifadə eləmişəm. Bu paralelin aparılmasını da məqsədli addım hesab edirəm. Çünki bizim fəaliyyətimiz, indiyə qədər gördüyümüz işlər də onu göstərdi ki, bizim üçün Müsavat Partiyasını zəiflətmək heç bir zaman hədəf olmayıb. Mən bayaq da qeyd etdim ki, Daşnaksütyun nə qədər varsa, o qədər də Müsavat Partiyası var. Tək buna görə deyil, ümumiyyətlə, Müsavat Partiyasının zəifləməsində maraqlı olmamışıq. Heç bundan sonra da maraqlı deyilik. Müsavat Partiyasının bundan sonra güclənməsində lazım olarsa, ümumi dəstəyimizdən imtina edən deyilik. Çünki Müsavat Partiyasında kifayət qədər sağlam qüvvələr də var. Partiyada hamı eyni cür düşünmür, hamı prosesə eyni prizmadan baxıb qiymət vermir. İllərlə eyni yolda fəaliyyət göstərdiyimiz, müxtəlif dövrlərdə əziyyət çəkdiyimiz – 2003-2005-ci illərdəki repressiyalar dövründə çox çətinliklərlə üzləşdiyimiz, bir yerdə olduğumuz dostlarımız var.

– Yəni belə bir bənzətmənin və müqayisənin aparılmasını özünüzə rəva görmürsünüz?

– Bəli.

Manat ucuzlaşmağa məhkumdur

– Devalvasiya ilə bağlı iki sual var. Məlahət Qisuri soruşur ki, sonu görünməyən devalvasiyalarla hökumət hara qədər üzəcək? Sahibkarlara qarşı reket münasibəti olan bir ölkənin gələcəkdə güclü iqtisadiyyata malik olacağını gözləmək nə dərəcədə düzgündür? Oktay Eloğlu yazır: “Əvvəlcə Qubad bəyi salamlayıram. Əgər rejim heç bir antiböhran islahatı aparmasa, neçə aydan sonra defolt baş verə bilər? III devalvasiya təxminən nə vaxt baş verəcək?”

– Bütün suallara görə təşəkkür edirəm. Azərbaycan cəmiyyətini maraqlandıran çox vacib məsələlərə toxundunuz. Bu suallar da cəmiyyətin səviyyəsini, aktivlik dərəcəsini ifadə edir və suallardan da görünür ki, müxtəlif yanaşmalar var. Hamısına da hörmətlə yanaşıram və heç birinə qarşı da xüsusi bir iddiam yoxdur. Hesab edirəm ki, hər bir şəxs istədiyi sualı verməlidir və bu sualları da cavablandırmaq bizim borcumuzdur. Mütləq onları cavablandırmalıyıq. Heç bir zaman da heç bir sualdan qaçmaq niyyətim olmayıb. Devalvasiya nə vaxtadək davam edə bilər? Manatın gerçək məzənnəsi müəyyənləşənə qədər devalvasiya gedəcək. Biz hesablamalar aparırıq. Manat hal-hazırkı kursundan xeyli uzaqda olan bir gerçək məzənnəyə malikdir. Ona görə də manat ucuzlaşmağa məhkumdur.

– Tam sərbəstlik olarsa, manatın dəyəri nə qədər ola bilər?

– Ən azı indiki kursundan iki dəfə dəyərsiz olacaq. Bizim alıcılıq qabiliyyətlərinin prioritetləri əsasında  hesablamalarımız bundan xəbər verir. Bu, bir proqnoz deyil, sadəcə bir hesablamanın nəticəsidir. Bu, o zaman özünü doğruldacaq ki, tam reallaşma olsun və bazar institutları manatın tənzimlənməsində sərbəst iştirak edə bilsinlər.

Ölkədə cərimə iqtisadiyyatı yaradılıb – ildə 500 milyon manat cərimə!

– Deyirsiniz ki, manatın ucuzlaşması davam edəcək?

