“Rəqiblə zarafat edəndə hakim futbolçunu 9 illik meydandan uzaqlaşdırır” – FOTO

24.02.2015

“Rəqiblə zarafat edəndə hakim futbolçunu 9 illik meydandan uzaqlaşdırır” - FutQOLaktika

Əvəz Zeynallı: “Bərabər şəkildə, hamı üçün eyni olan qaydalar çərçivəsində oynamaq istəyirik” 

– Futbola, meydana üç il kənardan baxmaq imkanı oldu. İndi cəza müddəti başa çatıb. Ancaq hələ də oyunları monitor qarşısından izləməkdədir. Niyə? Nədən oynamır? Onu komandasında görmək istəyən baş məşqçi yoxdur?

Əvəz Zeynallıyla “pəncərə”ləri dəmir barmaqlıqları xatırladan balaca çay evində – mağarda görüşüb söhbətimizə başladıq. Qaranlıq məqamlara və aydın olmayan məsələlərə işıq salmağa çalışdıq…
Onun böyük meydanlara çıxmazdan öncəki hazırlıqlarıyla “FutQOLaktika”da tanış olun…
– Əvəz bəy, 3 illik oyundan diskvalifikasiya edildiniz. Kənardan futbola baxmaq imkanınız oldu?
– Meydandan zorən uzaqlaşdırılanda oyuna tamaşa etmək məcburiyyətində qalırsan. Başqa nə iş ola bilər ki?!
– Belə fikir də var ki, sizi oyun qaydalarını çox kobud şəkildə pozduğunuza görə cəzalandırdılar…
– Heç kimlə oyun qaydaları müəyyənləşdirməmişdim. Kiminsə qarşısında öhdəlik götürmədiyim üçün heç nəyi də pozmamışam. Əslində, mən cəzalandırılmadım. Maraqlı bir deyim var: bükə bilmədiyin biləyi öpməlisən. Məni meydandan uzaqlaşdıranlar bükə bilmədikləri biləyimi öpmək əvəzinə, qırdılar.
– İndi daha ehtiyatlı davranacaqsız, yoxsa yenə sərt oynayacaqsız?
 
– Mən hər zaman ehtiyatlı davranmışam. Həmişəki kimi qayda-qanunlara uyğun oynayacağam. Bəlkə əvvəlki fəaliyyətdən fərqli bir az daha peşəkarlıq olsun. Nə etmişəm ki, buna görə ehtiyatlı davranım?
– Yenidən qırmızı vərəqə almaq ehtimalını nəzərdə tuturuq…
– Bəzən elə olur ki, sarı vərəqəsi olan futbolçu qol vuranda köynəyini çıxardır. Bu zaman ikinci dəfə cəzalandırılaraq meydandan uzaqlaşdırılır. Ancaq yenə də bu onu qorxutmur. Çünki sevinc hissi daha güclüdür. Bizim ölkədə qırmızı vərəqəni təkcə futbol sahələrində yox, hər zaman – lap elə çayxanada çay içəndə də ala bilərsən.
– Qırmızı vərəqə almamaq üçün bəlkə hakimlərlə dostlaşasız?
– Hakim ədalətsizdirsə, sifarişlə və haqsız yerə qırmızı vərəqə göstərirsə, onunla necə dostlaşa bilərəm? Bir də, öz oyunumu oynayıram və yaxşı və yaxud pisdirsə onun dostluğu mənim nəyimə lazımdır? Hakim öz qaydalarına riayət eləsin, bu, yetər. Əzraildən bala istəmirəm…
– Formada qalmaq üçün məşq edirsiz?
– Məşqimi heç dayandırmamışam. Oyunları kənardan seyr edərkən də boş oturmadım. Formadan düşməmişəm. Əvvəlki kimi oynaya biləcəm.
– Futbol zarafatı xoşlayır?
– Azərbaycanda heç kəs zarafatı xoşlamır.
– Bundan sonra zarafat etməyəcəksiz? Azarkeşlər meydanda tam ciddi oyunçu görəcəklər?
– Mən çox zarafatcıl adamam. İnanmıram bu xasiyyətimdən imtina edəm. Sadəcə, ölkə bunu xoşlamır. Biz elə bir rəqiblə üz-üzəyik ki, zarafat edəndə hakim sifarişlə adamı 9 illik meydandan uzaqlaşdırır.
– Ayaqla oynamağa imkan vermirlərsə, bəlkə voleybola keçəsiz?
– Ədalətsizlik varsa, istəyirsən voleybola, istəyirsən basketbola keç, səni oynamağa qoymayacaqlar. Ona görə də sahəmi və peşəmi dəyişdirmək niyyətim yoxdur. Bundan sonra məndən voleybol oynayan çıxmaz. Yaxşısı budur, Əvəz Zeynallını satanlar və üzünə durub qırmızı vərəqəni göstərilməsinə yardımçı olanlar sahələrini dəyişdirsinlər…
– Üç illik meydandan kənarlaşmağınızda vasitəçi olan futbolçularla üz-üzə gəlsəniz onlara nə deyərsiz?
– Onlara heç nə demək fikrim yoxdur. Madam ki, futbol meydançasına daxil oldular, ədalətsiz hakimlərin səyi ilə üzümə durdular, deməli, bu meydanda sona qədər qalmağa məcburdurlar. Oyunun əsas hissəsi 90 dəqiqədir və onun sadəcə 30 dəqiqəsi bitib. Hələ qarşıda 60 dəqiqə var və mənim aramsız qollarımı görəcəklər. Mümkündür ki, hər dəqiqəyə bir zərbə qapı torunu silkələsin. Onlara sözüm yalnız əməldə və meydanda olacaq…
– Bundan sonra 90 dəqiqə meydanda oynamağa gücünüz çatacaq?
– Heç-heçə olarsa, əlavə 30 dəqiqədə də top qova bilərəm. Özümü 120 dəqiqəyə hazır sayıram. Ancaq qaydalar gərək ədalətli, şəffaf, təmiz olsun.
– Ən yaxşı müdafiə hücumdur deyirlər… 
– Heç zaman müdafiədə olmamışam, həmişə hücumda oynamışam. Meydandan kənarlaşdırılanda da bu mövqedə idim. Cəzalı duruma düşəndə belə, irəliyə atılmışam. Meydanın hansı hissəsində top qovmaq futbolçunun xarakterinə bağlıdır. Əvəz Zeynallı müdafiə adamı deyil.
– Sizi yenə hücumda görəcəyik?
– Əgər buna siz hücum deyirsizsə, elə olacaq. Mən heç bir zaman haqqımın yeyilməsinə, ədalətsizliyin olmasına imkan vermərəm. Necə ola bilər ki, heç bir perspektivi olmayan komandaya böyük pullar ayrılsın, ancaq “Azadlıq”a yardım kəsilsin?
– Stalin deyir ki, bir adamın ölümü faciə, min insanın qətli statistikadır. Bəs, Əvəz Zeynallının üç il meydandan uzaqlaşdırılması nədir? Faciə, yoxsa statistika? 
– Böyük mənada nə faciə, nə də statistikadır. İstirahət, mütaliə etməkdir. Ailəm, yaxınlarım üçün faciədi, rəqib komandanın oyunçuları, üzümə duran futbolçular üçün bu bir statistika idi. Ancaq özümü yetişdirdim. Bu, mənim üçün məcburi məzuniyyət oldu.
– Futbolçu dostlarınızdan razısız?
 
