Respublikadan monarxiyaya: Azərbaycan xalqı nə etdi?

Könül Alı

 

Demokratikləşmə dövrünün öz-özünə gələcəyini, yaxşılığa doğru dəyişikliyin spontan baş verəcəyini gözləyə-gözləyə diktaturadan  gözüyumulu avtoritarizmə keçdik. Sözün əsl mənasında heç ruhumuz da incimədi.

 

İndi nə edirik?

 

Eynilə Corc Oruelin “1984” romanındakı kimi – Dünənimizi unutmaqla məşğuluq. Oruelin qəhrəmanı keçmişdə şokolat yediyini unudub, əsl çayı heç vaxt içmədiyini xəyal edirdi. Bir yaşlı milli hökumətin məhdud çərçivədə imza atdığı uğurları unudub, “sovet dövrü bundan yaxşı idi” deyənlər unutqanlıqda Oruelin qəhrəmanlarından da geri qalmırlar.

Sanki Azərbaycan Respublikası tarixində Əbülfəz Elçibəydən savayı hansısa bir prezident demokratik seçki ilə hakimiyyətə gəlib.

Bir illik milli hökumətin məhdud çərçivədə uğurlu fəaliyyəti təbii ki, daxili və xarici düşmənləri narahat edirdi.

Gənc Azərbaycan hökumətinin apardığı diplomatik səylərin nəticəsi olaraq, Qarabağ münaqişəsinin nizamlanması və Kəlbəcərin bir ay ərzində azad olunması ilə bağlı ABŞ, Türkiyə və Rusiyanın vasitəçiliyi ilə iki layihə hazırlanmışdı. Bu layihələr Azərbaycan və Ermənistan tərəfindən imzalanmışdı. 1993-cü il iyunun 6-dan həmin razılaşma əsasında layihənin həyata keçirilməsinə başlanacaqdı. Təhsil, elm, qadın hüquqları sahəsində atılan addımları heç demirəm. Bütün bu planların həyata keçirilməsindən sonra Elçibəy hakimiyyətini demokratik seçkilər vasitəsilə qalib gələcəyi faktı danılmazdı.

Məhz bundan çəkinən daxili güclər xarici dəstəklə hərbi qiyam yolunu tutdular. Bu günlərdə Surət Hüseynovun sosial şəbəkədə gözə dəyməsi, bəzi vətəndaşların həsrət gidərirmişcəsinə yazdıqları rəylər məni xeyli düşündürdü…

***

Müharibə vəziyyətində seçki keçirməyin doğru olmadığını hesab edən milli hökumətin rəhbərləri bütün diqqətlərini torpaqlarımızın azad edilməsinə, sərhədlərimizin möhkəmləndirilməsinə fokuslamışdılar.

O zaman Avrointeqrasiya yolunu tutmuş Elçibəy hakimiyyəti Rusiya üçün arzuolunan deyildi. SSRİ dağılandan sonra belə, postsovet ölkələrini öz əsarətindən buraxmaq istəməyən Rusiya demək olar ki, Azərbaycandan da əl götürmək fikrində deyildi.

Həmin dövrdə yaşadıqlarımız; 20 Yanvar faciəsi, Xocalı qətliamı, Qarabağ və ətraf rayonların düşmənə təslim edilməsi bilavasitə Rusiyanın muzdlu döyüşçüləri və vasitəçiliyi ilə həyata keçirilirdi.

Mövcud iqtidarın Rusiyameylli siyasətini dəstəkləyən kəsim hansı məntiqlə ümidverici gələcək gözləyir?

Bir yaşlı milli hökumətin məhdud çərçivədə Azərbaycan üçün planlaşdırdığı layihələr hansı müstəvidə həyata keçirildi, göz önündədi. Milli hökumət qiyam nəticəsində devrildikdən sonra Qarabağın azad edilməsi planları iflasa uğradı. 25 ildə nəinki torpaqlarımız geri qaytarıldı, hətta geri çəkilmələr və itkilər oldu. 2016-cı il aprel döyüşləri iqtidarın Rusiyadan necə asılı olduğunu bir daha sübut etdi. Hökumətin tutduğu anormal siyasi xətt o yana, Rusiyanın Qarabağ probleminin həll olunmasında dəstəyini gözləyənlərin sadəlövhlüyü təəssüf doğurur.

Qarabağ probleminin özü Rusiyadırsa,  Rusiya niyə o problemin çözülməsinə maraqlı olsun ki?

Qarabağ münaqişəsini yaradaraq Azərbaycan və Ermənistanı özündən asılı edən Rusiya, Qarabağın sorununu həll edib regiona nəzarəti niyə itirsin ki?!..

 

Neft layihələri isə uğurla həyata keçirildi

 

Qiyamın təfərrüatlarından yazmayacam. Təkcə bu faktı diqqətinizə çatdırım ki, Heydər Əliyevin Sürət Hüseynovu qiyam yatırıldıqdan həmən sonra Baş nazir təyin etməsi türkiyəli jurnalistin haqqlı təəccübünə səbəb olmuşdu. Heydər Əliyevə “Şimdi demokrasi bitdimi?” sualı veriləndə, o, “hayır, daha da, möhkəmləndi” cavabını vermişdi. Qəhqəhə ilə gülərək…

 

Demokrasi adına nə etdilər?

 

Heydər Əliyevin hakimiyyəti illərində neft müqavilələrinin bağlanması daha da intensivləşdi. Ölkədən dünyanın müxtəlif dövlətlərinə neft axıdıldı. Əldə olunan gəlir isə məmurların və prezident ailəsinin şəxsi hesablarına, Azərbaycanın  maraqlarına xidmət etməyən beynəlxalq oyunlara xərcləndi. İlham Əliyevin hakimiyyət illərində xalqa gələndə qənaət, məmurlara, prezident ailəsinə sərvətləri var gücüylə talama siyasi xəttin öncülü oldu.

