RATİ-yə QARŞI TƏZYİQ BAŞLAYIB

08.02.2012

Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) İctimai Birliyinə xəbərdarlıq edib.

Xəbərdarlıqda ictimai birliyin sədrinin seçilməsi barədə Ədliyyə Nazirliyinə məlumat verilmədiyi göstərilib. Xəbərdarlıqda daha sonra qeyd edilib ki, RATİ-nin www.nakhchivan.org.az saytında Naxçıvan Muxtar Respublikası haqqında qərəzli, həqiqətə uyğun olmayan məlumatların yerləşdirilməsi ilə əlaqədar muxtar respublikadan Ədliyyə Nazirliyinə müraciət daxil olub. Xəbərdarlıq məktubunda bu, RATİ-nin “KİV haqqında” qanunun 10-cu maddəsini pozması kimi qiymətləndirilib.

Məsələ ilə əlaqədar fevralın 7-də keçirdiyi mətbuat konfransında RATİ-nin rəhbəri Emin Hüseynov deyib ki, quruma qarşı qarayaxma kampaniyası aparılır. İqtidar mətbuatında RATİ-nin hədəfə alınmasını da, Ədliyyə Nazirliyinin xəbərdarlığını da məqsədyönlü təzyiq kimi qiymətləndirən Emin Hüseynov vurğulayıb ki, buna səbəb RATİ-nin başqa bir neçə QHT ilə birgə Azərbaycanda “Avroviziya” beynəlxalq mahnı müsabiqəsi öncəsi insan haqlarına dəstək vermək üçün keçirdiyi “Demokratiya üçün oxu!” (www.singfordemocracy.org) kampaniyasıdır. Bu kampaniyanın əsas məqsədi Azərbaycanda insan haqları sahəsində olan mənfi duruma yerli və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, Azərbaycan iqtidarından insan haqlarına hörmətlə yanaşmağı tələb etməkdir.

Emin Hüseynov süni əsaslarla RATİ-nin qeydiyyatının ləğv oluna biləcəyini də istisna etməyib. Amma bildirib ki, o və tərəfdaşları istənilən halda qurumun fəaliyyətini davam etdirəcəklər.

Emin Hüseynov bildirib ki, Ədliyyə Nazirliyinin xəbərdarlıq məktubu ilə bağlı məhkəməyə üz tutacaq, habelə məsələ barəsində Azərbaycan rəhbərliyinə, “Avrovizya-2012”nin təşkilat komitəsinə, ATƏT-ə, Avropa Birliyinə, Avropa Şurasına və BMT-yə müraciətlər göndərəcək.

Tədbirdə iştirak edən Norveçin İnsan Hüquqları Evinin icraçı direktoru Mariya Dale Ədliyyə Nazirliyinin davranışından narazılığını bildirib: “Biz Azərbaycan hakimiyyətinin əməlləri barədə bütün beynəlxalq təşkilatlara məlumat verəcəyik”.

Tədbirdə “Demokratiyanı öyrənmə” İctimai Birliyinin sədri Mirəli Hüseynov sədri olduğu QHT-yə də analoji xəbərdarlığın edildiyini, amma QHT-lərə Dövlət Dəstəyi Şurasının köməyilə problemin həllinə nail olduqlarını söyləyib, RATİ-yə də bu variantdan istifadə etməyi məsləhət bilib.

Jurnalist Şahvələd Çobanoğlu deyib ki, RATİ-yə edilən xəbərdarlıq siyasi təzyiqdir və bu təzyiq də RATİ-nin “Demokratiya üçün oxu!” kampaniyasında aktiv iştirakı ilə bağlıdır.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib ki, məsələ ilə bağlı RATİ-nin seçdiyi yol doğrudur və edilən xəbərdarlığa görə mütləq məhkəməyə müraciət edilməlidir, habelə beynəlxalq səviyyədə iş aparılmalıdır.

Tədbirdə Demokratik Jurnalistika Məktəbinin rəhbəri Rövşən Hacıyev, Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu, İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov, jurnalist İdrak Abbasov, Bəşir Süleymanlı çıxış edib RATİ-yə qarşı təzyiqləri pisləyiblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button