Rauf Arifoğlu 50 yaşın eşiyində: “Qocalıq budursa…”

Rauf Arifoğlu: “Qocalıq budursa, onunla aram çox yaxşıdır deyə bilərəm”

“Ömrün qalan hissəsində tələsmək lazımdır”
Sabah “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlunun 50 illik yubileyidir. O, 23 iyul 1966-cı ıldə Tovuzun Yuxarı Öysüzlü kəndində anadan olub. Bu münasibətlə “Şərq” qəzetinin əməkdaşları həm onu təbrik etmək, həm də yaşadığı 50 illik ömür tarixçəsinə nəzər salmaq üçün baş redaktorla müsahibə aparıblar. xural.com həmin müsahibəni təqdim edir.
– Rauf bəy, 50 yaş yubiley yaşıdır, qeyd edəcəksinizmi?
– “Yeni Müsavat” və “Minval.az” saytının kollektivinin təşkilatçılığı ilə yubiley tədbiri olacaq. Yubileylə bağlı əməkdaşlarımız film də hazırlayıblar. Tədbirdə həmin filmin nümayişi də olacaq.
 
– Geridə qoyduğunuz 50 ilinizi necə dəyərləndirirsiniz?
– Əslində 50 ili bir neçə cümlə ilə qiymətləndirmək çətindir. Ömrümün 28 ilini Milli Azadlıq Hərəkatı, müharibə dövrü və media quruculuğu prosesinə sərf eləmişəm. Yəni ötən illərim hədər getməyib. Dopdolu bir həyat yaşamışam. Geriyə baxanda düşündüyüm odur ki, 50 ili boşuna yaşamamışam. Medianın inkişafı üçün əlimdən gələn hər şeyi etmişəm.
– Ümumiyyətlə, ad günlərinin özəl gün olaraq qeyd olunmasını sevirsinizmi? Bəzi adamlar üçün ad günlərinin adi bir gündən fərqi yoxdur.
– Əslində mən də ad günümü özəl gün kimi qəbul edirəm və yaxınlarımla keçirməyə daha çox üstünlük verirəm. Mümkün qədər də həmin gün Bakıda olmamağa çalışıram. Ad günümü böyük tədbir kimi 40 yaşımda qeyd eləmişəm. Bir də indi, düz 10 ildən sonra 50 yaşımı qeyd edəcəm. Əslində bu dəfə yubiley yaşı olduğu üçün qəzetin kollektivi və yaxın dostlar israr elədiyi üçün tədbir keçirmək qərarına gəldim.
– Cəmiyyətdə belə bir fikir formalaşıb ki, 40 yaşı qeyd etmək insana uğursuzluq gətirir. Görünür, belə şeylərə inananlardan deyilsiniz…
– Yox, elə şeylərə inanmıram. Ancaq Allaha inanıram. Hər şey yaradanın əlindədir.
– Bu günə qədər aldığınız ən maraqlı və yaddaqalan hədiyyə olubmu heç?
– Yaddaqalan elə bir xüsusi hədiyyə və ya hər hansı bir jestlər olmayıb. Hesab edirəm ki, 50 ildə yadımda qalan ən maraqlı hədiyyə elə yubiley günü kollektivin mənimlə bağlı hazırladığı film olacaq. Düzdür, hələ ki filmi tam formatda izləməmişəm. Amma izlədiyim bir-iki dəqiqəlik fraqmentlər məni çox təsirləndirib.
– Uşaq yaşlarında hər kəsin gələcəklə bağlı arzuları, planları olur. Amma heç də hamımız böyüyəndə öz arzularımızı reallığa çevirə bilmirik. Bəs sizin necə, yaşadığınız bu ömür arzuladığınız ömürdümü?
– Yox, uşaqlıq arzularım bir az fərqli idi. Tanrım arzularımı korrektə edərək mənim üçün başqa bir həyat yolu cızıb. Amma yenə də taleyimdən narazı deyiləm. Alnıma nə yazılıbsa, onunla razıyam və hər gün Allahıma şükür edirəm.
