Rəngimi itirmişəm-ŞEİR

Elşən İsmayıl

Yazar və Rejissor

 

Gözlərinin rənginə,

Saçlarının ahənginə,

Varlığının tümünə

Aşiq oldum, bir dənəm…

Sənsiz yoxam, bilginən.

Elə bil ki bitmişəm,

Bu rəngli dünyada mən

Rəngimi itirmişəm…

Rəngimi itirmişəm…

 

***

 

Solub bənizim mənim,

Donub dənizim mənim,

Sənsiz tənha sahildə

Qalmışam, üşüyürəm…

Yaşamıram dünyada,

Sanki çoxdan getmişəm.

Sənsiz bu qısa ömrü

Vallahi bitirmişəm…

Artıq rəngsiz tabloyam,

Rəngimi itirmişəm…

Rəngimi itirmişəm…

 

***

 

Susma! Bir şey söylə, gəl!

Sənsiz bu qaranlığı

Varlığınla dağıt, dəl!

Gör ki, neçə zamandır

Açılıbdı iki əl

Sənə doğru, mələyim…

Sən olmusan gərəyim.

Ölüm belə sənsiz

Artıq gəlmək istəmir.

Gəl, bitir bu əzabı…

Kağız-qələm içində

Deyəsən mən itmişəm,

Rəngimi itirmişəm…

Rəngimi itirmişəm…

 

***

 

Duyğularım sönməyib,

Qorxma, heç nə ölməyib.

Sadəcə sənsizlik,

Bir də “sən” deyə

Ümidim var mənim…

İstəmirəm ayrılım

Sənlə dolu dünyadan,

Sənsizliklə boğulum

Bu dərin “dəryada”…

Sənsiz heç nə yoxdu

Sezmişəm.

Sənsizlikdən bezmişəm…

Daha göy qurşağı da

Deyir ki, rənglərimi

İtirmişəm.

Mən də ona qoşulub

Söyləyirəm:

Rəngimi itirmişəm…

Rəngimi itirmişəm…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button