Raqqanın çirkli sirrləri… – REPORTAJ, FOTOLAR, VİDEO

BBC yüzlərlə İŞİD döyüşçüsü və onların ailələrinin Raqqadan qurtuluşu üçün imkan yaradan anlaşmanın gizli detallarını aşkarlayıb. Hər şey şəhəri idarə edən ABŞ və Britaniyanın rəhbərlik etdiyi koalisiya və kürd qüvvələrinin gözü önündə baş verib.

Maşın karvanında İŞİD-nin ən nüfuzlu üzvləri və onlarla xarici döyüşçülər olub. Onların bəziləri Suriyaya yayılıb və hətta Türkiyəyə də çata biliblər.

Yük maşını sürücüsü Əbu Fevzi adi iş gününə hazırlaşırdı.

O, Suriyanın şimalındakı ən təhlükəli ərazidə 18 təkərli yük maşınını idarə edir. Bombalanmış körpülər, qalın səhra qumu, hətta hökumət qüvvələri və özünü İŞİD adlandıran qruplaşmanın döyüşçüləri də ona işini görməyə mane ola bilmirdi.

Lakin bu dəfə onun yükü insanlardan ibarət olacaqdı. İD ilə mübarizə aparan kürd və ərəb döyüşçülərindən ibarət Suriya Demokratik Qüvvələri (SDQ), Əbu Fevziyə Fərat çayı sahilində yerləşən Təbqa şəhərindən müharibə nəticəsində köçkün düşən yüzlərlə ailəni şimaldakı düşərgəyə aparan karvanın başında getməyi tapşırır.

İş maksimum altı saata başa gələcəkdi – ən azından ona belə deyilmişdi.

Lakin digər sürücülərlə oktyabrın 12-i səhər tezdən karvanı hazırlayarkən aldadıldıqlarının fərqinə varırlar.

Altı saatlıq iş, üç günlük çətin yola çevrilir. Yük olaraq isə İD döyüşçüləri, onların ailələri və tonlarla silah və döyüş sursatını daşımalı olurlar.

Əbu Fevzi və onlarla digər sürücülərə minlərlə dollar vəd edilir, bir şərtlə ki, hər şey gizli qalmalı idi.

Sövdələşməyə əsasən, İŞİD döyüşçüləri yerli rəsmilər tərəfindən təşkil edilən yolla qrup elan etdiyi xilafətin de-fakto paytaxtı sayılan Raqqadan çıxmalı idilər. Bu razılıq dörd ay çəkən və şəhəri darmadağın edib demək olar ki, əhalisiz qoyan döyüşlərdən sonra əldə edildi. İnsanların canı dincələcək və döyüşlər dayanacaqdı. İŞİD-ə qarşı döyüşən ərəb, kürd və başqa döyüşçülər də sağ qalacaqdılar.

Bununla belə, yüzlərlə İŞİD döyüşçüsü də şəhərdən qaça biləcəkdi. O vaxt nə ABŞ və Britaniyanın rəhbərlik etdiyi koalisiya, nə də onların dəstəklədiyi SDQ sövdələşmədəki rolunu etiraf etmək istəmirdi.

Bəs Raqqanın çirkli sirrləini gizlədən bu anlaşma, xarici dünya üçün təhlükə deyildimi ki, nəticədə silahlıların Suriya və sərhədlərindən kənara yayılması imkanı yaradıb?

Onu dünyadan gizli saxlamaq üçün dəridən-qabıqdan çıxılsa da, BBC karvanda olan vəya onu izləyən, eləcə də saziş üçün danışıqlar aparan onlarca insanla söhbət edə bilib.

Şəhərdən kənara

Təbqada, maşın yağına bürünmiş iş sahəsində, xurma ağacı altında üç oğlan yük maşını mühərrikini təmir edirlər. Onların üst-başı maşın yağına bulaşıb. Qara və yağlı saçları dik durub.

