Robert Əyyubovun döydüyü adam kimdir?

«Xural» təfərrüatları öyrəndi

Hədəf Bakı şəhər Gömrük İdarəsinin rəisi Vüsal Novruzovdur

Bir neçə vaxtdır ki, sosial şəbəkələrdə prezidentin mühafizə idarəsinin rəisi, general Bəylər Əyyubovun qohumu Robert Əyyubovun yolun ortasında qara rəngli avtomobili saxladaraq, sürücü ilə əlbəyaxa olması, həmçinin polis serjantlarını döyməsini əks etdirən videoçarx yayılıb. Amma videoçarxda konkret olaraq kimlərin və hansı səbəbdən dava etməsi, bu xuliqanlıq faktı araşdırılmadığı və rəsmi açıqlama verilmədiyi üçün, qaranlıq olaraq qalır.

XuralTAC-a daxil olan məlumata görə, Robert Əyyubov olduğu iddia edilən şəxsin saxlatdırdığı maşın Bakı şəhər Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzova məxsus 10 AZ 720 dövlət nömrə nişanlı xidməti avtomobildir. Səbəb isə heç də sürücülər arasındakı anlaşılmazlıq deyil. Vüsal Novruzov «hakimiyyət kurallarına» uyğun olmayan hərəkətlərinə görə «daxili qaydalara uyğun» cəzalandırılıb.

Məlumatda həmçinin o da bildirilir ki, V.Novruzov əzilən maşını düzəltdirməyib və həmin avtomobilə əyləşməyib. Dərhal eynilə həmin maşının yenisini aldırıb.

Davanın Daxili İşlər Nazirliyinə məxsus kameralarla lentə alınmasına diqqət çəkən mənbənin sözlərinə görə, DİN-in qeydə aldığı görüntünün sosial şəbəkələrdə «peyda» olması qətiyyən təsadüf və ya özfəaliyyət deyil. Olayın təfərrüatları əvvəlcədən razılaşdırılıb və «yuxarıdakıların» razılığı ilə ictimailəşdirilib.

Vüsal Novruzov hansı «qaydaları» pozub və bu qara piarda məqsəd nədir?

Vüsal Novruzov kimləri aldadıb?

Məlumata görə, kənd təsərrüfatı avadanlıqlarının ölkəyə gətirilməsinə gömrük rüsumu qanunla qadağan olunsa da, V.Novruzov «yuxarılara» məlumat vermədən ölkəyə sözügedən avadanlıqları gətirən iş adamlarından «şapka» alır. Bir müddət öncə isə bir məşhur biznes strukturu ölkəyə gətirilən kənd təsərrüfatı avadanlığına görə 500 min manat nəzərdə tutulmayan ödəniş etməyə məcbur edilib.

İnformasiyada o da qeyd edilir ki, prezidentin məşhur «yumurta müşavirəsindən» sonra daxili təlabatı ödəmək V.Novruzovun öhdəsinə buraxılıb. V.Novruzovun nəzarətində olan «Giləzi broyler» isə ölkənin yumurta tələbatını ödəmək imkanında olmadığından, çatışmazlıq idxalla ört-basdır edilir. Məsələ burasındadır ki, Ukraynadan gətirilən yumurtanın üzərində «Giləzi broyler»ə məxsus möhürlər olur və həmin möhürlərlə yumurta gömrükdən keçib rəsmiləşir.

Gömrük şefinin fantastik villaları

 

V.Novruzovun yaxınlarının adına qeyri-adi villalar ucaltması da gələn məlumatlar sırasındadır. Bildirilir ki, Bakı Gömrüyünün rəhbəri öz sürücüsü İlham adlı şəxsin adına Novxanıda qiyməti milyonlarla ölçülən villa ucaldıb.

İlham adlı sürücünün V.Novruzovun çox yaxın adamı olması söylənilir. Məlumata görə, məhz bu sürücünün döyülməsinin və xidməti maşınının təpiklənməsinin bir səbəbi də budur.

