Radio lisenziyası üzrə iddia ali məhkəmədə də təmin edilmədi

Ali Məhkəmədə hakim Əli Rüstəmovun sədrliyi ilə radio üçün lisenziyanın verilməsindən imtina etmiş Milli Televiziya və Radio Şurasına qarşı  Rəsul Cəfərov və Yaşar Ağazadənin apellyasiya məhkəməsinin 3 mart 2011-ci il tarixli qərarından verdikləri kassasiya şikayətinə baxılıb.

Şikayətçilər Rəsul Cəfərov və Yaşar Ağazadənin vəkili Elçin Sadıqov RATİ-yə bildirib ki, hakim Ə.Rüstəmov apellyasiya məhkəməsinin çıxardığı qərarın qüvvədə saxlanıldığını və kassasiya şikayətinin təmin edilmədiyini bildirib.

Xatırladaq ki, “Televiziya və Alternativ Media İnkişaf Mərkəzi”-nin sədri Cəfərov Rəsul və müstəqil jurnalist Yaşar Ağazadə Bakı və Abşeron yarımadasında yayımlanacaq radionun müvafiq tezlikdə fəaliyyətə başlaması üçün lisenziya almaq məqsədilə 2010-cu ilin aprelində Milli Televiziya və Radio Şurasına müraciət ediblər. Milli Televiziya və Radio Şurası kifayət qədər boş qalmış tezliyin olduğunu bildirsə də, tezlik ayırmaqdan və lisenziya verməkdən imtina edib. İddiaçılar Milli Televiziya və Radio Şurasının hərəkətindən şikayət verərək dövlət qurumunun hərəkətinin qanunsuz hesab edilməsini və iddiaçılara lisenziya verilməsinin bu quruma həvalə olunmasını xahiş ediblər. Səbail Rayon Məhkəməsi 2010-cu ilin avqustunda bu iddianı təmin etmədiyindən iddiaçılar apellyasiya şikayəti vermişdilər. 3 mart 2011-ci il tarixdə apellyasiya məhkəməsi şikayətin təmin edilməməsi barədə qərar çıxarmışdı.

 

“Xural” qəzeti,

İl: 9, sayı: 026 (434), 10-16 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button