Rəsmi Bakı Əfqanıstan ordusuna maliyyə yardımı barədə ciddi düşünür

15.02.2012

Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Brüsseldə NATO Baş Katibi Anders Fo Rasmussenlə görüşüb və Şimali Atlantika Şurası qarşısında çıxış edib.

 NATO Baş Katibi Anders Fo Rasmussen NATO-nun Azərbaycanla tərəfdaşlığa mühüm önəm verdiyini deyib. “Biz Əfqanıstanda bizimlə əməkdaşlığı üçün Azərbaycana minnətdarıq”.

Prezident Əliyev görüşdən sonra cənab Rasmussenlə birgə keçirdiyi mətbuat konfransında Azərbaycan əsgərlərinin Əfqanıstanda xidmət etdiyini xatırladıb və Əfqanıstan ordusuna Azərbaycanın mümkün maliyyə yardımından danışıb: “Mən Rasmussenə dedim ki, Əfqanıstan ordusu fonduna yardım etmək barədə ciddi düşünürük”. O, Azərbaycan və NATO-nun bir çox siyasi prioritetlər və təhlükəsizlik maraqlarının eyni olduğunu deyib.

Cənab Əliyev Azərbaycanın Əfqanıstana yükdaşımaları tranziti ölkəsi kimi əhəmiyyətinin artmasından məmnun olduğunu deyib. “Biz bu sahədə gələcək fəaliyyətimizi müzakirə etdik və əməkdaşlığımızı genişləndirmək üçün yeni təklifləri nəzərə alacağıq”. Ancaq o, əməkdaşlığın genişləndirilməsi barədə hər hansı təfərrüat açıqlamayıb.

O, Rasmussenlə Qarabağ münaqişəsilə bağlı danışıqlar prosesini, regional təhlükəsizlik məsələsini müzakirə etdiklərini deyib. “Mən Rasmussenə danışıqların hansı mərhələdə olmasına dair məlumat verdim”. “Əfqanlara pul lazımdır”Prezident Əliyev NATO Baş Katibilə görüşdə enerji məsələlərinin müzakirə olunduğunu da bildirib. “Azərbaycan Avropa enerji təhlükəsizliyində mühüm iştirakçıya çevrilir və bizim Avropadakı alıcılarımız NATO üzvləridir”.

Cənab Rasmussen Azərbaycanın Əfqanıstan əməliyyatlarına verdiyi töhfənin beynəlxalq qoşunların təlimi və yük tranziti baxımından mühüm olduğunu bildirib. “Mən Azərbaycan əsgərlərinin gördüyü işi yüksək qiymətləndirirəm. Prezident və mən tranzitlə bağlı əməkdaşlığı necə gücləndirəcəyimizi müzakirə etdik. Bildiyiniz kimi biz 2014-cü ilin sonunadək təhlükəsizliyə məsuliyyəti tədricən Əfqanıstan təhlükəsizlik qüvvələrinə təhvil verəcəyik”.

O, Azərbaycanın əfqan qüvvələrinə maliyyə yardımı ayıracağına dair bəyanatdan məmnun qaldığını deyib: “Mən Azərbaycanın Əfqanıstan qüvvələrinə maliyyə yardımı göstərəcəyinə dair Prezidentin verdiyi bəyanatı çox yüksək qiymətləndirirəm. Bu çox mühümdür, çünki biz ölkəni tərk etməzdən öncə əmin olmalıyıq ki, əfqanlar bizsiz davam edə biləcəklər. Bunun üçün isə əfqanlara pul lazımdır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button