Yaxınlıqda isə bir qrup sürücü var. Əbu Fevzi ortada dayanıb. Əynində parlaq qırmızı kurtka var. Kurtkasının rəngi onun sevimli 18 təkərli yük maşınının rənginə uyğundur. Heç şübhəsiz ki, lider odur. Tez bizə çay və siqarət təklif edir. Əvvəl danışmaq istəmədiyini desə də, çox keçmədən fikrini dəyişir.

Qalan bütün sürücülər də əsəbidir. Mühərriklərini xarab edən, təkərlərini korlayan təhlükəli səyahətdən həftələr keçməsinə baxmayaraq, hələ də pullarını ala bilməyiblər. “Sanki cəhənnəmə gedib qayıtdıq”, o deyir.

Sürücülərdən biri karvanın marşrutunu cızmağa çalışır

Sürücülərdən biri karvanın marşrutunu cızmağa çalışır

“Raqqaya girən andan canımıza qorxu düşmüşdü”, o deyir. “SDQ də bizi müşayiət etməli idi, amma təkbaşına qaldıq. Oraya girər-girməz silahlı və bellərində sui-qəsd kəməri olan İD döyüşçülərini gördük. Onlar bizim üçün tələ qurubmuşlar. Əgər sövdələşmədə nə isə yanlışlıq olsa idi, onlar bütün karvanı bombalayacaqdılar. Hətta uşaq və qadınların da belində sui-qəsd kəmərləri var idi.

Kürdlərin rəhbərlik etdiyi SDQ Raqqadan bütün jurnalistləri çıxardı. İD-nin öz bazasından çıxışının televiziyalarda yayılmasına imkan verilməyəcəkdi.

SDQ ictimaiyyətə yalnız onlarla yerli İD silahlısının şəhəri tərk etməsinə imkan verildiyini demişdi.

Lakin bir yük maşını sürücüsü bunun yanlış olduğunu deyir.

“Bizim yük maşınlarımız və onların öz nəqliyyat vasitələrində uşaqlar və qadınlar da daxil olmaqla təqribən 4000 nəfər var idi. Raqqaya daxil olanda cəmi 200 nəfəri aparacağımızı zənn edirdik. Elə tək mənim maşınıma 112 nəfər minmişdi.”

Başqa bir sürücü isə karvanın alti-yeddi kilometr uzunluğunda olduğunu deyir. Buraya 50 yük maşını, 13 avtobus və İslam Dövləti qruplaşması üzvlərinin özünə məxsus 100-dən çox maşın daxil olub. İD döyüşçülərindən bəziləri üzləri bağlı şəkildə və qorxusuz maşınların üzərində oturmuşdular.

Gizli şəkildə lentə alınan və bizə də göstərilən videoda yük maşınlarının qoşqular vasitəsilə silahlı kişiləri daşıdığını görmək mümkündür. Razılaşma əsasında İD döyüşçülərinə yalnız şəxsi silahlarını götürməyə icazə verilir, amma onlar əllərinə keçən hər bir şeyi özləri ilə aparırlar. 10 yük maşını silah və hərbi sursatla doldurulur.

Sürücülər üzərində təmir işi gedən ağ yük maşınına işarə edirlər. “Təkərlərin mehvəri hərbi sursatın ağırlığına tab gətirməyib,” Əbu Fevzi deyir.

Bu təxliyədən daha çox İD-nin kütləvi köçü olub.

SDQ Raqqadan ayrılan karvanın üzərinə heç bir plakat və bayraq asılmamasını tapşırır.

Bundan başqa, Raqqadan heç bir xarici döyüşçünün ayrılmayacağı da bildirilmişdi.

May ayında ABŞ Müdafiə Katibi James Mattis İD-ə qarşı döyüşləri bir “məhvetmə” müharibəsi kimi təsvir edib. “Məqsədimiz xarici döyüşçülərin sağ qalaraq şimali Afrika, Avropa, Amerika və Asiyaya – evlərinə qayıtmalarına yol verməməkdir. Onların bunu etməsi üçün şans yarada bilmərik”, o, ABŞ televiziyasında çıxışı zamanı deyib.

