Robert Əyyubovun yolunu gedənlər…

XuralTAC əməkdaşı hadisə yerindən xəbər verir…

10 LN 007 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Babək prospektindəki işıqforun altında bir «Çeşka»nı vurub. 10 LN 007 nömrəli avtomobili qara rəngli bir «Range Rover» avtomobili müşayiət edirmiş. Xeyli zədələnən «Çeşka»nın sürücüsü bir şey edə bilmir. Qısa müddət ərzində ətrafı DYP əməkdaşları və Çevik Polisini işçiləri bürüyür. 10 LN 007 nömrəli avtomobilin sürücüsündən sənədləri tələb olunur. Sənədləri təqdim etməyin əvəzinə, sürücü-məmur DYP kapitanının sifətinə sanballı bir yumruq tutuzdurur. «Al, bu sənə sənəd» deyir.Yumruğu tutuzduran 10 LN 007 dövlət nömrə nişanlı sürücü-məmur dərhal maşınına oturub hadisə yerindən uzaqlaşır. Təxminən 1 km yol qət edəndən sonra, ətrafa toplanan onca insanın və DİN əməkdaşlarının içində arabasını geri-geri verən sürücü-məmur onu müşayiət edən «Range Rover» avtomobilindəki dostlarına üz tutur və ««Çeşka»nın pulunu ödəyin!» tapşırığını verir. «Range Rover»dəki «dostlar» dərhal hərəkətə keçir və «Çeşka»nın sürücüsü ilə sorğu sual-başlayır:

– Maşına nə qədər pul veribsən?

– 17.000 manat.

– 17.000 manata görə özünə bu qədər əl qatıbsan? – deyən «Range Rover»lilər «Çeşka»nın pulunu yerindəcə ödəyirlər. Getməmişdən isə artıq sarısını udan «Çeşka»nın sürücüsünə «Rəis bayaq sənin üstündə o itə bir sillə vurdu. O iti də yola verərsən…»  deyib uzaqlaşırlar.

Qulağının dibinə tutarlı bir sillə yeyən DYP kapitanı isə yalnız bundan sonra özünə gəlir, kişilənir və harasa zəng edir. Kiminləsə cəmi-cümlətanı 3 dəqiqəyə yaxın danışan və olanları məruzə edən DYP kapitanı şad-xürrəm halda telefonu yerə qoyub arkadaşlarına sarı çevrilir və sürücü-məmurun çox yuxarılara məxsus birisi olduğunu deyir.

XuralTAC əməkdaşlarına 10 LN 007 dövlət nömrə nişanlı avtomobilin sürücünün harada işlədiyi məlumdur. Amma biz əlimizdə sübut olmadığı üçün qurumun adını yaza bilmirik. Ancaq 10 LN 007 nömrəsini açıq yazırıq. Buyursun, Ramil Usubovun aparatı hərəkətə keçsin və sürücü-məmurun kimliyini açıqlayıb ictimaiyyətə elan etsin.

Bacararsa…

10 OB 010 dövlət nömrə nişanlı araba kimindir?

Bu avtomobilin sürücüsü DYP əməkdaşını necə döydü?!

10 OB 010 dövlət nömrə nişanlı «JİP» avtomobil Ağa Nemətulla küçəsi ilə Nərimanov adına metrostansiyasına döğru şütüyür. Və… yol hərəkətini ağır formada pozur. Təbii ki, yol hərəkətini pozanda sanki yerdən çıxan Nərimanov DYP əməkdaşları sürücünü saxlamağa cəhd edirlər. 10 OB 010 dövlət nömrə nişanlı avtomobilə «dayan» işarəsi verirlər və avtomobil dayanır. Yaxınlaşıb özünü təqdim edən DYP əməkdaşını isə acı tale gözləyir. Onun başını oturduğu pəncərədən içəri dəvət edən 10 OB 010 dövlət nömrə nişanlı avtomobilin sürücüsü DYP əməkdaşının sifətinə iri bir yumruq tutuzdurur. Və «al, bu da sənə sənəd» deyə hadisə yerindən uzaqlaşır.

Bizim «varlılara toyuq, kasıblara xoruz» kəsilən DYP əməkdaşı isə 10 OB 010 dövlət nömrə nişanlı avtomobilin arxasınca döyükə-döyükə tamaşa edir.

XuralTAC əməkdaşı 10 OB 010 dövlət nömrə nişanlı avtomobilin içində hansı çinli məmur-sürücünün olduğundan xəbərsizdir. Amma DİN əməkdaşları və hörmətli Ramil Usubovun aparatı üçün 10 OB 010 nömrəli avtomobili tapmaq və onun sürücüsünü cəzalandırmaq elə 10 dəqiqəlik işdir. Çətin olmamalıdır.

Elə isə uğurlar…

 

XuralTAC

 

“Xural” qəzeti,

İl: 9, sayı: 023 (431), 19-25 iyun 2011-ci il

 

 

 

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button