Referendumdan ən çox kim zərər çəkəcək – xalq, yoxsa hakimiyyət?!

Nəsimi Məmmədli

Müstəqil politoloq

Ölkədə günü-gündən dərinləşən sosial-iqtisadi böhran əhalinin sürətlə yoxsullaşması və geniş narazılığı ilə müşayiət olunur. Regionlarda apardığımız monitorinqlər əsasında formalaşan qənaətimiz budur ki, əhalinin mütləq əksəriyyəti çox pis yaşayır. Açıq etirazlar baş verməsə də, narazılıq sürətlə çoxalır və bir gün məhəlli etirazların qızışacağı da istisna deyil.

Böhranın qarşısını almaq üçün heç bir normal iqtisadi tənzimləmə gətirməyi bacarmayan iqtidar bir ildən çoxdur ki, əhalinin diqqətini idarəetmənin bacarıqsızlığından yayındırmağa xidmət edən müxtəlif səpkili addımlar atır. İnsanların hüquq və azdlıqlarını məhdudlaşdırmaq, toplumda kütləvi ümidsizlik, qorxu, çarəsizlik yaratmaq üçün ən ağılasığmaz qərarlar qəbul edir. Hüquq-mühafizə orqanlarının gücü ilə hüquqa və qanunçuluğa açıq-aşkar meydan oxunaraq, hakimiyyətlə əhali arasında nəhəng bir qala hörülür.

Konstitusiyaya ediləcək məhdudlaşdırıcı əlavə və dəyişiklikləri özündə birləşdirən referendumun keçirilməsi də “xalqdan qorunma”siyasətinin davamı kimi görünür. Çox güman ki, yerli və beynəlxalq mütərəqqi qüvvələr keçiriləcək Referendumu azadlıqların məhdudlaşdırılması, mülkiyyət toxunulmazlığının ortadan qaldırılması, müddətsiz hakimiyyətə konstitusional zəmin hazırlanması, dövlət nizamının bərbad hala salınması və bütövlükdə demokratiyaya bəslənən ümidlərin yox edilməsi istiqamətində “islahat” kimi qəbul edəcək.

Hələ ilin əvvəlində yazdığım bir neçə yazımda da proqnoz etmişdim ki, hakimiyyətin bu il Konstitusiyaya əlavə və dəyişikliklər edəcəyi ehtimalı var. Bunu hansısa uğurlu siyasi islahatların başlanması kimi deyil, hakimiyyət elitasını idarəetmənin yaratdığı sosial böhrandan qorumaq məqsədi ilə edəcəklər. Hətta, siyasi-iqtisadi islahatlarla bağlı ölkə başçısının dilindən də bir-neçə ümumi və mücərrəd tezislər səslənmişdi. Hökumət üzvlərinin fərdi davranışlarında, prezidentin müşavirələrində bir-birini təkzib edən tezislərin davamlı olaraq səslənməsi də iqtidarın bir çıxılmazlıq sindromunda olduğunu sezdirirdi.

Doğrusu konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin bu qədər məhdulaşdırıcı tonda olacağını təsəvvür etmirdim. Çünki, hakimiyyətin üzləşdiyi durumda məntiqi yanaşma bunun əksini tələb edirdi. Görünür bizim təsəvvür etmədiyimiz və hakimiyyətin təşvişinə səbəb olacaq çox ciddi daxili və xarici amillər var. İndiyə kimi hakim komandaya arxalanaraq özünü xalqdan qoruyan iqtidar, nədənsə indi öz komandasından da qorunmaq  hissini nümayiş etdirir. Təhlillər onu göstərir ki, yaxın dövr üçün hakim komandanın əsas güclü üzvlərinin həm vəzifələrini, həm də mülkiyyətlərini itirəcəyi prosesə də şahidlik edəcəyik.

Referendumun hansı zərurətdən doğması, tələsik keçirilməsinin səbəbləri, əsas məqsəd nədir, kimi suallar ətrafında müxalifətin çox kəskin və sərrast siyasi mövqeyi topluma təqdim edildiyi üçün biz bu barədə geniş fikir bildirməyə vaxt sərf etməyək. Müşahidələrimizə əsasən deyə bilərik ki, yay aylarında beynəlxalq təşkilatların istirahətdə olduğunu, ABŞ-da qızğın seçki hazırlığını, Avropa Birliyinin əsas ölkələrində terror qayğılarını, Türkiyədə hərbi çevriliş cəhdini fürsət bilib, beynəlxalq ictimaiyyətin diqqətinin ölkəmizə asanlıqla yönəlməyəcəyini düşünərək belə tələsik qərar verildi.

