Ramiz Mehdiyevi aradan çıxarma planı

əvəz zeynallıƏvəz Zeynallı

Xüsusi olaraq «Azadlıq» qəzeti üçün

 

Cəmi bircə ay dözə bilmədilər. Bu aydındır. Buna «cəhənnəmə» də demək olar. Amma son 3 gündə baş verənlər o qədər dəhşətli və komikdir ki, adam bilmir gülsün, yoxsa ağlasın. Qoca bir dövlət qalıb 3-5 özünübilməzin əlində. Son bir ayın qısa xronikasında hər şey elə aydın görünür ki…

Avqustun əvvəllərində qərara alırıq ki, «Xural»ı gündəliyə keçiririk – həm də həftədə 7 dəfə!

Cəmi 1 həftə keçmir ki, təbliğata başlayırıq və ayın 20-nə Oxucularla görüş təyin edirik. Qəzetin işıq üzü görməsinə təxminən 1 həftə qalmış Dövlət Mətbuat Şurası hərəkətə keçir və bir neçə gün içində Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun qohumlarının və dostlarının yer aldığı 6 şikayət ərizəsi daxil olur Şuraya. İldırım sürəti ilə şikayətləri qəbul edirlər və məni də bu «qəbiristanlığ»a dəvət edirlər. Şuraya bir məktub yazaraq onları tanımadığımı bəyan edirəm və Dövlət Mətbuat Şurasının (bundan sonra DMŞ) iclasına qatılmıram.

«Xural» gündəliyə hazırlaşan gün – sentyabrın 19-da DMŞ-nin İdarə Heyəti «yekdil rəy»lə qəzeti ən yaxınlarının və əzizlərinin adlarının layiq olduğu «qara siyahı»ya salırlar. Bununla da mübarizənin yeni müstəvisi başlayır.

Cavabları verilir və qarşılıqlı söz atışmaları başlayır. Əvvəlcə, Bəxtiyar Sadıqov, sonra Vüqar Rəhimzadə, ardından Müşfiq Ələsgərli, Əflatun Amaşov, Aydın Quliyev, Rəşad Məcid düzülürlər sıraya. Kim nə bacarır danışır, kim nə qədər bacarır özünü nümayiş etdirir və son Bəxtiyarın bir dəliliyi ilə bitir: «KİV haqqında qanun çox humanistdir».

Bir müddət keçmir ki, yeni bir dalğa başlayır. DMŞ-nin özləri kimi qara siyahıları da işə yaramır. «Xural» güllə kimi irəli atılır, bomba kimi çıxır, yeni həmlələr edir, Azərbaycan mətbuatının tarixində yenilik edir və promosyon gətirir. Tiraj partlaması yaşayır, ölkənin tirajlı yazarları «Xural»a doğru istiqamət götürür və… yeni plan dövrəyə girir. Bu dəfə DMŞ meydanda yoxdur. Onlar Gəncənin despot və balaca diktatoru Elmar Vəliyevlə Gəncədə ova çıxırlar. Burada «Xural»ı müsadjrə edirlər, DMŞ Gəncədə ova çıxır. (Bunların heç mətbu qeyrəti də yoxmuş…).

Beləcə, bir ayın tamamına bir neçə gün qalmış Prezident Administrasiyasının rəhbəri, hörmətli akademik Ramiz Mehdiyevin, KİV-in anasını ağladıb, onun qəssabına çevrilən Vüqar Səfərlinin və bir manıscığazın icra vərəqləri redaksiyaya daxil olur. Tam 1 ayın tamamında isə «Xural»da artıq bütün dünyanın bildiyi biabırçılıqlar yaşanır. «Xural» talan olunurcusına müsadirə olunur, yağmalanır. Redaksiyanın bütün əmlakı və texniki avadanlıqları bir zibil maşınına yığılır və aparılır. İcra vərəqəsi təqdim olunmur, təqdim olunan məhkəmə qərarında isə bizə 10 gün vaxt verilməsinə baxmayaraq, müddətə riayət olunmur.

Saat 23.00-dan işə başlayırıq və boş otaqlarda yenə möhtəşəm bir «Xural» nömrəsi çıxarırıq. Bunun səhərisi isə Ramiz Mehdiyev bütün dövlət gücünü işə salır və 10 ildir sərasər nəşr olunduğumuz və 10 ildir bunun üçün pul ödədiyimiz «Ekspress» nəşriyyatı və onun sahibi bizi nəşr etməkdən imtina edir. Gəncədə yaşayan qohumlarım siyahıya alınır və bəziləri işdən çıxarılır (bu haqda əlavə məlumatlar olacaq). «Xural» faktiki olaraq dövlət gücünə, zorla, icra məmurlarının müdaxiləsi ilə dayandırılır. «Eurovision» keçirməyə iddilalı ölkədə ciddi həftəlik qəzet nəşr olunmağa mətbəə tapmır. Sanki Liviyadır, sanki Misirdir, sanki Suriyadır, sanki Afrikanın cəngəllikləridir. Vəssalam.

İşin maraqlı tərəfi odur ki, dalbadal açıqlama verən dövlət qurumları isə qaş qayırdığı yerdə vurub gözünü də çıxarır. Firkrət Məmmədovun Ədliyyə Nazirliyi borcunu ödədiyimiz və halal etmədiyimiz Ağabəy Əsgərovu borc tələb edən kimi göstərsə də, əsas borc tələb edən Ramiz Mehdiyevi aradan çıxarmağa çalışıb. Hanı bəs Ramiz Mehdiyev? Başımıza oyun açan, bütün dövlət zorunu üzərimizə salan o deyilmi? 19.10.2011-ci ildə verilən məhkəmə hökmü onun tələbi ilə başlamırmı?

Bu, yetməzmiş kimi ovdan yenicə qayıdan DMŞ də açıqlama verir ki, bəs deməzsənmi, Ramiz Mehdiyev 6 ay bundan əvvəl iddiasını geri götürübmüş. Qız evində toymuş, oğlan evinin xəbəri yoxmuş. Bəs bu zıppıltılar kimin üçün və niyəymiş? Bəs biz kimlə məhkəmə çəkişməmizi aparırıq? Bəs biz 25-də kiminlə məhkəməyə çıxacağıq? Ramiz Mehdiyev iddiasını geri götürmüşdüsə, Fikrət Məmmədovun məhkəmə sistemi niyə onun iddiasını hələ də icraata yönəldir? Hə?!

Bütün bunlara cavab verilməlidir, Cənab nazir. Gözünü yumub ağzını açmağa nə var? Ramiz Mehdiyevi ortadan çıxarırsınızsa, lap yaxşı, amma bir mənə də xəbər edin və mətbəələrə verdiyiniz nifrin dolu əmrləri qaldırın…

Tamammı?!

 

“Azadlıq” qəzeti

23.10.2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button