Lakin sürücülərə əsasən, xaricdən gələn döyüşçülər də karvana qoşularaq qaçmağı bacarıblar. Biri deyir:

Çox sayda xaricilər var idi. Fransa, Türkiyə, Azərbaycan, Pakistan, Yəmən, Səudiyyə, Çin, Tunis, Misir…”

Digər sürücülər də başqa ölkələrin adlarını sadalayırlar.

BBC araşdırması üzə çıxdıqdan sonra, koalisiya sazişdə oynadığı rolu etiraf edir. Bildirilir ki, Raqqanı tərk edən İD döyüşçüləri ilə birlikdə, onların təxminən 3500 nəfər ailə üzvü də gəlib.

“Heç kimin getməsini istəmirdik,” İD-ə qarşı Qərb koalisiyasının Təbii Qərarlılıq Əməliyyatının (Operation Inherent Resolve) sözçüsü Ryan Dillon deyir.

“Amma bu bizim strategiyamızın mərkəzində olan bir prinsipdir. Hər şey yerli liderlərin təşəbbüsü və iştirakı ilə həll olunur. Hər şey suriyalılardan asılıdır – döyüşən və həyatlarını itirənlər onlardır və buna görə əməliyyatlarla bağlı qərarları da onlar verirlər,” o söyləyir.

Qərbli bir rəsmi danışıqlarda iştirak etsə də, onun müzakirələrdə “fəal iştirakı” olmadığı deyilir. Lakin polkovnik Dillon əmindir ki, Raqqanı tərk edən döyüşçülər arasında yalnız dörd nəfər xarici olub və onlar hazırda SDQ-nin nəzarətindədirlər.

İD silahlılarının ailə üzvləri şəhəri tərk etməyə hazırlaşırlar

İŞİD silahlılarının ailə üzvləri şəhəri tərk etməyə hazırlaşırlar

Şəhərdən çıxarkən maşın karvanı Raqqanın şimalında yerləşən yaxşı suvarılmış pambıq və buğda zəmilərinin yanından keçib. Kiçik kəndləri keçdikdən sonra, qarşıda səhra açılıb. Karvan əsas yoldan çıxaraq yoluna səhradan davam edib. Yük maşınları üçün qumda sürmək heç də asan iş olmayıb. Sükan arxasındakı kişilər üçün isə vəziyyət daha da çətin olub.

Əbu Fevzinin bir dostu köynəyinin qolunu çırmalayır. Dərisində yanıq izləri görmək mümkündür. “Görün, onlar nə ediblər,” o deyir.

Əbu Fevziyə görə, hər sürücünün yanında üç və ya dörd xarici olub. Onlar sürücüləri vuraraq “kafir” və ya “donuz” kimi adlarla çağırırmışlar.

Döyüşçülərin qaçmasında köməkçi olsalar da, ərəb sürücülər yolboyu təhqirə məruz qaldıqlarını deyirlər. Hədə-qorxu da öz yerində.

“Onlar deyirdilər ki, Raqqanı bərpa etdikdən sonra, bizə xəbər edin, geri qayıdacağıq,” Əbu Fevzi deyir. “Dikbaş və bivec idilər. Raqqadan qovulmalarında bizi günahlandırırdılar.”

Bir xarici qadın döyüşçü onu Kalaşnikov tipli avtomatı ilə qorxudub.

Səhrada…

Dükan sahibi Mahmud çox az şeydən qorxur.

Günorta saat dörd radələrində SDQ karvanı onların qəsəbəsi Şanindən keçib və hər kəsə evlərində qalmaq tapşırılıb.

“Biz burada idik və SDQ-yə məxsus bir maşın dayanıb, bizə İŞİD ilə aralarında razılıq əldə olunduğunu dedi. Onlar bizim ərazini boşaltmamızı istəyirdilər.”

O, İŞİD-ni sevməsə də və kəndindən keçib gedən 4000 döyüşçünün təpədən dırnağa qədər silah içində olduğunu bilsə də, biznes imkanını əldən vermək istəməyib.