Görünən odur ki, bu gün tükənməkdə olan Azərbaycan neftinin gətirdiyi gəlirlər təkcə Azərbaycan xalqına xeyir vermir. Əldə olunan qazancın ölkə vətəndaşına heç bir aidiyyatı yoxdur.

Devalvasiya onsuz da, yaşayış səviyyəsi aşağı olan xalqın sosial-iqtisadi durumunu daha da aşağı saldı. Zaman- zaman bahalaşma və böhrana etirazlar dalğası ölkəni müxtəlif  bölgələrdə ağzına alsa da, qəddarcasına yatırıldı. Elə bir vəziyyət yarandı ki, insanlar bir növ talelərinə boyun əyərək tabe oldular. Ölkə prezidentinin öz xanımını özünə birinci müavin təyin etməsi beynəlxalq ictimaiyyət tərəfindən pisləndi. Respublika üsul idarəsində mümkün olmayan bu addım, beynəlxalq standartlara uyğun gəlmədiyi üçün sərt tənqid olundu.

 

Azərbaycan xalqı nə etdi?

 

Kəsinliklə susdu.

Xanımını özünə müavin təyin etmək imkanını sağlamaq üçün İlham Əliyevin keçirdiyi referenduma hansı kompleks reaksiya oldu?

Bəzi müxalif qüvvələr duruma etirazlarını referendumu boykot edərək bildirdilər. Müsavat Partiyası isə kəskin mövqe ortaya qoydu. Referendum əleyhinə “Respublika” təşəbbüs qrupu yaratdı. Respublikaçılıq dəyərlərini qorumağı öz fəaliyyətində proitet etmiş D18 Hərəkatı Müsavata dəstək verdi. Tələb olunan imzalar artıqlaması ilə toplansa da, min bir bəhanəylə etibarsız hesab edilərək, əmma qoyuldu.

Xalq isə yenə də susdu. Hələ əsrin əvvəllərində respublika qurmuş bir ölkənin avtoritar idarəetməyə, orta əsrlərdəki kimi monarxiyaya sürüklənməsinə izin verdi.

Hakimiyyətini ailə idarəetməsi müstəvisinə çıxaran İlham Əliyev isə azad sözün, fərqli fikrin boğulması istiqamətində təzyiqləri gücləndirdi. Mehriban Əliyevanın yeni məqama gətirilməsi daha qəddar idarəetmənin formalaşdırılması planlarının olduğunu sübut etdi.

Jurnalistlərin, bloggerlərin, siyasi fəalların həbsi, aydın fikirli insanların mütəmadi istintaqa cəlb olunması yeni rəhbərliyin “Mən daha qəddaram!” təəssüratı yaratmaq məqsədi güddüyünü ortaya qoydu.

Hətta iş o yerə çatdı ki, qonşu Gürcüstandan müstəqil jurnalist Əfqan Muxtarlını oğurlayıb Azərbaycana gətirdilər. Əlləri o qədər uzandı yəni. Avropa məhkəməsinin bu barədə qətnamə çıxarmasına baxmayaraq, başınabuyruq oyunlarından əl çəkmədilər.

Müsavat Partiyasının müttəfiqlik etdiyi ALDE-nin (Avropa Liberal Demokratlar Aliyansı) Müsavat başqanının müraciətinə müsbət reaksiyası, Sloveniyanın Lyublyana şəhərində müttəfiqlərin ALDE-nin konfransında Arif Hacılının jurnalist Əfqan Muxtarlının həbsi ilə bağlı müraciətini müzakirəyə çıxarmaları hökumətin möhkəm narahatçılığına səbəb oldu. Ona görə də, siravi müsavatçılarla yanaşı, Müsavat başqanı Arif Hacılını, MSDM sədri İsa Qəmbəri də, Əfqan Muxtarlının qondarma cinayət işi prosesinə cəlb etdilər.

Əslində üzləşdiyimiz bu kimi hallar heç də təəccüblü deyil. Avtoritar idarəetmənin qaydaları belədir. Azad sözü, fərqli fikri boğmaq, bütün imkanlarını istifadə edərək əzmək, məhdudiyyətlərə məruz qoymaq, nəhayətdə susdurmağa nail olmaq.

Bu gün Azərbaycandakı siyasi rejim necə xarakterizə olunur?

Korrupsiyanın qaynayıb-daşdığı bir sistemin çökmək fikri varmı?

Qiyam nəticəsində hakimiyyətə gəlmiş bu rejimin MTN-nin çöküşündən sonra heyrətamiz dözümlülüyünün səbəbi nədir?

Siyasi elitadakı dönüklüklərinin mərhələ-mərhələ açıqlanması prosesi gedir. Yeni təyinatlar, yeni simalar ortaya çıxır. Nəticədə isə yenə 5-ci kalonun hakimiyyəti növbələşərək dəyişir. Əldən-ələ. Ancaq özlərinə.

Gözləmə rejimini seçən xalq isə bütün bu proseslərə reaksiya vermir. Dünyada baş verən bütün hadisələrə siyasi analitik kimi şərh verən azərbaycanlılar söz konusu Azərbaycan, öz ölkələri olanda dilini udur. İzlənilməsi acı verən ən pis mənzərə məhz budur. Xalqın susqunluğu…

Gözümün önündən keçirdiyim bu xronikaya yenə də, tarix qiymət verəcək. Ən ədalətli məhkəmə tarixdir. Danılması mümkün olmayan faktlarıyla.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button