RAFİQ TAĞI DANIŞIB

Noyabrın 19-u axşam sui-qəsdə məruz qalmış yazıçı Rafiq Tağının əməliyyat olunduğu 1 saylı xəstəxanaya xeyli qələm adamı toplaşıb.

Hazırda xəstəxanada olan “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xudoğlu “Media forum” saytına bildirib ki, Rafiq Tağı əməliyyatdan sonra danışıb. Rafiq Tağının danışdığını onun qardaşı da “Azadlıq” radiosuna açıqlamasında təsdiqləyib. Qardaşının dediyinə görə, əməliyyatdan sonra yazıçının vəziyyəti nisbətən yaxşılaşıb və Rafiq Tağı həkimlərdən xəstəxanadan nə vaxt çıxarılacağını soruşub.

Şahbaz Xuduoğlu Rafiq Tağının ürək döyüntülərinin stabilləşdiyinin bildirildiyini vurğulayıb.

Şahbaz Xudoğlu qeyd edib ki, sui-qəsdi araşdırmaq üçün xəstəxanaya gəlmiş hüquq mühafizə orqanlarının əməkdaşları hələ buradadırlar. Onlar yazıçıdan ifadə ala bilməyiblər.

Sui-qəsdin motivi haqda heç bir məlumat, rəsmi versiya yoxdur. Ailə üzvləri bu barədə nəsə deyə bilməyiblər. Hüquq mühafizə orqanlarından da hələlik hər hansı açıqlama verilməyib.

Rafiq Tağı cərrahiyə şöbəsindən reanimasiya şöbəsinə keçirilib. Yaxınlarını hələ ki, onunla görüşə buraxmayıblar.

“Media forum”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button