Qubad İbadoğlu yazır: “Azərbaycanın MSŞT-də fəaliyyəti dayandırıldı”

Qubad İbadoğlu, Boqota, Kolumbiya
MSŞT üzrə beynəlxalq idarə heyətində Avrasiya regionun nümayəndəsi

Bu qərar islahatlara yeni imkanlar yarada bilər

Kolumbiyada Azərbaycanla bağlı müzakirəyə yekun vuruldu və MSŞT üzrə beynəlxalq İdarə Heyəti belə qərara gəldi ki, Azərbaycan höküməti İdarə Heyətinin 35-ci iclasında qəbul edilən islahedici tədbirlər planını tam yerinə yetirməyib. Nəticədə Azərbaycanın Mədən sənayesində şəffaflıq təşəbübsündəki (MSŞT) fəaliyyəti dayandırıldı. Əslində indiyə qədər baş verənlər Azərbaycanla bağlı belə bir qərarın qəbulu üçün ciddi əsaslar yaratmışdı. Hələ Astana toplantısında qəbul edilmiş sadə və ölçüləbilən 3 tələbi yerinə yetirməyən Azərbaycan hakimiyyəti bu qərardan qaça bilməzdi. Çünki MSŞT standartları və tələbləri bundan başqa alternativ göstərmirdi. Beynəlxalq Katibliyinin qiymətlərnirmə hesabatında, kənar hüquqi təhlillərdə və fevralın 15-16-da Ottavada keçirilən qiymətləndirmə komitəsinin toplantısında İdarə Həyətinə ünvanlanan tövsiyə yalnız 1 variantdan ibarət idi: Azərbaycanın fəaliyyəti dayandırılsın.
Bunu başa düşən hökümətin vətəndaş cəmiyyəti üzvlərini səfərbər etməklə təşkil etdiyi imzalanma kampaniyası da əbəs idi. Çünki ortalıqda ölçüləbilən və icra olunmayan 3 tələb var idi. Müzakirələrdə də QHT Koalisiyasından gələn məktublar deyil, islahedici tədbirlər planının icrasına dair beynəlxalq katibliyin qiymətləndirmə hesabatı və bu sənədin hüquqi təhlilinə dair müstəqil ekspertlərin icmalları əsas götürüldü və MSŞT standatlarına uyğun qərar qəbul edildi. Hətta bu qərarla Azərbaycana yeni tələblər belə qoyulmadı, çünki Astana toplantısında qəbul edilən islahedici tədbirlər planı hələ də icra olunmayıb.
Bundan sonra Azərbaycan hökümətinin reaksiyası maraqlı olacaq. Hesab edirəm ki, MSŞT kimi nüfuzlu təşkilatdan çıxma daha böyük fəsadlar verə bilər. Odur ki, Azərbaycan höküməti MSŞT-də qalmalı və islahatları davam etdirməlidir. Əks təqdirdə bu təşəbbüsü tərk etmək ölkədə onsuz da pis olan investisiya mühitini daha da pisləşdirə, ölkənin və mədən sənayesində fəaliyyət göstərən əsasən də milli şirkətlərin kredit reytinqini aşağı sala, beynəlxalq maliyyə kredit təşkilatlarından borc almaq işini çətinləşdirə və borca xidmət xərclərini artıra bilər. Bunlar birbaşa təsirlərdir. Çox şübhəsiz ki, şəffaflıq təşəbbüsündən kənarda qalmaq həm digər vacib göstəricilərə korrupsiya qavrama indeksinə, açıq büdcə indeksinə, yaxşı idarəetmə göstəricilərinə və eyni zamanda da Azərbaycanın Açıq Hökümət Tərəfdaşlığı təşəbbüsünə neqtiv təsir göstərə bilər. Unutmayaq ki, mayın 4-də Açıq Hökümət Tərəfdaşlığı təşəbbüsündə Azərbaycanın qeyri-fəal üzvlüyə salınmasının 1 ili başa çatır. Odur ki, bu təşkilat iyun ayında rəhbər komitənin toplantısında Azərbaycanla bağlı müzakirirələr aparacaq. Belə bir vəziyyətdə Azərbaycan hakimiyyəti emosional qərarlar verməli deyil, islahatlara başlamalıdır. Hesab edirəm ki, ən düzgün yol budur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button