Rəsul Cəfərov məhkəmədə son söz dedi

resul ceferov15.04.2015 

Hüquq müdafiəçisi bəraət istəyir

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən hüquq müdafiəçisi Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Qeyd edək ki, dövlət ittihamçısı çıxışında Rəsul Cəfərova 9 il azadlıqdan məhrumetmə cəzası istəyib. Ötən prosesdə Cəfərovun vəkilləri müdafiə çıxışı ediblər.

Bu gün keçirilən prosesdə dövlət ittihamçısı vəkillərin müdafiə nitqində istintaq orqanını qərəzli olmaqda ittiham etməsinə münasibət bildirərək, bu fikrin yanlış olduğunu deyib.

Vəkil Əlibaba Rzayev isə ona cavab olaraq istintaq orqanını bir daha həm qərəzli olmaqda, həm də qanunsuz fəaliyyətdə ittiham edərək, bununla bağlı məhkəmə istintaqı zaçanı kifayət qədər dəlilər ortaya qoyulduğunu deyib.

Daha sonra Rəsul Cəfərov son sözlə çıxış edib. O bildirib ki, məhkəmə istintaqı zamanı həm müdafiəçiləri, həm də özü irəli sürülən maddələrlə bağlı mövqeyini bildiriblər və bu səbəbdən təkrarçılığa yol vermək istəmir.

“Ancaq məhkəmədə konkret sualalr olub ki, mən bir daha həmin məsələlərə aydınlıq gətirmək istəyirəm. Dəfələrlə məsələ qaldırılıb ki, niyə mən istintaq orqanına əlimdə olan sənədlərin əvvəlcə bir hissəsini vermişəm? Bir daha qeyd edirəm ki, məqsədim bu sənədləri gizlətmək olsaydı, ilk gündən heç nə verməzdim. Bu, sadəcə, mənim və vəkilimin seçdiyi bir taktika idi. Biz 3 gün ərzində müəyyən sənədləri istintaq orqanına verdik və gözlədik ki, görək istintaq hansı addımları atacaq. Sənədləri verəndən 3 gün sonra mənim barəmdə həbs-qətimkan tədbiri seçildi. Proseslərin gedişatında qərara gəldik ki, sənədlərin qalanını istintaqa yox, işi aparacaq məhkəməyə verək. Elə də etdik və elə hazırlıq iclasında da məhkəməyə təqdim etdik. Təqdim etdiyimiz sənədlər təkcə donor təşkilatların məktublarından ibarət deyil, orada həm də xərcləri göstərən təsdiqedici sənədlər var. Sənədlərlə bağlı nə çatışmazlıq varsa da, onların da obyektiv izahını vermişik. Cinayət işinin tərkibinə baxanda da, çox asanlıqla görünür ki, orada qeyd olunan cinayətləri mən törətməmişəm. Beş zərərçəkəndən yalnız biri ilə – Əhməd Heybətovla çox yaxın münasibətim olub. Onunla bir sinifdə oxumuşuq və indiyədək dostluğumuz davam edir. Digər 4 nəfərlə o qədər yaxın deyiləm ki, onlarla ehtimal edilən cinayət əməlini törədim, sonra da  gəlib məhkəmədə məni müdafiə etmələrinə nail olum.

13 şahidin də hər biri faktiki olaraq müdafiə tərəfinin xeyrinə ifadə verib. Onların ifadələri bir daha təsdiqləyir ki, mənim fəaliyyətim sahibkarlıq fəaliyyəti olmayıb. Fəaliyyətimin vətəndaş cəmiyyətinə töhfə vermək, insan haqlarını müdafiə etməklə bağlı olduğu heç kimdə şübhə doğurmur. Ədalətsiz olaraq həbs edildiyimi düşünürəm və bu ədalətsizliyə də dözümlə yanaşıram. Məhkəmədən də əsas xahişim odur ki, vəkillərimin və mənim çıxışımı, təqdim etdiyimiz sənədləri nəzərə alaraq qərar çıxarsın” – deyən Rəsul Cəfərov məhkəmədən bəraət hökmünün mıxarılmasını xahiş edib ki, yalnız belə olacağı halda bu işdə ədalət tam bərpa olunacaq.

Çıxışdan sonra hakim bildirib ki, Rəsul Cəfərovla bağlı yekun qərarın verilməsi üçün məhkəmə müşavirəyə çıxır və hökm aprelin 16-da oxunacaq. Ancaq prosesin vaxtı elan edilmədi və hakim bildirdi ki, dəqiq vaxtla bağlı gün ərzində tərəflərə məlumat veriləcək.

 Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edilib və ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 213 (vergidən yayınma) və 308(vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ittiham irəli sürülüb. Dekabrın 12-də Rəsul Cəfərova qarşı CM-nin 179.3.2(mənimsəmə) və 313(vəzifə saxtakarlığı) maddələri üzrə əlavə ittihamlar irəli sürülüb. Yerli və beynəlxalq ictimaiyyət Rəsul Cəfərova qarşı ittihamların saxta olduğu, onun hüquq müdafiəçisi kimi fəaliyyətinə görə siyasi sifarişlə həbs olunduğu qənaətindədir.

«Amnesty International» təşkilatı onu «vicdan məhbusu» kimi tanıyıb.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button