Radioların və aparıcıların dili

Elxan Xanəlizadə

Əslində, bu yazının adı “Radiolarımızda aparıcıların dili” olmalı idi. Çünki bu gün orta statistik dinləyicidən “qulaq asdığı radiolarda aparıcıların dilindən razısınızmı”, – soruşsan təbii ki, cavab birmənalı olaraq, “YOX” olacaq.

Bəs, aparıcıların dili necə olmalıdır? Azərbaycanda FM məkanında radiolar bir-birinin ardınca yaranmağa başlayanda, formalaşan (oxu: formalaşmayan) aparıcılıq məktəbi dil problemi ilə üz-üzə qaldı. Bu, yaxın keçmişdə baş verdiyindən diqqətli insanların hər birinin xatirindədir.

İlkin mərhələdə və ondan sonrakı illərdə radiolarda efirə çıxan aparıcılar konkret olaraq peşələrinə uyğun fəaliyyət göstərənlər deyil, radioya tramplin və ya ötəri həvəs kimi baxanlar olduğundan, bu gün radiolarımızda dil problemi hələ də mövcuddur. Burada başqa amillər də az rol oynamayıb. İlkin dövrdə radiolarda format anlayışı yox idisə, bu, efirə çıxacaq insanların işə qəbuluna da birbaşa təsir edirdi. Aparıcı ictimai-siyasi, sosial-mədəni və digər istiqamətlərdə biliyə, qabiliyyətə malik olmasa da, mahnıları təqdim edə, “peycer”ə gələn mesajları oxuya bildiyindən efirə buraxılırdı.

Rusdillilər axınından sonra türkdillilər dalğası radioların efirini işğal etdi. 90-cı illərdə cəmi iki radio – ANS ÇM və Sara FM arasında rusdilli və türkdilli auditoriya mübarizəsi gedirdi. Sonra Sara FM bağlandı və Burc FM meydana gəldi. Hər iki qütb arasında balans tarazlaşsa da, 106 FM-in yaranması rusdillilərin qismən qələbəsi ilə auditoriyalar arasında kəskin fərq yaratdı.

90-cı illərin əvvəllərindən sonunadək dinləyicilər olanla məhdudlaşıb, yalnız bu radiolara qulaq asmağa məhkum olduqlarından və seçim imkanlarının dar çərçivəsində qaldıqlarından radio aparıcıların dili bir problem kimi qaldırılmadı. Həm də efirə nəzarət edəcək müvafiq qurum olmadığından, Azərbaycan dilinin kobud pozulması faktları adət halını aldı.

Hazırda, MTRŞ efirlərə nəzarət funksiyasını yerinə yetirir. Bu barədə gələcəkdə daha ətraflı danışmaq lazım olacaq. Yalnız onu qeyd etmək vacibdir ki, ötən il elə ANS ÇM-in efirində qonaq olan MTRŞ sədri Nuşirəvan Məhərrəmli radiolarda aparıcıların Azərbaycan dilinə kor balta vurmalarından hazırlanan xüsusi audio yazıya sonadək qulaq asmağa dözmədi. Radioların monitorinqini müntəzəm keçirdiyini bəyan edən MTRŞ həmin efirdən sonra heç bir ciddi tədbir də görmədi (?!).

Radio aparıcılıq məktəbi uzun illərdir formalaşan Rusiyada, eləcə də digər qərb ölkələrində aparıcıların dili radioların formatına uyğunlaşdırılır. Efirin pay bölgüsündə xəbərlərə üstünlük verən radiolarda aparıcılar aydın, səlis nitqlə ləhcəsiz və uşaqdan böyüyə hamının anlayacağı tərzdə danışmalıdır. Formatı əyləncə, şou-biznes olan radiolarda dövlət dili əsas şərt kimi götürülsə də, aparıcıya lazımi məqamda fikrini izah etmək və ya söz altında qalmamaq üçün vulqar olmayan jarqonlardan istifadəyə icazə verilir. Yumor xarakterli verilişlərdə isə aparıcı daha sərbəst ola və ünsiyyətdə olduğu həmsöhbətlə hansısa ləhcədə danışa bilər. Retro və Caz formatını qəbul edən radioların aparıcıları aydın nitqlə yanaşı, həm də xüsusi səsə malik olmalıdırlar.

Azərbaycanda bu gün yayımlanan radiolarda aparıcıların böyük əksəriyyətində dil və intellekt əsas problemdir. Radio aparıcısı üçün dil əsas şərtdirsə, bura intellekt, öz ölkəsinin tarixini, ədəbiyyatını, mədəniyyətini, coğrafiyasını və s. bilmək də əlavə edilsə, böyük əksəriyyət aparıcılar üçün vəziyyət ürəkaçan olmayacaq. Dinləyicilər efirdən tez-tez “Yuqoslaviyada…”, “Germaniyada …”, “Stepanakertdə…” baş verənlər haqqında məlumatlar eşidəcəklər, rusca sürətlə düşünüb, Azərbaycanca aramla, kəlləmayallaq danışan aparıcıların “ağıllarına” həsəd aparacaqlar.

 

Xural” qəzeti,

İl: 9, sayı: 028 (436), 24 -30 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

1 şərh

  1. Azerbaijanda radiolar hamisi berbad veziyyetdedir.Hec birinde intelekt esidilmir.Ozune hormet edenlerde gacirlar radiodan.Evveller sizin voenni peredacalara gulag asanda butun esker dostlarimizi yad ederdik))) indi o da yoxdu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button