Mahmudun dükanı

Mahmudun dükanı…

Kənddəki kiçik körpü tıxac yaratdığına görə İD döyüşçüləri maşınlardan düşüb bazarlıq ediblər. Aylar çəkən döyüşlər və narahat şərait onları halsız edibmiş. Həm də ac olublar. Onlar Mahmudun dükanına doluşaraq rəfləri boşaldıblar.

“Tək gözlü tunisli döyüşçü mənə “Allahdan qorx”, dedi. Sakit səslə niyə üzümü qırxdığımı soruşdu. O, dedi ki, geri qayıdıb Şəriəti bərpa edəcəklər. Mən ona Şəriət qanunları ilə heç bir problemimiz olmadığını dedim. Hamımız müsəlmanıq.”

“Bir neçə dəqiqəyə hazır olan əriştələr, peçenyelər və məzələr – əllərinə keçən hər şeyi aldılar.”

Onlar silahlarını dükanın divarına söykəmişdilər. Yeganə problem üç döyüşçünün siqaret qutularını gördüyü vaxt baş verir. Onlar üçün kontraband sayılan qutuları cırıblar.

“Heç bir şeyi ödəmədən götürmədilər, qətiyyən” o deyir.

“Yalnız üç nəfər özündən çıxdı. Hətta digər İD döyüşçüləri onları qınayırdı.”

O deyir ki, İD aldığı hər şeyin pulunu ödəyib.

“Onlar dükanı boşaltdılar. Saylarından təəccüb içində idim. Hamısı qiymətləri bilmək istəyirdi, amma digərlərinə xidmət göstərdiyimə görə cavab verə bilmirdim. Ona görə də heç soruşmamış pulu masama qoyurdular.”

Kobud davranışlarına rəğmən, yük sürücüləri də İD-nin pulu ödədiyini deyirlər.

Cinayətkar psixopatlar olsalar da, pul məsələsində həmişə dəqiq idilər.”

Əbu Fevzi gülümsəyərək deyir.

Kəndin şimalındakı mənzərə tamamilə başqadır. Tənha bir traktor neçə kilometr aralıdan görünən toz-torpağı havaya qaldıraraq yeri şumlayır. Burada kəndlərin sayı azdır. Maşın karvanı buralardan keçərkən yoxa çıxmağa cəhd edib.

Muhanadın kiçik kəndində insanlar yaxınlaşan karvandan qorxaraq qaçmağa başlayırlar.

Amma birdən-birə maşınlar əsas yoldan çıxaraq sağa dönürlər.

“Karvanın başında iki Hamvi maşını var idi,” Muhanad deyir. “Onlar karvanı idarə edir və heç kimin irəli çıxmasına icazə vermirdilər.”

Karvan səhrada gözdən itsə də, Muhanadın narahatlığı bitmədi. Bizimlə söhbət edən demək olar ki, hər kəs İD-nin geriyə dönmə hədələrindən söz açır. Bəzi döyüşçülər, kəndlilərin yanından keçərkən boğaz kəsmək işarəsi göstərirdilər.

“Son dörd, ya da beş ili qorxu içində yaşamışıq,” Muhanad deyir.

Psixoloji qorxudan qurtulmağımız heç də asan olmayacaq. Onların geri qayıdacağı və ya casuslarını gizli şəkildə aramıza göndərəcəkləri qorxusu var içimizdə. Hələ də həmişəlik getdiklərinə inanmırıq.”

Yolboyu danışdığımız adamlar koalisiya təyyarələri və ya dronlarının karvanı müşayiət etdiyini deyirlər.

Yük maşınının kabinəsindən Əbu Fevzi bir koalisiya hərbi təyyarəsinin onların başı üzərindən uçaraq qaranlıqda yolu işıqlandırmaq üçün karvanın kənarlarına fişəngləri necə buraxdığına baxırmış.

Karvanın sonuncu maşını keçərkən ABŞ qırıcısı çox aşağıdan uçaraq ərazini fişənglərlə işıqlandırdı. İD döyüşçüləri qorxularından tumanlarını batırdılar.”

