“Adımı zərərçəkmişlər siyahısından çıxarın…”

resul ceferov24.02.2015

Fevralın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun növbəti məhkəmə prosesi keçirilib. 

Rəsul Cəfərovun məhkəməsində dindirilən şəxs zərərçəkmiş qismində tanınmasına etiraz etdi

“Prokurorluq mənim ifadələrimi təhrif edib. Heç bir ziyan çəkmədiyim halda, məni zərərçəkmiş qismində tanıyıb. Mən buna etiraz edirəm. Mən istintaqa ifadəmdə də bildirmişəm ki, qəbzlərdəki imzalar mənə məxsusdur, orada göstərilən məbləği də almışam. Mən zərərçəkmiş deyiləm, xahiş edirəm, adımı da bu siyahıdan çıxarın” – bunu hazırda həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə dünənki məhkəmə iclasında dindirilən Nicat Imranlı deyib.
O, eyni zamanda, Eldar Ismayılovun sədrlik etdiyi hakimlər heyətinə yazılı ərizə də təqdim edərək, adının zərərçəkmişlər siyahısından çıxarılmasını istəyib.
Nicat Imranlı bildirib ki, Rəsul Cəfərovun rəhbərliyilə həyata keçirilən layihə çərçivəsində iş görüb və pulunu da tam şəkildə alıb. Gördüyü iş isə layihə çərçivəsində çəkilən video-rolik üçün ssenari yazmaqdan ibarət olub.
Rəsul Cəfərovun işi üzrə daha bir zərərçəkmiş – Cahangir Əhmədov da dünən dindirilib. Rəsul Cəfərovun həyata keçirdiyi layihələrdən biri zamanı ofis kimi bu adamın kirayə verdiyi mənzildən istifadə olunub. Əhmədov ifadəsində deyib ki, kirayə ilə bağlı məsələləri, o cümlədən müqavilənin bağlanması, aylıq pulun alınması kimi məsələləri həyat yoldaşı Nüşabə həll eləyib. Cinayət işinin materiallarında iddia olunur ki, bu adam 933 manat ziyan çəkib. Lakin Cahangir Əhmədov məhkəmədə ifadəsində bildirib ki, kirayə pulu vaxtlı vaxtında ödənilib, heç bir ziyan çəkməyib. Bununla belə, o, dəfələrlə prokurorluğa və məhkəməyə çağırılmasını, həmçinin bəzi sənədlərə onun adından imza atılmasını özünə dəymiş mənəvi zərər kimi qiymətləndirib.
Daha sonra şahid qismində dindirilən Günay Ismayılova, Elnur Məmmədovun dediklərindən belə məlum olub ki, Cahangir Əhmədovun həyat yoldaşı Nüşabə xanım icarə müqaviləsini ərinə imzalatdırmaq üçün aparıb. Çünki mənzil Cahangir Əhmədovun adınadır. Ertəsi gün də imzalanmış sənədi gətirib verib.
Yeri gəlmişkən, ixtisasca hüquqşünas olan Günay Ismayılova Rəsul Cəfərovun rəhbərlik etdiyi bir layihədə 6 ay işləyib. Lakin işlərinin çoxluğuna görə həmin layihədə fəaliyyətini 6 aydan çox davam etdirə bilməyib.
Elnur Məmmədov isə “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” Ictimai Birliyinin rəhbəridir. Rəsul Cəfərovun özünün rəhbərlik etdiyi Insan Haqları Klubu dövlət qeydiyyatına alınmadığından, o, bir layihəsini bu “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” Ictimai Birliyi vasitəsilə həyata keçirib. Elnur Məmmədov məhkəməyə ifadəsində bildirib ki, layihə tam qanuni şəkildə həyata keçirilib, qrant vəsaitinin təyinatı üzrə xərclənməsinə dair hesabat donor təşkilata təqdim olunub. Bu məsələdə heç bir narazılıq da yaranmayıb.
Iş üzrə daha bir şahid Tatyana Kryuçkina da dünən ifadə vermək üçün məhkəməyə gəlib. Lakin hakim onu dindirməkdən imtina edib. Bildirib ki, hazırda məhkəmə onu tərcüməçi ilə təmin edə bilmədiyindən dindirilə bilməz. Lakin Tatyana Kryuçkina deyib ki, tərcüməçiyə ehtiyacı yoxdur, Azərbaycan dilində kormal şəkildə danışa və başa düşə bilir. Prokurorluqda bu iş üzrə dindirilərkən də tərcüməçisiz ifadə verib. Buna baxmayaraq, hakim fikrini dəyişməyib və Kryuçkinanın növbəti məhkəmə iclasında dindirilməsinə qərar verilib.
Növbəti məhkəmə iclası martın 5, saat 10:30-a təyin olunub.
Xatırladaq ki, Rəsul Cəfərov ötən il avqustun 2-də həbs olunub. Ona qarşı qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlar irəli sürülüb. Rəsul Cəfərov isə özünü təqsirli bilmir və ittihamların qondarma olduğunu deyir. Yerli və beynəlxalq ictimaiyyət də Rəsul Cəfərovun insan haqlarını müdafiə etdiyinə, xüsusən siyasi məhbus problemilə məşğul olduğuna görə həbs olunduğu qənaətindədir. Təsadüfi deyil ki, “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Rəsul Cəfərovu “vicdan məhbusu” elan edib.
Aytən
resul ceferov 2

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button