Rauf Arifoğlu Müsavat Partiyasından istefa verdi

rauf-ilham“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyası sıralarından istefa verib.

xural.com apa tv-yə istinadən xəbər verir ki, Rauf Arifoğlu iyulun 15-də istefa ərizəsini partiyanın başqanı Arif Hacılıya və Divana göndərib. 

Baş redaktor APA TV-yə açıqlamasında bildirib ki, partiya üzvlüyünə xitam verməklə bağlı qərarı əslində 1998-ci ildən veribmiş: “Mənim mətbuatdakı qabiliyyətim və verə biləcəyim faydalar partiya sektorunda qabiliyyətimdən və verə biləcəyim faydalardan daha çoxdur. Media sektorundakı dostlar bilirlər bunu, onlara dəfələrlə demişəm və 1999-cu ildən başlayaraq hakimiyyətlə dirəşdiyimiz ən kritik anlarda belə dəfələrlə bəyan etmişəm ki, jurnalist əslində partiyalı olmamalıdır. Partiya qəzeti olmamalıdır, iqtidar qəzeti olmamalı, müxalifət qəzeti olmamalıdır. Dünyada necə, Azərbaycanda da elə olmalıdır və bunu biz gətirməliyik. Biz mətbuata siyasi hərəkatdan, milli azadlıq hərəkatından gəlmişik. Ona görə də bu  prosesi  tez həyata keçirmək mümkün olmadı. Əvvəl partiyalı medianı qurduq, ümumiyyətlə, müstəqil medianı, antikommunist mahiyyətli gizli mətbuatı qurduq. Sonra onu leqallaşdırdıq, sonra onun dövriliyini gücləndirdik, kollektiv yığdıq, yeni jurnalistlər yetişdirdik. Müəyyən bir baza oluşdurduq ki, o bazaya əsasən Azərbaycanda müxtəlif müstəqil media quruluşlarını formalaşdırmaq mümkün olsun. 1999-cu ildə bu addımı atsaydıq, mümkün olmayası idi. Son illərə qədər də mümkün olmadı. Amma hesab edirəm ki, indi artıq həm də partiya fəaliyyətinin kifayət qədər əhəmiyyətsizləşməsindən, epizodik bir rola çevrilməsindən doğur bu qərar”.

 

Rauf Arifoğlu qeyd edib ki, artıq 9 ildir Müsavat Partiyasında heç bir fəaliyyəti yoxdur: “Eyni zamanda başqa faktorlar da var ki, mənə mane olur. Yəni sıravi müsavatçı düşünür ki, mən də məhz onun düşündüyü kimi düşünüb, onun düşündüyü kimi yazmalıyam, onun ürəyindən tikan çıxaran ağır ifadələr işlətməliyəm. Amma bunun zamanı keçib. Yəni leksikonu sərtləşdirməklə ictimai dayaq toplamaq, hakimiyyətə gəlmək mümkün olmadı. Bütün variantların hamısı yoxlanılıb. Tam əksinə, düşərgəni iflasa, qarşıdurmaya, iqtidar-müxalifət münasibətlərinin düşmənçiliyə və siyasi geriliyə gətirib çıxardı. Siyasi radikalizm siyasi islamdan heç nə ilə fərqlənmir. Eyni mahiyyətlidir. Biri özünə bomba bağlayıb özünü partladır və ətrafdakıları zədələyir, digərləri isə dilinə bomba bağlayır və sözlə partladır. Bu baxımdan bunlar eyni mahiyyətlidir”.

 

“Yeni Müsavat”ın baş redaktoru partiyadan istefa verməklə özünü partiya mükəlləfiyyətindən azad etdiyini vurğulayıb: “Partiyaya verdiyim bir sıra hüquqlarımı da geri aldım. Çünki partiya üzvü partiyaya daxil olarkən müəyyən hüquqları vermiş olur. Eyni zamanda partiyanı da mətbu fəaliyyətimlə, müstəqil fəaliyyətimlə, eyni zamanda biznes və korporativ çıxarlarımla bağlı olan bir sıra fəaliyyət və suallardan azad elədim. Artıq onların hər dəfə izahat verməsinə ehtiyac yoxdur. Bu çox ağır bir proses idi? Qətiyyən! İnsanlar deyir bu illərə heyifin gəlmirmi? Bəs nə olacaq? Mən partiyasız da müsavatçıyam. Hər bir azərbaycanlı müsavatçıdır. Çünki o bayrağa – üçrəngli bayrağa təzim edir, onu qəbul edir, onu simvollaşdırır, onu müqəddəs bilir. Bu fəaliyyətimi bayrağa, millətə, torpağa, dövlətə, demokratiyaya, söz azadlığına  hörmət etməklə, xidmət göstərməklə davam etdirəcəyəm”.