Koalisiya karvanla birlikdə yerdə heç bir personalının olmadığını, lakin karvanı havadan izlədiyini deyir.

Sonuncu SDQ yoxlama məntəqəsindən sonra İD ərazisində Markada və Əl-Suvar kəndləri arasında Əbu Fevzi getdiyi yerə çatır. Onun yük maşını hərbi sursatla dolu olub və İD döyüşçüləri bu hərbi sursatı gizli saxlamaq istəyirdi.

Onlardan qurtulduqdan sonra isə SDQ ondan yükü harada boşaltdığını soruşub.

“Biz onlara xəritədə həmin yeri göstərdik və onlar o yeri işarələdilər ki, Trump əmi sonra oranı bombardman edə bilsin,” o deyir.

Raqqanın azadlığı qan, qurban və güzəştlə əldə edilib. Razılaşma şəhər sakinlərini azad edib və şəhərdəki döyüşləri dayandırıb. Bundan sonra heç bir SDQ döyüşçüsü İD sığınacaqlarına hücumlarda həyatlarını itirməyə məcbur olmayıb.

Lakin İD burada uzun müddət qalmayıb. Raqqadan qaçaraq qrupun ən çox axtarışda olan üzvləri Suriyanın başqa yerləri və ya digər ölkələrə pənah aparıblar.

Qaçaqçılar

Çəpərləri kəsən, divarlara dırmanan və ya Suriyadan tunellər vasitəsilə qaçan kişilər deyirlər ki, ölkəni tərk edən insanların sayı artıb. Xilafətin dağılması onların biznesi üçün yaxşıdır.

“Ötən iki həftə ərzində Raqqadan çıxıb Türkiyəyə keçmək istəyən çox sayda ailələr olub. Təkcə bu həftə mən 20 ailəni pul qarşılığında ölkədən çıxarmışam”, Türkiyə-Suriya sərhədində qaçaqçılıqla məşğul olan İmad deyir.

“Əksəriyyəti xaricilər olsalar da, aralarında suriyalılar da var idi.”

O, adambaşına 600 dollar və bir ailə üçün minimum 1500 dollar pul alır.

Bu cür işdə müştərilər özləri barədə məlumat paylaşmağı istəmirlər. Lakin İmad deyir ki, müştəriləri arasında fransız, avropalı, çeçen və özbəklər də olub.

“Bəziləri fransızca, bəziləri ingiliscə, bəziləri isə başqa dillərdə danışırdılar,” o deyir.

Türkiyə sərhədinin digər bir ucundakı qaçaqçılardan biri, Valid də, eyni sözləri deyir.

“Ötən bir neçə həftə ərzində daha çox ailələrin ölkəni tərk etdiyinin şahidi olmuşuq,” o deyir. “Böyük ailələr də olub. İşimiz onları digər tərəfə keçirmək olub. Xidmətlərimizdən istifadə edən çox sayda xarici ailələr də olub.”

Türkiyə sərhəd təhlükəsizliyini artırdığına görə iş daha da çətinləşib.

Bəzi ərazilərdə biz nərdivanlardan istifadə edirik, bəzi yerlərdə çaydan keçməli oluruq, bəzi ərazilərdə sıldırım dağ yolları ilə yerimək lazım gəlir. Acınacaqlı vəziyyətdir.”

Valid deyir ki, yüksək rütbəli İD üzvləri ilə isə vəziyyət fərqlidir.

“Yüksək səviyyəli xaricilərin öz qaçaqçı şəbəkəsi var. Adətən onlara Suriyaya girişlərini təmin edən insanlar kömək edir. Onlar bir-birlərilə əlaqəli işləyirlər.”

Qaçaqçılıq heç də hər kəsin işinə yaramayıb. Əbu Musab Huthaifa Raqqanın ən nüfuzlu şəxslərindən biri olub. İD kəşfiyyatının rəhbəri oktyabrın 12-də karvanda olub.

İndi isə həbs olunub və onun hekayəsi dağılan xilafətin son günlərini əks etdirir.

