Ramiz Mehdiyev Qərbi rejimin şərtləri əsasında dialoqa dəvət edir

get_img

Bu gün ölkənin baş verəcək hadisələri əvvəlcədən görməyə və avtoritar mahiyyətini tükəndirən rejimin fəlsəfəsini yenidən düşünməsinə ehtiyacı var

Azərbaycan prezidenti İlham Əliyevin administrasiyası Qərbə yeni mesaj göndərərək, rəsmi Bakının maraqları nəzərə alınan əməkdaşlıq platforması təklif edir.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev qarışıq sadə-akademik dildə yazılmış “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti” adlı 44 səhifəlik əsərində ABŞ və Avropa İttifaqını bərabərhüquqlu əsaslarla münasibət qurmağa hazır olan prezident Əliyevlə əməkdaşlıq qurmağa çağırır.

Məqalədən belə çıxır ki, Azərbaycan prezidenti Avropanın infrastruktur və regional layihələrinin təşviqi üçün ən uyğun fiqurdur və ona təzyiq Qərbin regiondakı maraqları üçün mənfi nəticələrə gətirib çıxara bilər.

Mehdiyev xəbərdarlıq edir ki, Azərbaycanda rejimin maraqlarına zidd hər hansı siyasət həyata keçirilməsi üzrə bütün cəhdlər uğursuzluğa məhkumdur və son illər olduğu kimi, bu cəhdlərin kökündən qarşısı alınacaq.

Vaşinqton və Brüsselin, Mehdiyevin fikrincə, avtoritar ölkələrdə, o cümlədən Azərbaycanda rejimlərin devrilməsinə yönəlmiş beynəlxalq siyasətinin sərt tənqidinə baxmayaraq, demək olmaz ki, məqalə qarşıdurma xarakteri daşıyır. Əsər daha çox rəsmi Bakının Avropanın enerji təhlükəsizliyinin və regional layihələrinin təmin edilməsində Azərbaycanın rolunun layiqincə qiymətləndirilməməsi ilə bağlı incikliyini nümayiş etdirir.

Qərbin Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi, 1990-cı il yanvarın 20-də Bakıda və 1992-ci ildə Xocalıda sovet ordusunun dinc əhalini kütləvi şəkildə qətlə yetirməsi kimi milli faciələrə münasibətdə Qərbin ikili standartlar tətbiq etməsinə misal göstərən Mehdiyev, bununla belə, Azərbaycanda bu faciələrlə assosiasiya olunan Rusiyanın adını çəkmir. Məqalədə Azərbaycanın alternativ şimal və ya şərq inkişaf yoluna hər hansı işarə də yoxdur. Bu, birinci növbədə, rəsmi Bakının Moskvadan ciddi şəkildə ehtiyatlandığını, ikincisi isə, Qərbyönlü kursu dəyişməyi planlaşdırmadığını göstərir.

Mehdiyevin əsərində zəif məqam Azərbaycanın müstəqil siyasətin əsası olan iqtisadi gücünə dəfələrlə istinad olmasıdır. Bu, tənqidə belə layiq deyil, belə ki, ölkə uzunmüddətli iqtisadi tənəzzül dövrünə qədəm qoyub və rejim son 10 ildə heç vaxt olmadığı qədər zəifləyib. Bu, acınacaqlı statistikadan və rəsmi Bakının süqut etməkdə olan iqtisadiyyata institusional və maliyyə dəstəyi almaq məqsədilə qərargah-mənzilləri ABŞ və Avropada olan dünyanın aparıcı maliyyə institutları (DB, BVF, Asiya Bankı, Şəffaflıq Təşəbbüsü)  ilə əməkdaşlığı intensivləşdirməsindən görünür.

İqtisadi vəziyyətin daha da pisləşməsi Bakını Qərb investisiyalarına daha çox açılmağa məcbur edəcək. Buna Britaniya, Almaniya və Yaponiya tərəfləri ilə sonuncu biznes forumları misal ola bilər. Lakin investisiyalar üçün daha liberal və demokratik mühit yaratmadan qabaqcıl texnologiyaların və maliyyə vəsaitlərinin Azərbaycana tranzaksiyası mümkün deyil. Eyni zamanda, Qərb hələ də Azərbaycanı avtoritar idarəetməsi dövrü boyunca dəstəklədiyi Əliyevlə ortaq məxrəcə gəlməyə ümid edir. Bu günlərdə Avropa İttifaqının qanunun aliliyi, demokratiyanın və ifadə azadlığının inkişafı sahəsində hökumətə təklif etdiyi sonuncu layihələr administrasiya və ona loyal olan QHT-lərlə sıx əməkdaşlığı nəzərdə tutur.

Qeyd etmək lazımdır ki, Mehdiyevin məqaləsi yerli və beynəlxalq auditoriyaya suveren demokratiya, seçilmiş yol, ölkənin və onun liderinin regionda xilaskar rolu haqqında əvvəlki akademik mesajlarının izləridir. Amma Hantinqton, Fukuyama, Klauzevits, Qobbs, Nayyunun nəzəriyyələri ilə əsaslandırılmış bu qiymətləndirmələr iqtisadi böhranın və ondan irəli gələn sosial və ictimai gərginliyin minimuma endirilməsi prosesinə çətin ki, hansısa töhfəni versin. Dünya göz önündə sürətlə dəyişir və buna neftlə sürətlə inkişaf edən ölkədən cəmi bir ildə regional tərəqqinin autsayderinə çevrilən Azərbaycan misal ola bilər. Bu təmayülü nəzərə alaraq, yaxın gələcəkdə biz beynəlxalq və regional cəhətdən, o cümlədən Azərbaycanda yeni dəyişikliklərin şahidi olacağıq. Odur ki, bu mənada cənab Mehdiyevin fəlsəfi-siyasi düşüncələri zamana ayaq uydura bilmədən, artıq aktuallığını itirir. Bu gün ölkənin baş verəcək hadisələri əvvəlcədən görməyə və avtoritar mahiyyətini tükəndirən rejimin fəlsəfəsini yenidən düşünməsinə ehtiyacı var.

meydan.tv

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button