 
– Bəs sonrakı arzularınız…
– Xeyli arzularım var, amma sözün açığı, cari işlər o qədər ağırdır ki, vaxt ayırıb, bundan sonrakı həyatımla bağlı strateji planlar qurmağa vaxtım olmur. Hətta fikirləşirəm ki, 50 yaşımdan sonra işlərə bir-iki günlük ara verib, yaxın gələcəklə bağlı düşüncələrimi sistemləşdirim.
 
– 50-dən sonra qocalıq yaşıdır deyirlər. Qocalıqla aranız necədir? Yaşlanmaq hissi sizi qorxutmur ki?
– 20 il əvvəl 50 yaşla bağlı düşüncələrim tamam fərqli idi. Doğrudan da insan gənc olanda qocalmaqdan ehtiyatlanır. Amma bu gün tam səmimiyyətimlə deyirəm ki, qocalıq heç də gənclərin gözündə böyütdüyü qədər qorxulu deyil. Qocalıq budursa, aram çox yaxşıdır deyə bilərəm. Enerjim, gücüm, yaradıcılıq qabiliyyətim hamısı pik nöqtədədir. Allah bundan sonrasını xeyirli eləsin!
 Gənc olanda insan hesab edir ki, 50, uzaq başı 55 yaşdan sonra işdən-gücdən çəkilib, evində otursun. Siz necə, öz köşənizə çəkilməyi düşünürsünüzmü?
– Qəzetçi üçün təqaüd yaşı yoxdur. Əksinə, deyərdim ki, yazar insanlar yaşlandıqca daha da peşəkarlaşır, daha yaxşı yazılar yazır, təhlillər aparır. Bizim işdə peşəkarlıq mühüm şərtdir, peşəkar jurnalist olmaq üçün də kifayət qədər təcrübəyə sahib olmalısan. Mən öz həyatımda bunun canlı şahidi oldum deyə bilərəm. 27 il qəzet redaktoru olmağıma rəğmən mediadan uzaqlaşmağı düşünmürəm. Allaha şükür, bu gün də əvvəlki dinamika ilə həm işləyirəm, həm də yaşayıram. Hətta indi daha böyük məsuliyyətlə davam edirəm. Hiss edirəm ki, ömrün qalan hissəsində tələsmək lazımdır. Daha çox yazmağa, özümdən sonra bir söz irsi qoymağa çalışıram.
– Jurnalistika öz seçiminizdir, yoxsa taleyin oyunu?
– Orta məktəbi bitirəndən sonra mühəndislik oxumuşam. İxtisasca kimyaçı-texnoloqam. Hətta universiteti bitirdikdən sonra Elmi-Tədqiqat İnstitutuna təyinat da almışdım. Amma bayaq da dediyim kimi, Rəbbim həyatımda çox korrektələr edib. Məni jurnalistikaya gətirən də Allahımdır. Uşaqlıqda belə bir arzum olmayıb. Nə baza təhsilim, nə uşaqlıq arzularım jurnalistikadan yana olmayıb. Milli Azadlıq Hərəkatına qoşulmağım və ölkədə baş verən proseslər yaradıcı keyfiyyətlərimi üzə çıxardı. Bir də onda gözümü açdım ki, gizli şəkildə qəzet dərc eləməyə başlamışam. 1989-cu ildən başlayaraq gizli şəkildə öncə “Birlik dərgisi”ni, sonradan isə “Yeni Müsavat” qəzetini yaratdıq. Elə o gündən də mətbuatın əsas iştirakçılarından birinə çevrildim.
– İnsan uzun müddət bir işlə məşğul olanda bezir. 27 il az müddət deyil. Özünüz də kifayət qədər ağır və keşməkeşli yollardan keçmisiniz. Heç olubmu ki, qələmi, kağızı atıb, bu sahədən uzaqlaşmaq istəyəsiniz?