“İslam Dövləti” heç vaxt sövdələşmir. Barışmaz və qəddar – bu fərqli qaydalara riayət edən bir düşməndir.

Ya da ki, bizdə belə təəssürat yaratmaq istəyirdilər.

Əbu Musab

Əbu Musab

Amma Raqqadakı davranışları istənilən məğlub tərəfinkindən fərqlənməyib. Bir küncə sıxılmış, yorğun, ailələrinin taleyindən narahat olan İD döyüşçüləri naəlac şəkildə oktyabrın 10-u danışıqlara qoşulmağa məcbur qalıblar.

“Hava zərbələri təxminən 10 saata qədər davam etdi. Onlar döyüşçülər və ailələri də daxil olmaqla 500-600 insanı öldürdülər,” Əbu Musab Huthaifa deyir.

Yayılan bir videoda da koalisiya qüvvələrinin oktyabrın 11-i Raqqanın bir məhəlləsinə havadan hücumu nəticəsində ölənlərin sayının son dərəcə çox olduğu görünür. Qadın və uşaqların qışqırıqları arasında İD döyüşçülərinin qarışıqlığı da gözdən yayınmır. Bombaların xüsusilə güclü və təsirli olduğu görünür. Fəallar, 35 qadın və uşağın yaşadığı binanın dağıdıldığını iddia edirlər. Onların müqavimətini qırmağa bu kifayət edib.

Məzmun sarsıdıcı ola bilər.

“10 saatdan sonra yenidən danışıqlara başlanıldı. Əvvəl barışığa etiraz edənlər indi fikirlərini dəyişmişdilər. Və beləcə biz Raqqanı tərk etdik,”Əbu Musab deyir.

Sülh sazişi üçün bundan əvvəl üç cəhd olunmuşdu. Artıq danışıqları, Raqqanın yerli rəsmiləri də daxil olmaqla dörd nəfərdən ibarət bir qrup aparırdı. Bir cəsarətli şəxs öz motosikletilə ön cəbhələri keçib tərəflər arasında mesajları çatdırırdı.

“Yalnız şəxsi silahlarımızı özümüzlə götürə bilərdik və ağır silahlar qalmalı idi. Halbuki, bizim heç bir ağır silahımız yox idi”, Əbu Musab deyir.

Hazırda Türkiyə-Suriya sərhədində həbsdə olan Əbu Musab, İD ərazisinə çatan karvanın başına gələnləri danışıb.

Deyir ki, karvan Suriyanın şərqindəki İraq sərhədinə yaxın ərazilərə gedib.

O, minlərlə insanın qaça bildiyini deyir.

Əbu Musabın qaçmaq cəhdi, Raqqadan azad olanların Qərb üçün daşıdığı potensial təhlükədən xəbər verir.

Bəs necə olub ki, İŞİD-nin ən nüfuzlu rəhbərlərindən biri düşmən ərazisindən qaçıb, amma axır anda ələ keçib?

“Mən Türkiyəyə keçməyi planlaşdıran qrupun içində idim,” Əbu Musab deyir.

Qrupun idarə etdiyi ərazi daraldıqca, İD üzvləri ətrafdakıların axtarış siyahısına düşürdülər. Yəni, bu kiçik qrup hər bir halda düşmən ərazisindən keçməli olacaqdı.

“Bizi SDQ idarəsində olan ərazilərdən keçirməsi üçün bir qaçaqçı ilə əlaqə qurduq”, Əbu Musab deyir.

Əvvəl hər şey yaxşı idi. Amma qaçaqçılara həmişə etibar etmək olmaz. “O, bizi yarı yolda qoydu. Özümüzü SDQ idarəsindəki ərazilərdə qorumaq məcburiyyətində qaldıq. Bu an qrupumuz ayrıldı və hər kəs özünə görə cavabdeh idi,” Əbu Musab söyləyir.

Əgər daha yaxşı adama rast gəlsə və ya ölkədən çıxmaq üçün fərqli yol seçsəydi, bəlkə də azad olacaqdı.