 

Baş redaktor Müsavat Partiyasından istefasının Milli Mətbuat günü və ya əməkdar jurnalist fəxri adına layiq görülməsi ilə əlaqələndirilməsini doğru saymır: “Bu barədə mən aylar öncə anons vermişəm. Partiyadan gedəcəyimi isə ötən ilin sentyabrında keçirilən Müsavat Partiyasının qurultayından əvvəl məndən dəstək istəyən başqan iddiaçılarının hamısına demişəm. Hamısı məndən dəstək istəyib, hamısı da o dəstəyi alıb. Arif Hacılı da, Qubad İbadoğlu da, Tural Abbaslı da. Yalnız Səxavət Əlisoy dəstəyi çox gec istədi və yaxud heç istəmədi. Ona görə də almadı. Amma hər biri ayrı-ayrılıqda şəxsən məndən dəstək xahiş ediblər. Hər biri ilə də şəxsi söhbətdə demişəm ki, kimin başqan seçilməyindən asılı olmayaraq, mən partiyadan gedəcəyəm. Sadəcə, qurultaydan sonra Müsavat Partiyasında vəziyyət mürəkkəbləşdi, böhran yarandı. Ona görə mən özümə sığışdırmadım dərhal getməyi. Alışdıra-alışdıra, bir neçə dəfə bu sözləri deyə-deyə, bunun Müsavat Partiyasına verə biləcəyi zərərləri kompensasiya edərək və hər kəsi də bu gerçəyə alışdıraraq bu addımı, nəhayət, atdım. Bu, son qərar olaraq 15 iyula təsadüf etdi. Mən heç bilmirdim ki, mənə bu ad veriləcək. Çünki mən heç əslində son ana qədər gərək olan sənədləri belə təqdim etməmişdim. Mətbuat Şurası İdarə Heyətinin üzvi kimi Əflatun Amaşov mənim təqdimatımı vermişdi. Prezidentin hansı qərar verəcəyini mən bilmirdim. Çünki biz özümüz qəzet olaraq redaksiyadan fərqli adamların təqdimatını vermişdik. Onlar qəbul olunmadı. Yalnız Ələsgər Suleymanov “Tərəqqi” medalı ilə təltif olundu. Mən də bu təltif olunmağımla bağlı məlumatı ilk olaraq “Azadlıq” radiosundan öyrənmişəm. Yəni heç sizə açığı deyim ki, olandan sonra təbii ki, önəmi böyükdür. Amma olana qədər mən diqqət verməmişəm. Bu prosesin Milli Mətbuat gününə düşməsi tam təsadüfüdür. Bir az da simvolikdir. Yəni mən mətbuatı seçirəm. Siyasi kimliyi ilə önə çıxmış, bəlli olmuş, bir müddət qeyri-leqal fəaliyyət göstərmiş, Azərbaycan mediasının qurulmasında müəyyən xidmətləri olmuş, 26 il stajı olan, Azərbaycanda silahlı dəstələrin yaradılmasında, ölkənin sərhədlərinin qorunmasında az da olsa xidmət göstərmiş Rauf Arifoğlu birmənalı olaraq qələmi, klaviaturanı və media sektorunu seçir”.

xural.com diqqət edib ki, Rauf Arifoğlunun Müsavat Partiyasından istefa verdiyi tarix, Prezident İlham Əliyevin “əməkdar jurnalist” adını qeyd edən sərəncamın imzalanma tarixi ilə üst-üstə düşür. Həm istefa ərizəsi, həm də sərəncam eyni gündə imzalanıb, 5 gün gecikmə ilə ictimaiyyətə elan edilib. Xeyirli olsun.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button