– Heç vaxt jurnalistikadan bezməmişəm. Əksinə, qələm, kağız olmayan yerdə həmişə onları axtarmışam. Bircə həbsxanada olduğum illərdə jurnalistikadan uzaq qalmışam. 2-3 ay orada kağız-qələm tapmaq problemim oldu. Onda da fikirlərimi “solfetka” üzərinə yazıb, bir kənara yığırdım. Bir sözlə, qələmsiz və yaradıcılıqsız bir həyat təsəvvür eləmirəm.
– Hərəkat dövründə qeyri-leqal dərc olunan “Yeni Müsavat” qəzeti Azərbaycan mətbuatında özünə yer tapmasaydı, hansı sahəyə üz tutacaqdınız?
– Əlimdə mühəndislik ixtisasım vardı. Əslində dəqiq elmləri çox yaxşı oxuduğum üçün bu ixtisası seçmişdim. Amma 2-ci, 3-cü kursda oxuyanda gördüm ki, yanlış ixtisası seçmişəm. Ədəbiyyat, yaradıcılıq sahəsində daha istedadlı olduğumu anladım. Əgər qəzetçi olmasaydım, ən azından şair və ya yazıçı olmağa cəhd edərdim. Amma yüz faiz mühəndis peşəsini davam etdirməyəcəkdim.
– Deyəsən, son zamanlar siyasətdən uzaq gəzirsiniz?
– Siyasətdən yox, partiya həyatından uzaqlaşmışam. Firqəçilikdən kənarlaşmışam. Və bu qərarımın da doğru olduğunu düşünürəm. Dünyanın heç bir ölkəsində media nümayəndələri partiya üzvü olmur. Baş redaktorun siyasi mənsubiyyəti olanda onun yazıları da, rəhbərlik elədiyi media quruluşu da öz etibarını itirir. Çünki bu zaman həmin qəzet konkret bir partiyaya xidmət etmək məcburiyyətində qalır. Əslində partiyadan uzaqlaşmaq üçün uzun müddət yol gədikdən sonra uyğun bir vaxtda “Yeni müsavat”ı müstəqil qəzet elan elədik. Deyim ki, bu qərarımdan da çox məmnunam. Amma mənim partiyadan uzaqlaşmağım siyasətdən uzaq gəzməyim anlamına gəlməməlidir. Bütün dünyada, eləcə də Azərbaycanda dərc olunan istənilən tirajlı siyasi media orqanının rəhbəri eyni zamanda siyasi fiqurdur. Bu nöqteyi-nəzərdən mən nəinki dolayısı ilə, elə birbaşa siyasətin özündə və mərkəzindəyəm.
-”Yeni Müsavat” partiyadan ayrılan zaman sizinlə Müsavat Partiyası rəhbərliyi arasında narazılıq olduğuna dair iddialar yayıldı…
– Heç bir narazılıq yox idi. Yuxarıda dediyim səbəblərdən qəzeti müstəqil media quruluşuna çevirmək təşəbbüsü göstərdim. Təbii ki, bu təşəbbüsüm də partiya tərəfindən qısqanclıqla qarşılandı. Əslində hansı partiya olsa, eyni cür münasibət sərgilənəcəkdi. Partiya funksionerləri media orqanlarına özünə bağlı və istəklərini icra edən sıravi bir üzv kimi görmək istəyirlər. Bütün bunlar isə media maraqlarının ziddinədir. Bu məsələ sadəcə Müsavat Partiyası ilə “Yeni Müsavat” qəzeti arasındakı bir ziddiyyət deyil. Dünyanın harasında olsa, qəzetin müstəqillik təşəbbüsü partiya boslarının etirazına və narazılığına səbəb olacaqdı. Müsavat Partiyası rəhbərliyinin rəhbər şəxslərinin yüksək mədəniyyəti və media azadlığına dair məlumatlı olması sahəsində bu proses nisbətən ağrısız keçdi. Amma sıravi üzvlər eyni mədəniyyət və bilgilərə sahib olmadıqlarından reaksiyalar fərqli oldu. Onlar istəyir ki, “Yeni Müsavat” qəzetinin bütün kollektivi və Rauf Arifoğlu əvvəllər olduğu kimi yenə də gecə-gündüz Müsavata işləsin. Hətta bir qrup insan elə düşünür ki, partiyanın əvəzindən hakimiyyəti də biz tənqid etməli, qəzetdə ancaq “Müsavat”ın maraqlarına uyğun yazılar verməliyik. Onlar da çay süfrəsi arxasında oturub, rahatca prosesləri izləməlidirlər. Amma biz media nümayəndəsiyik və hər şeydən əvvəl qəzetçiliyin inkişafına töhfə verməliyik.