Başqa bir yol isə Raqqanın qərbində yerləşən İdlibdən olub. Sonsuz sayda İD döyüşçüləri və onların ailələri ölkəni oradan tərk edə biliblər. Xaricilər də buradan çıxmağa üstünlük verirlər. Buraya britaniyalılar, digər avropalılar və mərkəzi asiyalılar da daxildir. Qiymətlər bir döyüşçü üçün 4000 dollar olduğu halda, böyük ailə üçün 20 000 dollara qədər dəyişir.

Fransız döyüşçü…

Əbu Bəşir əl-Faransi adlı gənc fransız kişi Raqqada vəziyyət gərginləşməmişdən qabaq buranı tərk edib. Hazırda İdlibdədir və burada qalmaq istədiyini deyir.

Hətta o zaman belə, Raqqada döyüşlər son dərəcə qızğın idi, o deyir.

“Biz ön cəbhədə döyüşürdük və əsasən kürdlərə qarşı mübarizə aparırdıq. Raqqanın mühasirə olunacağını ağlımıza gətirmirdik.”

Hadisələrdən yorulan və məyusluq keçirən Əbu Bəşir canını qurtararaq İdlibə getmək qərarına gəlir. İndi bu şəhərdə yaşayır.

O, İŞİD-nin demək olar ki, yalnız fransızlardan ibarət olan batalyonun tərkibində olub və o, qrupu tərk edən ərəfədə digər fransız yoldaşlarına yeni missiyalar tapşırılıbmış.

Qrupumuzdan bəzi fransız qardaşlar Fransaya gediblər. Onlar ‘hesablaşma günündə’ hücumlar təşkil edəcəklər.”

Raqqanın dağıntıları altında qalan çox şey var və bu sövdələşmə ətrafındakı yalanlar da bəlkə üstü örtülü orada qala bilərdilər.

Şəhəri tərk edənlərin sayı, yerli icma ağsaqqallarının etiraf etdiyi saydan qat-qat çoxdur. Əvvəldə koalisiya sövdələşmə barədə məlumat vermək istəmirdi.

Ağlasığmaz olsa da, kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri heç bir barışığın baş tutmadığında israrlıdırlar.

Hətta sövdələşməyə səbəb mülki girovların azad edilməsi də olmaya bilərdi. Koalisiyanın məlumatına görə, İD ilə koalisiya və ya SDQ arasında heç bir girov transferi olmayıb.

Koalisiyanın təkziblərinə baxmayaraq, şahidlər onlarla xarici döyüşçülərin də köçə qoşulduğunu deyirlər.

İŞİD-ni azad etmək sazişi, döyüşləri aparan kürdlər və onları əhatə edən ərəb icmaları arasında müsbət münasibətləri təmin etmək məqsədi daşıyırdı.

Digər məqsəd isə ölənlərin sayını azaltmaq idi. İD şəhər xəstəxanası və stadionuna nəzarət edirdi. Bu binaları boşaltmaq üçün ediləcək istənilən cəhd uzun vaxt alacaqdı və qan bahasına başa gələcəkdi.

İŞİD-ə qarşı müharibənin məqsədi ikibaşlı olub: ilk olaraq özünü xilafət adlandıran bu qruplaşmanın nəzarətindəki əraziləri əlindən alaraq dağıtmaq. İkincisi isə, Suriya və İraqdan kənarda terror hücumlarının qarşısını almaq.

Raqqa İŞİD-nin paytaxtı olmaqla yanaşı, onlar üçün bir növ qəfəs idi. Döyüşçülər tələdə sıxışıb qalmışdılar.

Raqqanı xilas etmək sazişinə bəlkə də dəyərdi.

Amma bu həm də döyüşdə bərkiyən hərbçilərin Suriya və daha ətrafa çıxışına yol açıb. Onların bir çoxunun aparacağı mübarizə isə hələ sona çatmayıb.

P.S. Reportajda barəsində danışılan insanların adları dəyişdirilib. (BBC)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button