– Qısa müddətli dövrdə ola bilər ki, manat möhkəmlənsin. Amma orta və uzun müddət ərzində manatın ucuzlaşması davam edəcək. Bunun qarşısını almaq üçün Azərbaycan iqtisadiyyatının indiki durumu yetərli deyil. Sahibkarlığın inkişafına gəlincə… Yeni İnzibati Xətalar Məcəlləsi qəbul ediblər və əksər fəaliyyətlər üçün qadağalar, məhdudiyyətlər, cərimələr müəyyənləşdiriblər. Əslində, mən inkişaf etmiş ölkələrdə də gördüm ki, sahibkarlara azadlıqlar verəndə yeni təşəbbüslər olur və yeni nəticələr ortralığa qoyulur. Nəticədə sahibkar ölkə iqtisadiyyatına daha çox töhvə verə bilir. Bizdə isə əksinə, hər şeyə qadağa qoyulur və bu qadağalara görə də yüksək cərimələr tətbiq olunur. Sahibkarı vergi, prokuror, polis, hətta gömrük də cərimələyir. Elə bil ki, cərimə iqtisadiyyatı yaradılıb. Mən sizə deyim ki, bizim dövlət büdcəsinin formalaşmasında da cərimələrin kifayət qədər rolu var. İldə haradasa 500 milyon manata yaxın cərimə yığırlar.

Sahibkarlara qarşı reketçilik dayandırılmalıdır – vergi amnistiyası olmalıdır

– Bayaq qeyd etdiyimiz DYP 2015-ci ildə dövlət büdcəsinə vətəndaşlardan yığdıqları cərimələrlə 100 milyondan çox vəsait ödəyiblər.

– Bəli… Bəli… Kifayət qədər böyük cərimə iqtisadiyyatı formalaşıb. Bu isə tam yanlış yoldur. Cərimələrlə ölkə büdcəsini doldurmaq olmaz. Bu cərimələnmə sahibkarlıq fəaliyyətinin məhdudlaşması deməkdir. İnsan azadlıqlarının məhdudlaşması deməkdir. Hesab edirəm ki, cərimələrin yüksək olması və cərimə şəbəkəsinin genişlənməsi Azərbaycanda qısa müddətli dövrdə büdcəyə müəyyən məbləğdə vəsaitin gəlməsinə şərait yaratsa da, ümumilikdə Azərbaycan iqtisadiyyatının tamamilə çökməsində əhəmiyyətli rol oynaya bilər. Buna görə də mən ümumiyyətlə, sahibkarlara qarşı reketçiliyin dayandırılmasının tərəfdarıyam və dəfələrlə bu haqda fikirlərimi də bildirmişəm ki, əksinə, ölkədə vergi amnistiyası olmalıdır. Mən demirəm, maliyyə amnistiyası, vergi amtistiyası olmalıdır. Çünki çox böyük, külli miqdarda vergi cərimələrilə sahibkarlar sıxıntı içərisindədirlər, onların bir qisminin ölkədən çıxışına qadağa qoyulub, bir qisminin əmlakı müsadirə olunub, bir qismi həbsdədir. Bu cür yanaşma bütövlükdə onların fəaliyyətinin, Azərbaycan iqtisadiyyatına töhfəsinin məhv edilməsinə gətirib çıxaracaq.

ARDNŞ-in defolt olmaq təhlükəsi var

DSC00002

Azərbaycan iqtisadiyyatının nə zaman defolt vəziyyətinə düşəcəyinə gəlincə… Təbii ki, biz bunu arzulamırıq. Biz istəmərik ki, Azərbaycanda, eyni zamanda Yunanıstanda gedən proseslər yaşansın və oradakı kimi böyük borclanmalar Azərbaycan iqtisadiyyatını defolt vəziyyətinə gətirsin. Mən Azərbaycan iqtisadiyyatını həmişə tənqid etməmişəm, orada  müsbət olan tərəfləri də demişəm. Azərbaycan iqtisadiyyatının müsbət olan tərəflərindən biri də Azərbaycanda xarici borclanma səviyyəsinin aşağı olmasıdır. Düzdür, bunu birdən-birə artırmaq siyasəti görsənir. Xarici borclara müraciətlər çoxalıb, amma indiyə qədərki olan dövrdə bizim xarici borclarımız demək olar ki, ümumi daxili məhsuldan aşağı olub. Ona görə də bizim ölkə olaraq yaxın illərdə defolt olmaq təhlükəmiz yoxdur. Amma ayrı-ayrı şirkətlərin defolt olmaq təhlükəsi var. Onların içərisində ən böyük ehtimallar dövlət şirkətləri üçündür. O şirkətlər arasında ölkəni elektrik enerjisi, su ilə təmin edən, eyni zamanda qaz verən, digər kommunal xidmətlər göstərən şirkətlər var. Onlar kifayət qədər borcalmalara gediblər. O cümlədən də Azərbaycan Dövlət Neft Şirkəti…

– Yəni bunlar defolt ola bilər?

