RİQC media müsabiqəsi elan edir – jurnalistlərin diqqətinə

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) Azərbaycan Cumhuriyyətinin 100 illiyinə və Azərbaycanda qadınların səsvermə hüququnun 100-cü ildönümünə həsr olunan “Azərbaycan Qadınları: 100 Illik Yol” adlı proqram çərçivəsində jurnalistlər üçün müsabiqə elan edir.

Bu barədə Xural.com-a RİQC-dən məlumat verilib.

MÖVZULAR

Azərbaycanda qadın insan haqlarının son 100 ildəki durumun öyrənilməsi, gender bərabərliyi mövzusunda de-juri və de-facto vəziyyətin araşdırılması, qadınların fundamental hüquq və azadlıqlarının təbliğ olunmasına dair jurnalistlər arasında aşağıdakı mövzular üzrə MEDİA MÜSABİQƏSİ elan edilir:

1. JURNALİST BAXIŞI: “Azərbaycanda qadınların insan haqları sahəsindəki uğurları: 100 ildəki (1918-2018) de-juri və de-facto vəziyyət”
2. JURNALİST BAXIŞI: “100 ildə (1918-2018) Azərbaycanı gender bərabərliyinə aparan 5 mühüm tarixi hadisə”
3. JURNALİST BAXIŞI: “21-ci əsrin Azərbaycan Qadını Müstəqildirmi?”

QİYMƏTLƏNDİRMƏ MEYARLARI

Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparılacaqdır:

o Mövzuya uyğunluğu
o Reallığa yaxınlığı
o Tarixi faktların istifadəsi
o İnnovativ fikirlərin əks olunması
o Jurnalist yazısının peşəkarlığı

Müsabiqədə iştirak etmiş şəxsin tanınma dərəcəsi deyil, təqdim olunan məqalənin/ materialın keyfiyyəti, mövzuya uyğunluğu və məzmunu əsas götürüləcəkdir. Buna görə bərabər, qərəzsiz və obyektiv qiymətləndirmə üçün münsiflər heyətinə təqdim olunacaq məqalələr müəllifin adını əks etdirməyəcəkdir, kodlaşdırılacaqdır. Eyni səbəbdən münsiflər heyətinin adları da müsabiqənin nəticələrinin elan olunması zamanı açıqlanacaqdır.

MÜDDƏT VƏ TEXNİKİ ŞƏRTLƏR

1. Müsabiqə üçün məqalə, veriliş və ya video material təqdim oluna bilər.
2. Təqdim olunan məqalələr və video materiallar daha öncə dərc olunmamalı və məxsusi olaraq bu müsabiqə üçün hazırlanmalıdır.
3. Məqalə və videoların həcmi sərbəstdir. Əsas şərt materialın oxucu və izləyicilər üçün yorucu olmaması, axici dillə hazırlanmasıdır.
4. Müsabiqəyə təqdim olunan yazılar və videolar ward.azerbaijan@gmail.com email ünvanına göndərilməlidir.
5. Müsabiqə 08 aprel 2018 tarixinədək davam edəcəkdir. 08 aprel 2018-ci il saat 18:00-dən sonra təqdim olunan məqalələrə və videolara baxılmayacaqdır.

QİYMƏTLƏNDİRMƏ

Müsabiqədə jurnalistlər və media mütəxəssisləri iştirak edə bilərlər. Eyni şəxs bir neçə məqalə və ya video təqdim edə bilər, amma bu onun qalib olmasına üstünlük vermir.

Qalibin adı 20 aprel 2018-ci ildə açıqlanacaqdır. Müsabiqədə cəmi bir (1) qalib jurnalist müəyyələşəcəkdir.

Mükafat: Qalib mütəxəssislə 3 aylıq (01 iyun-31 avqust 2018) xidmət müqaviləsi bağlanacaqdır və xidmət RİQC-in fəaliyyətini işıqlandırmaqdan ibarət olacaqdır. Müqavilənin məbləği 1000 AZN (bir min manat) olacaqdır. Qalib jurnalistin konkret öhdəlikləri onun media imkanlarından asılı olaraq qarşılıqlı müzakirə və anlaşma əsasında formalaşacaqdır.

Əlavə olaraq, ən yaxşı 6 məqalə/video material RİQC-in FB səhifəsində dərc olunacaq, seçilmiş materialların müəlliflərinə isə (6 jurnalistə) sertifikatlar təqdim olunacaqdır.

DİQQƏT

Müsabiqədə keyfiyyətsiz iştirak nümunələrinin təqdim edilməsi halında, müsabiqənin bütün nəticələrinin ləğv olunması hüququnu RİQC özündə saxlayır.

ƏLAQƏ MƏLUMATI

Gülnarə İsmayılova
Layihə meneceri

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC)
Afiyəddin Cəlilov küç. 26, mən. 98, AZ1025, Bakı
(+99412) 490 40 44, (+99450) 760 40 44
ward.azerbaijan@gmail.com

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button