V.Novruzovun digər yaxını, Bakı şəhər Baş Gömrük İdarəsində şöbə rəisi işləyən bir şəxsin adına şəhərin ən bahalı məhəllələrindən olan Teymur Əliyev küçəsində dəyəri bir neçə on milyonlarla ölçülən villanın tikildiyini də mənbə təsdiqləyir.

Vüsal Novruzovun yerinə kim göz dikib?

 

Məlumata görə, bu videoçarxın yayılmasında həm də DİN rəhbərliyindən bəzi səlahiyyət sahibləri maraqlı olub. Xatırlayırsızsa, bir müddət öncə Robert Əyyubovun daxili işlər naziri Ramil Usubovun yeznəsinə silahlı xəsarət yetirməsi haqda qeyri-rəsmi informasiyalar yayıldı. DİN-in rəsmi açıqlamasında faktın «xidməti silahla səhlənkar davranma» nəticəsində baş verdiyi bildirilsə də, əslində, Usubovun polis kapitanı olan yeznəsinin restoranda R.Əyyubovla münaqişə nəticəsində ağzından yaralandığı haqda şayiələr yayıldı.

Qeyd olunur ki, Daxili İşlər naziri qarşı tərəfin cəzalandırılmasını istəyib və Robertin ölkədən çıxıb getməsi, bir daha Azərbaycana qayıtmaması barədə ümumi razılıq əldə olunub.

Rəsmi kameraların qeydə aldığı bu videoçarxın ictimailəşməsində DİN iki məqsəd güdür: əvvəla, Robertin nəinki Bakıda olması, həm də «cəzalandırma» funksiyasını yerinə yetirməsi ilə bağlı yuxarılara fakt təqdim edir; ikincisi, vurulacaq Vüsal Novruzovun yerinə öz adamını təyin etməyə çalışan Bəylər Əyyubova maneə törədilir.

Bəylər ƏyyubovKəmaləddin Heydərov qarşıdurmasının səbəbi

Bildirilir ki, Bəylər Əyyubovun Bakı Gömrüyünün şefi ilə, dolayısı ilə Kəmaləddin Heydərovla münaişəsinin səbəbi «yumurta müşavirəsi»ndən başlayıb.

Yumurtanın Bəylər Eyyubovun monopoliyasında olduğunu iddia edən mənbənin sözlərinə görə, İlham Əliyevin Novruz bayramı öncəsi keçirdiyi müşavirədə yalnız yumurtanın qiymətindən narazılıq etməsi komandanın qurduğu oyun olub. Məqsəd Bəylər Əyyubovun inisarında olan bu sahəni onun əlindən almaq imiş.

Plan baş tutub. Ölkənin yumurta ilə təchizatı Kəmaləddin Heydərova tapşırılıb və Vüsal Novruzov məsuliyyətin altına girib.

Digər tərəfdən, Vüsal Novruzov Bəylər Əyyubova məxsus olduğu iddia edilən malların ölkəyə buraxılmasının da qarşısını alıb. Münaqişənin bu iki faktdan qaynaqlandığı bildirilir.

Həmçinin qeyd olunur ki, Vüsal Novruzovun taleyi tükdən asılıdır. Bəylər Əyyubovun təzyiqləri qarşısında davam gətirə bilməyən Novruzov artıq xeyli müddətdir ki, işdə tapılmır və FHN-dəki himayəçisindən yardım diləyir.

Məlumata görə, K.Heydərov da artıq Novruzova sahib çıxmaq istəmir. Əsas da ona görə ki, V.Novruzovun «gizli büdcədən» yayındırma etməsiylə bağlı Heydərova məlumat çatdırılıb.

Mövzu ilə əlaqədar adı çəkiən şəxslərin də münasibətini işıqlandırmağa hazırıq.

“Xural” qəzeti,

İl: 9, sayı: 026 (434), 10-16 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

4 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button