REDAKTORLAR BİRLİYİ TƏHQİQAT QRUPU YARATDI

“Yeni Müsavat” qəzeti

2011-11-23

Rafiq Tağıya sui-qəsdi iki jurnalist, bir vəkil, bir təhqiqatçı araşdıracaq

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda Redaktorlar Birliyinin (RB) növbəti iclası keçirilib. Bunu bizə açıqlamasında “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev dedi.

Onun sözlərinə görə, toplantıda öncə yazıçı Rafiq Tağıya edilən sui-qəsd müzakirə olunub. RB üzvləri bu olayla bağlı bəyanat yayıb. Müəlliflər bu olayı törədənlərin cəzalandırılmasını, bu barədə ictimaiyyətin məlumatlandırılmasını tələb kimi irəli sürüb. Öncə olduğu kimi, bu dəfə də RB bu sui-qəsdlə bağlı jurnalist təhqiqatı aparmağı qərara alıb. Təhqiqat qrupuna 2 jurnalist, 1 vəkil və 1 təhqiqatçı mütəxəssis daxil edilib. M.Əliyev dedi ki, araşdırma maksimum 1 ay davam edəcək: “Amma araşdırmanın gedişinə uyğun olaraq ara hesabatlar da ola bilər. Təhqiqatın gedişi və nəticələri haqda ictimaiyyətə məlumat verəcəyik”.
M.Əliyev dedi ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı başqa bir təhqiqat qrupu da araşdırma aparır. Hər iki araşdırma yekunlaşan kimi mətbuat konfransı keçiriləcək.
RB-nin 22 noyabr iclasında Mətbuat Şurasının “Gündəm-Xəbər” qəzetindən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayəti də müzakirə olunub və qəzetə dəstək vermək qərara alınıb: “Onların məhkəməsi yaxın günlərdə olacaq. Vergilər Nazirliyi onlara qarşı iddia qaldırmışdı. Qəzet də onları məhkəməyə verib. Maraqlıdır ki, qəzetə qarşı ittiham vermək üçün ”Yeni Müsavat”ın tirajı götürülüb. Çünki qəzetin arxasında tirajları yazılmamışdı. Araşdırdıq ki, dövlət yönümlü qəzetlərdə də tiraj olmur. Bu qəzetlə bağlı öncə Mətbuat Şurası müzakirə aparmışdı, sonra da ondan Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etmişdi. Yəni Mətbuat Şurasından ilkin təkan gəlmişdi”.
Xatırladaq ki, R.Tağı noyabrın 19-u axşam Bakıda bıçaqlanıb. Bir neçə bıçaq zərbəsi alan yazıçı əməliyyat olunub və hazırda xəstəxanada yatır. Sui-qəsdi təşkil edən və ya həyata keçirən şəxs hələ tutulmayıb.

Sevinc TELMANQIZI

Qeyd: 23.11.2011-ci il tarixində Rafiq Tağı qəflətən dünyasını dəyişib. Onun qardaşının verdiyi açıqlamaya görə, öz həkimi işə çıxmadığından onu əvəz edən başqa bir həkimin vurduğu iynədən sonra yazıçının vəziyyəti qəflətən pisləşib və o qusmağa başlayıb. “Vurulan iynədə hansı dərmanın olduğunu belə bilməyən” qardaşı Rafiq Tağının gözlərinin bərəldiyini və bir anda nəfəsinin tutuldugunu deyir. Lakin yaxın ətrafda 1 nəfər də olsun tibb işçisi olmadığından nə qədər çagırsa da köməyə gələn olmayıb (?!)  

Əlaqəli məqalələr

2 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button