Qüdrət Həsənquliyev Şirin Cəfəriyə qarşı haqsızlıqdan danışdı

“Korrupsiya ilə mübarizə sahəsində Türkiyədən bizim öyrənəcəyimiz çox şey var”

 

Milli Məclisdə hökumətin hesabatı ilə bağlı müzakirələr davam edir.  Deputat Musa Qasımlı çıxışında nəqliyyat sistemində islahatların aparılmasını istəyib, xəstəxanalardakı xoçagəlməz halların qarşısının alınmasını səhiyyə nazirindən xahiş edib. Daha sonra isə o, seçildiyi Yardımlı rayonunda görülən işlərdən danışıb. Eyni zamanda problemlərdən də bəhs edib. M.Qasımlı Yardımlının – Alar, Arvana, Ostair və digər sərhəd kəndlərində  ATS-lərin quraşdırılmamasının ciddi problem yaratdığını vurğulayıb. Bundan sonra rabitə və informasiya nazirindən Yardımlı və Masallı rayonlarının kəndlərində ATS-lərin quraşdırılmasını istəyib. O, eyni zamanda sərhəd kəndi olan Alar kəndinə gedən, hələ 60-cı illərdə çəkilmiş elektrik xətlərinin və çürümüş dirəklərinin dəyişdirilməsini “Azərelektrikşəbəkə” rəhbərliyindən xahiş edib.
“İslahatlar kompleks xarakteri daşımayacaqsa, gözlədiyimizi ala bilməyəcəyik”. Bu sözləri isə deputat Qüdrət Həsənquliyev deyib. O, məhkəmə-hüquq sistemindəki probemlərdən bəhs edib: “İnsanlar əmin olmalıdır ki, onların ölkəyə qoyduğu investisiya qanunla qorunur. Amma bəzi hallarda məhkəmə qəraları qüvvəyə minir, onun möhürü qurumamış iscraçılar hərəkətə keçir. Bir kasıbın, yetimin barəsində məhkəmə qətnamələri dərhal icraya yönəldildiyi halda, bir sıra hallarda məhkəmə qərarları aylarla icra olunmamış qalır”. Konkret bir şirkətlə bağlı çıxarılan məhkəmə qərarının uzun müddətdir icra olunmadığını xatırladan deputat iclasda iştirak edən ədliyyə naziri Fikrət Məmmədova şəxsən xitab edib: “Fikrət müəllim, xalqı hökumətdən, prezidentdən narazı salan ən ciddi sahələrdən də biri budur. Biz qanunun aliliyini təmin edə bilməyəcəyimiz halda heç bir halda ölkəyə ciddi investisiya qoyuluşuna nail ola bilməyəcəyik. İllərlə insanlar məhkəmə qapılarında qalır. Məhkəmə qərarlarının seçmə üsulu ilə icra olunmasına yol vermək olmaz. Bəzi vicdansız sahibkarlar bankların pulunu ödəmirlər. Bəzi vəkillər də onlara vicdansız üsulla dəstək olurlar. Deyirlər ki, gəlin ərizə yazın, şikayət edək və məhkəmələrdə uzatmaqla bu məsələnin həllini gecikdirək. Nəticədə banklar pulsuz qalır. Qanunvericilikdə məhkəmələrin bu işi ilə bağlı təkmilləşmə aparılmalıdır”.
Q.Həsənquliyev “Gündəm xəbər” qəzetinin baş redaktoru ilə bağlı məhkəmə prosesində də haqsızlıq olduğunu qeyd edib və baş redaktoru 4 il həbs gözlədiyini bildirib. Deputat deyib ki, məhkəmə qərarının mürəkkəbi qurumamış icraçılar onun başının üstünü kəsiblər.
BAXCP sədri daha sonra Türkiyədə baş verən terror səbəbindən R.T.Ərdoğanın Bakıya gələ bilməməsinin qarşılığında Azərbaycan prezidentinin qardaş ölkəyə səfər etməsinə də müsbət münasibət bildirib: “Ankaradakı terrorun ardınca prezident İlham Əliyevin Türkiyəyə səfər etməsii əsl kişiyana jestdir. Bunu alqışlamalıyıq”. Deputat əlavə edib ki, korrupsiya ilə mübarizə sahəsində böyük uğurlar əldə edən Türkiyədən bizim öyrənəcəyimiz çox şey var: “Təhlükəsizliyin təmin olunması məsələlərində də Türkiyənin bizdən öyrənməli çox şeylər var”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button