Rahil Məmmədov sürücüdən 30 manat tələb edib

Ötən həftə sürücünün atasının adını dəyişdirməyi tələb edən DYP rəisi, indi də Binəqədi DYPX-nin İnzibati Binasına məxsus telefonların Xətai telefon qovşağına olan 30 manatlıq danışıq və internet borclarını ödəməyi tələb edib…


DİN Binəqədi DYPX rəisinin izahatını alıb…

Binəqədi Dövlət Yol Patrul Xidmətinin rəisi Rahil Məmmədov Binəqədi qəsəbəsi sakinlərini, bu istiqamətə yolu düşən sürücüləri zinhara gətirib. M.Rəsulzadə qəsəbəsi ilə Biləcəri qəsəbəsini birləşdirən yolda «məskunlaşan» rəis DİN orqanları rəhbərlərinə layiq olmayan hərəkətlərlə məşğuldur. O, Binəqədi DYPX rəisinə məxsus 390 saylı, dövlət nömrə nişanlı avitomobilində sürücülərin yolunu haqsız olaraq kəsir və onlardan cərimə adı ilə «xərac» yığır. Bu günlərdə redaksiyamıza müraciət edən, adının söylənilməsini istəməyən bir vətəndaşın sözlərinə görə, Binəqədi şossesində onu heç bir səbəb olmadan saxlayan rəisin sürücüsü, ona 40 manat cərimə yazmaq istəyib. Sürücü etiraz edəndə onu avtomobildə əyləşən rəisin – Rahil Məmmədovun yanına aparıblar. Onlarla dil tapmağa çalışan sürücü heç bir günahı olmadan saxlanıldığını izah etməyə çalışıb. Onun bütün söylədiklərinə məhəl qoymayan Rahil Məmmədov sürücüyə bildirib ki, onu yalnız bir şərtlə azad edə bilər. Getsin və Binəqədi DYPX-nin İnzibati Binasına məxsus telefonlarının Xətai telefon qovşağına olan 30 manatlıq danışıq və internet borclarını ödəsin…

Binəqədi Rayon Dövlət Yol Patrul Xidmətinin rəisi Rahil Məmmədov haqqında ötən sayımızda bir vətəndaş-sürücünün şikayətini də dərc etmişdik. Rahil Məmmədov atasının adı Rahil, soyadı Məmmədov olan Zamir adlı bir sürücüdən atasının adını və soyadını dəyişdirməyi tələb etmiş, əks təqdirdə onu hər gün cərimələdəcəyi haqqında ona xəbərdarlıq edərək döyməyə təşəbbüs etmişdi. Rahil Məmmədovun tapşırığı ilə Zamir Rahil oğlu Məmmədovu Binəqədi DYPX əməkdaşları son bir ayda 23 dəfə saxlamış və qeyri-qanuni olaraq ona 151.1-lə cərimə yazmışdılar. Şikayətçi əlacı qəzetimizə müraciətdə görmüş, eyni zamanda DİN rəhbərliyinə müraciət etmişdi. Hələ nazirlikdən yazdıqlarımıza cavab gəlməyib. Biz məsələ ilə bağlı DİN mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlovla əlaqə saxladıq. Məlum oldu ki, yazı çapa gedəndən sonra DİN rəsmiləri rəsmi araşdırmalara başlamış və Binəqədi DYPX rəisindən izahat tələb etmişlər. Rahil Məmmədov isə öz növbəsində daş atıb-başını tutub ki, qəzetdə yazılanlar böhtandır. Rəisin sürücüdən Binəqədi DYPX-nin İnzibati Binasına məxsus telefonların Xətai telefon qovşağına olan 30 manatlıq danışıq və internet borclarını ödəməsi haqqında müraciətinə, Rahil Məmmədov bunu da inkar edib…

Biz XuralTAC olaraq araşdırmalarımızı davam etdiririk. Kimin yalan danışıb-böhtan dediyini isə yaxın günlərdə bütün Azərbaycan biləcək. Elə Rahil Məmmədov da…

XuralTAC


“Xural” qezeti
il: 9, sayı: 046(406), 12-18 dekabr 2010-cu il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button