– Bəli…

Qrantı da hər adama vermirlər

– Vüqar Aslan yazır ki, “Qubad bəyi “qrant atası” adlandıranlar var. Deyilənlərə görə 10 ildə 10 milyon qrant alıb. O qrantlardan xeyriyyə işlərinə sərf edibmi?”

– Düz deyir. Mən Azərbaycanda vətəndaş cəmiyyətində öz fəaliyyətimlə xarici donorlarla və beynəlxalq təşkilatlarla əməkdaşlıq edən bir mərkəzə rəhbərlik eləmişəm. Amma 10 ildə 10 milyon almamışıq. Biz əsasən, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Koalisiyanın və Milli Büdcə Qrupunun operatoru olmuşuq. Bu baxımdan, həmin təşkilatların qeydiyyatı olmadığına görə, bizim də maliyyə-mühasibat sənədlərimiz daha çox etibar qazandığına görə, həmişə çalışıblar ki, İqtisadi Tədqiqatlar Mərkəzi maliyyə operatoru olsun. Ona görə də ola bilsin ki, bizim dövriyyəmiz, QHT-lərin orta dövriyyəsindən yuxarı olub. Amma orada da bayaq qeyd edilən səviyyədə qrantlardan söhbət getmir. Hansı qrantlar alınıbsa, hamısı Ədliyyə Nazirliyindən – dövlət qeydiyyatından keçirilib, bütün hesabatları da verilib. Bu gün hətta fəaliyyətimizi dayandırmışıq, yenə də hesabat veririk. Çünki Azərbaycan qanunvericiliyinə əməl eləməklə həmişə fəaliyyətimizi qurmuşuq və bunu da özümüzün borcumuz hesab eləmişik. Bilirsinizmi, Əvəz bəy, qrantı da hər adama vermirlər. Adamların yaxşı oğlan olmasına görə və yaxud da onlarla yaxşı münasibətdə olmalarına görə də qrantlar verilmir. Qrant vermək üçün ağıllı və inandırıcı layihə yazmalısan. Bu, birinci şərtdir. Sənin layihən həm də yeni və innovativ olmalıdır. Eyni zamanda sənin layihən inandırıcı olmalıdır ki, Azərbaycan gerçəkliyində həyata keçirmək mümkün olsun. İkinci göstərici ondan ibarətdir ki, qrant verən təşkilatın ciddi maliyyə-mühasibat hesabatı olmalıdır ki, sabah o layihələr üzrə proqramlar üzrə həm maliyyə, həm də mühasibat hesabatlarını təmin edə bilsin. Üçüncüsü isə, o vəsaitləri ayırmazdan əvvəl etibar eləməlidirlər. Qrantlar da proqram çərçivəsində verilir. Ona görə, mən istəsəm də o qrantlardan xeyriyyə məqsədləri üçün istifadə edə bilməzdim. Amma bizim bütün qrantlarımız elə xeyriyyə məqsədli olub. Çünki əgər biz qrant çərçivəsində mənfəət əldə eləmiriksə, biz onu Azərbaycan iqtisadiyyatının müxtəlif problemlərinin müzakirə olunmasına sərf eləmişik. Məsələn, “Güzgü statistikası” metodologiyası var. Onu ilk dəfə Azərbaycana mən gətirmişəm. Metodologiya üzrə idxal əməliyyatlarının əsasında hesablamışam ki, nə qədər dövriyyədən vəsait gizlənilir, nə qədər ondan dövlət büdcəsinə vəsait çatmır. Yəni gizli iqtisadiyyatın səviyyəsini Azərbaycanda demək olar ki, ardıcıl olaraq, ilk dəfə biz ölçmüşük və onu eləmək üçün çox ciddi tədqiqatlara ehtiyac var. Bunun üçün müəyyən komanda işləməlidir, müəyyən maliyyə olmalıdır. Bu baxımdan, demək istəyirəm ki, kifayət qədər əhəmiyyətli nəşrlərimiz, tapıntılarımız olub. Eyni zamanda hesablamalarımız olub. Biz Azərbaycanda alternativ yolla, yeni metodologiya vasitəsilə inflyasiyanı hesablayırdıq. Dövlət Statistika Komitəsi ilə bizim hesablamalarımız arasında nə qədər fərq çıxırdı. Sonradan Statistika Komitəsi də öz hesablamalarını bzimkilərə yaxınlaşdırdı. 2006-2008-ci illərdən söhbət gedir. O vaxt da rəsmi olaraq inflyasiya səviyyəsi 7.8 faiz idi. Nəyə görə? Çünki İqtisadi Tədqiqat Mərkəzinin alternativ hesablaması vardı. Belə faydalı şeylər olub. 20.8 faizlə pensiyalar indeksləşməyə başladı. Bizim layihə olmasaydı, yəqin ki, 5-10 faiz inflyasiya elan edəcəkdilər və pensiyaların dəyərləndirilməsi də o səviyyədə həyata keçiriləcəkdi.

