Ramil Usubov Əvəz Zeynallı ilə görüşdü

Nazirlə baş redaktor polis rəisi ilə yaranan münaqişəni müzakirə ediblər

Ötən həftə Binəqədi Rayon Polis İdarəsinin rəisi haqqında bir xəbər vermişdik. Xəbər polis rəisinin qəzəblənməsinə və baş redaktor Əvəz Zeynallıya telefon etməsinə səbəb olmuşdu. Binəqədi Rayon Polis İdarəsinin rəisi Ağalar Məhərrəmovun baş redaktor Əvəz Zeynallını təhqir etməsi və hədə-qorxu gəlməsi ilə müşayiət olunan telefon danışığından sonra Əvəz Zeynallı bu haqda mətbuata xəbər vermiş və Daxili İşlər naziri Ramil Usubova müraciət etmişdi. Ötən həftə boyu Azərbaycan mətbuatının müzakirə etdiyi bu mövzu həftənin sonunda Əvəz Zeynallının Daxili İşlər Nazirliyinə dəvət olunması ilə yekunlaşdı.

Həftənin cümə günü nazirliyinə dəvət olunan Əvəz Zeynallı Daxili İşlər naziri cənab Ramil Usubovla görüşüb. 1 saat 20 dəqiqə davam edən görüşdə baş verən insident müzakirə olunub və azad mətbuat-məmur münasibətləri ətrafında söhbət gedib. Görüş barədə XuralTAC-a məlumat verən Əvəz Zeynallı nazirlə söhbətindən yüksək təəssüratla ayrıldığını bildirib: «Cənab nazir ona müraciətimə görə məni qəbul etdiyini dedi. Polis rəisinin doğru hərəkət etmədiyini, buna görə də onu danladığını və tənbeh etdiyini söylədi. Bir polis rəisinin təmkinli olmalı olduğunu, emosional hərəkət etməyə gərək olmadığını bildirdi. Bir daha bu tip hərəkətlərin olmayacağını dedi, ancaq bizim də yazdığımız xəbərdə diqqətli olmağımızı, heç kimin şərəf və ləyaqətinə toxunan ifadələr istifadə etməməyimizi vurğuladı. Mən cənab nazirlə razılaşdım və zatən verdiyimiz xəbər haqqında hörmətli polis rəisinə dediklərimi cənab nazirə də dedim. Əgər xəbərdə yanlışlıq varsa, biz onu düzəldərik və lazımdırsa üzrxahlıq da edərik. Mətbuatdır, yanlış xəbərlər ötürülə bilər və bizim vəzifəmiz odur ki, bu yanlış xəbərləri düzəldək. Polis günü öncəsi baş verən insident beləcə, yoluna qoyuldu və bu məsələ bizim üçün qapandı.»

Əvəz Zeynallı «Xural»ın hər zaman bu mövzularda həssas olduğunu vurğuladı və məmur-azad mətbuat nümayəndələri arasında qarşılıqlı anlaşmanın vacibliyini qeyd etdi.

Cənab Ramil Usubovun və Daxili İşlər Nazirliyinin yaranan insidentlə bağlı operativ reaksiya göstərməsini təqdir edirik. Binəqədi Rayon Polis İdarəsinin rəisi Ağalar Məhərrəmovla yaranan anlaşılmazlığın yoluna qoyulduğu qənaətindəyik və dərc etdiyimiz informasiyada rəisin şərəf və ləyaqətinə toxunan məqamlar varsa, keçmiş olsun deyir, üzrxahlıq edirik. İnanırıq ki, polis rəisləri qəzet redaktorları ilə, ümumiyyətlə, jurnalistlərlə münasibətlərdə diqqətli olacaq və hədə-qorxu tonunu birdəfəlik tərk edəcəklər.

«Mən bütün nazirlərin Ramil Usubov kimi operativ reaksiya göstərməsini arzulayıram. Bütün olumsuzluqlara baxmayaraq, baş verən hadisə ibrətamizdir və digər iriçinli məmurlara örnək olmalıdır. Belə olarsa, azad mətbuatın da məsuliyyəti artar və mətbuatla məmurlar arasında qarşılıqlı inam təsis olunar. Təbii ki, xəbər mənbələrimizi də bu arada xəbərdar edirəm. Bizə yanlış olaraq ötürdüyünüz informasiya bizimlə birlikdə sizin özünüzün də ziyanınıza işləyir. Bir daha informasiyalarınıza etibar etmirik. Bu isə ciddi adamlar üçün ölümə bərabərdir. İnanıram ki, bu görüş bizim fəaliyyətimizdə dönüş nöqtələrindən biri olacaq» – deyən Əvəz bəy şərəfli Azərbaycan polislərini Polis Günü münasibətilə təbrik etdiyini də sözlərinə əlavə etdi.

Qarşılıqlı anlaşma və səmimi şəraitdə keçən görüşdə DİN Mətbuat Xidmətinin rəhbəri Sadiq Gözəlov da iştirak edib.

XuralTAC

“Xural” qəzeti,

İl: 9, sayı: 025 (433), 03-09 iyul  2011-ci il

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button