Hazırda Azərbaycan ağrılı bir mərhələdən keçir. Biz çalışırıq ki, media orqanları siyasi partiyalardan kənarlaşıb, özləri bir düşərgə statusuna yiyələnsinlər. Çünki bütün dünya ölkələrində mətbuatın əlahiddə səlahiyyətləri var. Azərbaycanda isə media orqanlarının əksəriyyəti hakimiyyətin, bir qismi isə müxalifətin təsiri altında idi. İkincilərdən biri də “Yeni Müsavat” qəzeti idi. Amma biz birdəfəlik bu yükü çiyinlərimizdən götürdük. Sağdan-soldan söyləntilər istənilən təşəbbüsdə olur. Əsas odur ki, biz öz fəaliyyətimizi düzgün qurduğumuza əminik!
– 2 gündən sonra mətbuatın 141 illiyi qeyd olunacaq. Yubiley ərəfəsində mediamızın durumunu necə xarakterizə edərdiniz?
– Azərbaycan mətbuatının durumu o qədər də parlaq deyil. Bu sektorda böyük biznes qurmaq imkanları yoxdur. Reklam bazarı çox zəifdir. Xarici şirkətlərin yazılı mediaya pul xərcləməyə isə ümumiyyətlə əli gəlmir. Bu da mətbuatın inkişafına mənfi təsir göstərir. Problemlərimiz çoxdur. Çox təəssüflər ki, Azərbaycanın pulu, sərvəti çoxaldığı dövrlər belə medianın vəziyyətində ciddi sürətdə dəyişiklik baş vermədi.
– Övladlarınız arasında yolunuzu davam etdirən varmı? Yoxsa ayrı sahələri seçiblər?
– Böyük övladım hüquqşünasdır. Lakin ortancıl qızım Türkiyədə jurnalistika ixtisasına yiyələnib. Hazırda APA agentliyində işləyir. Bir neçə aydan sonra magistr təhsilini davam etdirmək üçün xaricə gedəcək. Onun bu sahədə yüksək nailiyyətlər əldə edəcəyinə inanıram. Qızıma güvənim tamdır. Gələcəkdə onun ölkənin ən yaxşı jurnalistlərindən və yazarlarından biri olacağına əminəm. Oğlum isə hələ orta məktəbdə oxumasına rəğmən jurnalistikaya həvəslidir. Yəqin ki, elə o da media sahəsində öz təhsilini davam etdirər.
– Qızınız niyə “Yeni Müsavat”da yox, APA-da işləyir.
– Uşaq yaşlarından redaksiyaya gəlib-gedirdi. Hətta tətillərdə yazıb-pozurdu da. Mən də düşündüm ki, fərqli bir məktəb keçsə daha yaxşı olar. Bilirsiniz ki, APA xəbərçilik sahəsində öz peşəkarlığı ilə seçilir. Həm də Holdinqin nəzdində APA TV də fəaliyyət göstərir. Bu yolla da çəkiliş, montajın incəliklərini öyrənəcəyini düşündüm və Vüsalə xanımdan qızımı öyrətməsini xahiş elədim. Klassik jurnalistikaya aid bilgiləri də, təcrübəsi də vardı, yeni medianı öyrənməsi üçün APA-da işləməsini daha məqsədəuyğun hesab etdik. Hazırda uğurlu şəkildə öz fəaliyyətini davam etdirir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button