– Belə çıxır ki, Dövlət Statistika Komitəsinin öz işini yenidən təşkil eləməsində sizin də rolunuz olub?..

– Olub təbii ki… Kifayət qədər təsirlərimiz olub. Dövlətin iqtisadiyyat sahəsində həyata keçirdiyi siyasət nəticəsində orqanların əksəriyyəti bizim tədqiqatlarımızdan bəhrələnib. Eyni zamanda məcbur olub ki, öz siyasətində düzəliş eləsin. Çünki biliblər ki, bizim alternativlərimiz var. İndi isə çox təəssüflər olsun ki, o alternativləri biz yarada bilmirik. Bu baxımdan, hesab edirəm ki, tək “qrant atası” yox, öz işinin mütəxəssisi olmaq üçün bunları bilmək lazımdır. Bunları bilməyən adam iqtisadiyyat sektorunda önə çıxa bilmir. Mən harada fəaliyyət göstərməyimdən asılı olmayaraq – istər universitetdə, istərsə ictimai sektorda, istərsə də siyasi partiyada – hər zaman çalışmışam ki, daim öz üzərimdə işləyim, yenilikləri öyrənim və son nəticədə də görmüşəm ki, bununla başqalarından fərqlənmişəm.

REAL-la gələcəkdə rəqib ola bilərik

SAM_0243

– Qubad bəy, məxsusən sizin ABŞ-a səfərinizdən sonra Azərbaycan cəmiyyətində siyasi diskussiyalar hər zaman davam edib. İlqar Məmmədov həbsdən prezidentliyə namizədliyini irəli sürdü. O, “Qərbin adamı” olaraq çox ciddi dəstək görür. Cəmiyyətdə sizə də “Qərbin adamı” kimi baxırlar. Son hadisələrdə də Azərbaycan siyasi hakimiyyətinin Qərbin dəsti-xəttini, yolunu götürdüyü aydın olur. Hətta müəyyən analizlər var ki, bir müddət sonra ənənəvi müxalifət gedəcək və onun yerinə siz və İlqar Məmmədov kimi qərbyönümlü insanlar gələcək. Bu məsələyə necə baxırsınız? Ümumiyyətlə, REAL-la münasibətləriniz necədir? Əməkdaşlıq imkanlarınız necədir? Nə vaxtsa onlarla rəqabət şəraitində olacaqsınız yoxsa? Bütün bunlar haqqında nə düşünürsünüz?