Qeyd etdiyimiz kimi ümumölkə üzrə durum çox gərgindir. Bunu istənilən şəxs ən səthi şifahi sorğularla da müəyyən edə bilər. Hakimiyyətin antiböhran tədbirlərinin səmərəsiz olması əhalinin güzəranının günü-gündən ağırlaşmasına və ölkədə sosial-iqtisadi tarazlığın tamamilə pozulmasına gətirib çıxaracaq. Payız aylarından sonra bu tendensiya daha qabarıq şəkildə nəzərə çarpacaq. Bununla yanaşı məmur özbaşınalığı, rüşvətxorluq, hüquq tanımamaq, qanunçuluğun sərt üzü ilə sadə insanlar üzərində amansız təqib aparatı yaratmaq çox təhlükəli ictimai-siyasi durum yaradıb. Ən acınacaqlısı da odur ki, vətəndaşlar ölkədə mövcud idarəetmənin heç bir ağılabatan qanuni tədbir görə bilməməsi gerçəkliyi ilə üz-üzədir. Hökumət sanki hüquq-mühafizə orqanları əməkdaşları ilə əhalinin fəal kəsiminin qarşı-qarşıya qoyulması hesabına xalqın demokratik təşəbbüslərə yolunu qapadaraq böhranlı durumdan bir-iki ilə çıxılacağına ümid edir.

İstənilən halda Referendumdan sonra ölkədə indiyədək müşahidə etmədiyimiz yeni siyasi mərhələ başlayacaq. Əminliklə deyə bilərik ki, siyasətə qarışacaq qədər yetkin və ağıllı olmayan vətəndaşlarımız bu qarşıdakı mərhələdə daha acınacaqlı durumla üzləşəcəklər. İqtidar çətinliklərdən doğan sosial etirazların istiqamətini idarə olunan süni siyasi etirazlarla dəyişdirməyə cəhd edəcək və bundan yararlanaraq komanda daxili təmizləmə aparacaq. İqtidar mənsubları düşünür ki, ən önəmli sosial tezislərin tərpətmədiyi kütləni, hansısa siyasi tezislərlə müxalifətin hərəkətə gətirməsi və proses başlaması elə də asan olmayacaq. Bu dönəmdə iqtidarın maraqlarını açıq və gizli şəklidə qoruyan “müxalifətə” də yeni monipulyasiya siyasətində rol ayrılacaq. Çox güman ki, növbəti  parlamentdə təmsilçilik imkanlarının veriləcəyi ilə bəzi müxalifət qüvvələrini də şirnikləndirmək mümkün olacaq.

Artan narazılığı yumşaltmaq üçün mövcud komanda daxilində bir nəfər də olsun vətəndaşların etimad etdiyi şəxs yoxdur. Hamısı bu və ya digər fomada dəfələrlə yalan vədlər verməklə yadda qalıb. Etiraz etimalını önləmək üçün toplumun az-çox etimad göstərdiyi, müxalifət imici olan şəxslərdən imitasiya xarakterli istifadə üçün parlament seçkilərinin azad keçiriləcəyi görüntüsü də yaradıla bilər. Prezidentin asanlıqla buraxacağı parlamentin tərkibinə müxalif imicli şəxslərin düşməsi bu mərhələdə hakimiyyətin işinə yaraya bilər.

Əlbətdə bunlar hamısı ehtimallardır və yaxın vaxtlarda hər şey aydın olacaq. Prosesləri izləyən hər kəsi bir sıra suallar düşündürür ki, bu referendumdan ən çox kim zərər çəkəcək, bundan sonra nə etməli, etirazlar effektli olacaqmı?

Təklif edilən əlavə və dəyişikliklərlə ətraflı tanış olduqdan sonra aydın qənaətim yaranıb. Maddələri bənd-bənd təhlil etmək fikrindən uzaq olsam da bəzi ümumi fikirləri qeyd etmək istəyirəm. Qısa olaraq deyə bilərəm ki, ölkənin bütün vicdanlı, dürüst, müstəqil insanları qorxulu təhlükə ilə üz-üzədir. Ölkəmizin 100 il öncə təməli qoyulan ictimai-siyasi dəyərləri nümayişkəranə şəkildə ayaqlar altına atılır. Toplumun düşünmək qabiliyyəti olan bütün nümayəndələri qəti şəkildə anlamalıdır ki, bu referendumun uğurla baş tutması onun üçün hansı gələcək vəd edir. Fəal etirazlara dəstək verməyən bütün vicdanlı insanlar gələcəkdə acı peşimançılıq çəkəcəklər.