 
– Böyük əksəriyyəti öz oyunçu yoldaşlarını satdılar. Rəqib komandayla danışığa getdilər, məni ürəkdən müdafiə etmədilər. Futbolçu dostlarımın hamısı Əvəz Zeynallının işinə statistika kimi yanaşdı.
– Rəqib oyunçular irəli çıxaraq sizi yenə “ofsayt”a sala bilərlər?
– Bu ədalətsiz düzən zatən onları irəli çıxarıb. Bizi qırmızı vərəqəylə oyundan kənarlaşdıranlar meydana yerimizə yeni futbolçular da buraxmayıblar. Qapımızı məcburən boş qoyublar və ədalətsizcəsinə topları doldurublar. Zatən hələ də ofsayddayıq. Mübarizə də bu məqamda gedir. Bərabər şəkildə, hamı üçün eyni olan qaydalar çərçivəsində oynamaq istəyirik. Belə olmasa, meydana buraxılmış sayılmarıq…
– Eynulla Fətullayev də sizin kimi uzunmüddətli cəzalı duruma düşdü. İndi onun oyunundan razısız?
– Həbsə girəndə ən çox güvəndiyim oyunçulardan biri idi. Onun meydana qayıtmasına görə ümidlərim artmışdı. Tale elə gətirdi ki, Eynullanın oyun qaydalarını belə dəyişməsi büsbütün ziyanıma işlədi. Beynəlxalq və yerli təşkilatlar məni müdafiə etməkdən çəkinirdilər. Dostlar da deyirdi ki, Əvəz də Eynulla olacaq. Bu mənada onun indiki oyunu çox üzücüdür.
 
– Dostlar demişkən, Əvəz Zeynallı Eynulla olacaq?
– Mən elə özüməm. Hər yerdə Əvəz Zeynallıyam. İlk gündən necə oynamışamsa, son gününə qədər elə qalacam. Özümü tanıyan adamam. İdeyanı, futbolçu yoldaşları, komandaları tez-tez dəyişən, klublar arasında vasitəçilik edən, hər cür fırıldağa gedən, oyunçu dostlarını satan insan deyiləm. Bu ölkənin gerçək futbol generallarına sıravi meydan yoldaşlarımı satmamışam.
– Əvəz Zeynallının transfer qiyməti neçəyədir? Sizi almaq üçün nə qədər məbləğ ödəməlidirlər?
– Qiymətini özü müəyyənləşdirən futbolçulardanam. Əvəz Zeynallıya heç kim transfer qiyməti qoya və onu heç bir məbləğə ala bilməz. Klubların büdcəsi bunun üçün yetərli deyil. Həm də, transfer qiymətlərini və hansısa məbləğləri yalnız mən ödəyə bilərəm. Komandamda, sahəmdə bu kriteriyalar Əvəz Zeynallıdan sorulmalıdır. Sorulacaq!
– Qarşıdakı çempionata qatılacaqsız və orada yeriniz nə olacaq?
– Hazırlaşıram və hücumda oynayacam.
Ramin DEKO
 – FutQOLaktika
http://musavat.com/news/musahibe/reqible-zarafat-edende-hakim-futbolchunu-9-illik-meydandan-uzaqlashdirir-futqolaktika_248949.html

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button