– Münasibətlər təşkilat səviyyəsində qurulmayıb. REAL və ADR olaraq aramızda imzalanan bir saziş və yaxud da götürdüyümüz bir öhdəlik yoxdur. Münasibətlər sistemi də yaratmamışıq. Yəni o münasibətlər sistemində münasibətlərimiz yoxdur, amma fərdi müstəvidə çox yaxşı münasibətlərimiz var. Çünki REAL-da təmsil olunanların bir qrupu iqtisadçılardır, hüquqşünaslardır. Biz ADR-i yaratmamışdan, onlar da REAL-ı yaratmamışdan əvvəl münasibətlərimiz illərdir ki var və davam edir və çox yaxşı əlaqələrimiz formalaşıb. Onların bəziləri ilə Müsavat Partiyasında da olmuşam. Onlar məndən bir az əvvəl Müsavat Partiyasını tərk ediblər. Hesab edirəm ki, mən Müsavat Partiyasını tərk etməmişəm və Müsavat Partiyasında üzvlükdən çıxarılmışam. Yəni demək istədiyim odur ki, REAL-la münasibətlərimiz çox xoşdur və nəzərə alsaq ki, İlqar Məmmədov bu gün həbsdədir, onunla bizim Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsində birgə fəaliyyətimiz və əməkdaşlığımız olub. Biz eyni məqsədlər üçün çalışmışıq və indi də bizim məqsədlərimiz, bizim baxışlarımız, bizim düşüncələrimiz arasında elə ciddi fərq yoxdur. Biz REAL-ın proqramları ilə tanışıq, onların fəaliyyətini izləyirik. Onların siyasi partiyaya çevrilmə prosesindəki təşəbbüslərini müşahidə edirik və hesab edirik ki, bu hərəkatın güclənməsi bütövlükdə bizim hədəflərimizə tez çatmağımızda rol oynaya bilər və bizim maraqlarımıza uyğundur. Biz həqiqətən elə bir ciddi rəqabət də aparmırıq. Amma hər şey situasiyadan asılıdır. Ola bilər ki, gələcəkdə biz rəqabətdə də olaq. Ola bilər, gələcəkdə eyni müstəvidə fəaliyyət göstərək. Amma indiki halda mən hesab edirəm ki, hər iki təşkilat formalaşma dövründədir. Yəni təşkilatlanma işi bizdə də başa çatmayıb. Bu proses başa çatmalıdır və başa çatandan sonra biz o məsələləri müzakirə eləyib, o istiqamətdə əməkdaşlığı nəzərdən keçirə bilərik. İndi REAL və ADR nə Müsavat, nə də AXCP-dir. Müsavat Partiyasının 105 yaşı var, AXCP-nin 26 yaşı var. REAL-ın 5, bizim hərəkatın isə 1 yaşı var.

Təşkilatlanma üçün bu il son ilimizdir

– Ən cavanı sizsiniz…

– Ən cavanı bizik. Hesab edirik ki, orada olduğu kimi bizdə də təşkilatlanma işi başa çatmadığından bu məsələlər, bu müzakirələr təşkilatlanmanı başa çatdırandan sonra gündəmə gələ bilər. Mən sizə deyim ki, təşkilatlanma üçün bu il son ilimizdir. Bu il biz ADR olaraq, Azərbaycanın əksər inzibati ərazilərində strukturlarımızı yaradacağıq. Artıq yarısından çoxunda bu var. Amma əsas işimizi bu il başa çatdıracağıq. Proses davam edəcək. Hesab edirəm ki, bu il ərzində REAL da transformasiya işini başa çatdırar. İndiki halda isə mən gözləməyin tərəfindəyəm. Həm də inanıram ki, tezliklə İlqar bəy də azadlığa çıxacaq, REAL daha da güclənəcək və REAL-la bizim başladığımız hər iki təşkilatın təşkilatlanma prosesi də tezliklə yekunlaşacaq. Biz artıq təşkilatlanmış bir hərəkatın təmsilçisi olaraq belə müzakirələrə başlayacağıq.

– Təşəkkür edirəm. Çox sağ olun.

SON

Xural.com

Əlaqəli məqalələr

1 şərh

  1. “Bütöv Azərbaycan” məsələsinə fikir bildirmək istədim. Məncə geniş fikirləşəm rəhbər- ya da lider ölkəmiz də bu məsələni açıb ağartmaz. Tarixən böyük xalq ayrı düşmüş kiçik parası ilə birləşməyə çalışır. Uzağa getməyək başımıza gələn”Qarabağ” faciəsini də Ermənistan firitdəmişdi Çin də tayvanç Rusiya Krımı Bu məntiqinən iran öz Azərbaycan məsələsin qabartmaqda özünü haqlı sayar. Könüllülərdə yarana bilər. Məncə bu məsələdə ən yaxşısı susmamızdır Əvvəldən ayrılmamış olsaydıq bu günkü iranlı olmaq istəməzdim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button