Kimsə düşünməsin ki, etirazların təşkil edilməsi yalnız müxalifətin və müstəqil vətəndaş cəmiyyətinin vəzifəsidir. Toplumun laqeydliyi və biganəliyi ölkəmizi ağır faciələrə sürükləyən prosesin təməlini qoyur.

Bundan öncəki referendumların təcrübəsindən də bilirik ki, müxalifətin geniş koalisiyada birləşməsi, təşviqat qrupları yaratması və etirazların yalnız birləşmiş müxalifətdən gəlməsi heç bir müsbət nəticə doğurmadı. Hakimiyyət asanlıqla referendumu saxtalaşdıraraq istədiyi hüquqi nəticəni rəsmiləşdirdi. Elə bir təəssürat yaradıldı ki, sanki referendum müxalifətin zərərinə olduğu üçün yalnız onlar etiraz edir. Geniş əhali təəssüf ki, bu prosesə qoşulmadı və bu gün də o yanlışının bədəlini banklarda, təhsil və tibb müəssisələrində, məhkəmələrdə, polisdə, icra orqanlarında ödəyir.

Son illər müxalifətin davranışlarını müşahidə etdikcə görürük ki, onlar aydın və doğru strategiya sərgiləyir. Toplumun kütləvi şəkildə ictimai-siyasi proseslərə qoşulması üçün məqsədyönlü və təmkinli addımlar atırlar. Əhaliyə öz davranışları, sərrast və kəskin tənqidləri ilə izah etməyə çalışırlar ki, meydanlara çıxıb hüquqların müdafiəsi uğrunda mübarizə müxalifətin vəzifəsi deyil. Dünyanın heç bir yerində demokratik mühitin yaradılması təkcə müxalifətin gücü ilə baş verməyib. Hətta, müxalifət adına iddia edənlərin hamısının dəfələrlə birləşdiyi vaxtlarda belə, əhalinin qoşulmadığı ictimai-siyasi proses uğur qazana bilməyib. Bunu sadə insanlar birdəfəlik anlamalıdır ki, ölkədə vəziyyətin düzəlməsini müxalifətdən ummaq ən zərərli davranışdır və hakimiyyətin maraqlarına xidmət etməkdir.

Artıq zaman fərqli yanaşma diqtə edir və əhalini prosesə cəlb etməyin yeni yolları təqdim edilməlidir. Müxalifət iddiasında olanlar yenə də birləşərək məsuliyyəti öz üzərinə alıb hansısa geniş birliklərə meyl etməməlidir. Etiraz prosesində birlikdə iştirak etməklə işini bitmiş saymamalıdır. Referenduma etirazın təşkilinin ənənəvi qaydada olmamasına çalışmalıdır. Müxalif birliklər qısa zaman sonra dağılır və toplumda ruh düşkünlüyü yaranır.

Odur ki, referenduma etirazları müxalifətin mövcud status-kvosunu dəyişmədən etmək lazımdır. Hətta, Seçki Məcəlləsində nəzərdə tutulan normalara uyğyn təşviqat qrupları yaratmağa, məntəqələrdə müşahidə təşkil etməyə, hökumətin təklif etdiyi müstəvilərdə hüquqi prosedurlara vaxt sərf etməyə qətiyyən lüzum yoxdur. Ciddi qüvvələr bu imitasiyanı hökumətin siyasətinə gizli və açıq dəstək verənlərin öhdəsinə buraxmalıdır. Müxalifət və müstəqil VC özünü nüfuzdan salmamlı, bu prosesdən nə qazanmalı olduğunu aydın bilməli və ona çalışmalıdır. Bu referenduma hər şeyin sonu kimi də baxılmamalı və indiyə kimi buraxılan səhvlər təkrar edilməməlidir. Onsuz da müstəqil və müxalif qüvvələrin dəstəkləmədiyi imitasiya siyasəti nə ölkədə böhrana son qoyacaq, nə mülkiyyətə qarantiya yaradacaq, nə də hüquq və azadlıqları təmin edəcək. Xalqa təmkinlə izah edilməlidir ki, artıq qanun və hüquq konyukturasından imtina edən bir idarəçiliklə üz-üzədir və çıxış yolu təşkilatlanmaqdan keçir.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button