Rüfət Səfərovdan həbsxanadan atasına təsirli məktub

Hazırda həbs həyatı yaşayan Rüfət Səfərov atası Eldar Sabiroğlunu ad günü münasibətilə təbrik edib. Bu təbriki Rüfət vəkili Bəhruz Bayramla Kürdəxanı təcridxanasında görüşərkən ondan göndərib. Xural.com təbriki olduğu kimi yayınlayır.

 

Atam Eldar Sabiroğluna

 

Əzizim ata!

Tale elə gətirdi ki, doğum günündə, özü də 60 illik yubileyində səni şəxsən təbrik edə bilmirəm. Hərçənd bu günlə əlaqədar hələ həbsdən xeyli əvvəl bir plan cızmış, əzizlərimizlə birgə şəhərdən kənara çəkilib, təmtəraqlı məclis düzənləməyi niyyət etmişdim… Əfsus ki, beynimdəkini gerçəkləşdirməkdə acizəm. Nə etməli, görünür, qədər beləymiş…

Əziz ata!

Zindandan da olsa, səni təbrik edir, uzun ömür diləyib, bağrıma basıram. Üzərimdə müqayisəolunmaz dərəcədə haqqın, əməyin vardır. Hər nə qədər səy etsəm də, fəaliyyətim boyu yalnız səni sevindirim, fəqət bəzən bu, baş tutmayıb. Sağdan-soldan vurulduğunu, vaxtaşırı ürəyinin ağrıdığnı bilə-bilə, köhnə “dost”larının yanında fəna duruma salacağımı idrak edə-edə və ən əsası, mənsizliyin səni yandıracağını anlaya-anlaya bu çətin, lakin şərəfli yolu seçdim. Bu barədə ata-bala dərdləşdiyimiz zamanlar çox danışmış, tab gətirə bilmədiyimi ifadə etmişəm. Yadındamı ata, sonda mənə söylədin ki, “Rüfət uşaq deyilsən sənə məsləhət verim, özün necə təkbaşına götür-qoy edib bu xətti seçibsənsə, elə də məsuliyyətini daşı! Amma unutma ki, hədsiz dərəcədə mürəkkəb işlər səni müşayiət edəcəkdir. Uğurlar sənə…” Bəli, heç şübhəsiz, elə dediyin kimi də oldu. Amma işin bir tərəfi də budur ki, qəti mənada peşiman deyiləm. Hərgah, zamanı geri qaytara bilsək, yenə də məlum qərarı alardım. Çox da uzaq olmayan vaxtda əqidədaşlarımla birgə mülki cəmiyyəti, azad Azərbaycanı qura biləcəyik. Bax, onda bu günləri fərəh hissi ilə anıb, zamanında heç də səhv istiqamət götürmədiyim məlum olacaqdır, əziz ata…
Xatırlayıram, həbsə yenicə alınanda ikimizin də sevimli yazıçısı Çingiz Aytmatovun yaradıcılığına bir daha nəzər saldım. Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş” povestində Kirisk atası Əmrayinə sevgisini sözlə ifadə edə bilmirdi. Bu hisslər onun canında, qanında, qəlbininin döyüntülərində idi. Əvvələr Kirisk həmişə fəxr edərdi ki, atasına oxşayır, onu təqlid edər və atası kimi olmağı arzulayardı, lakin sonradan o, başa düşürdü ki, atası elə onun özüdür, elə onun başlanğıcıdır, o isə atasının davamıdır. Mən də belə yazıram: bəli, Eldar Sabiroğlu elə Rüfət Səfərovun özüdür, elə onun başlanğıcıdır. Rüfət Eldaroğlu isə Eldar Sabiroğlunun davamıdır. Konkret mənada əziz ata, sənə olan məhəbbətim nəinki qanımda, iliyimdədir ki, bunu da soyuq divarlar arasında tam ciddiyyəti ilə anladım…
Ata, bir daha doğum gününü qutlayır, cismim barmaqlıqlar arasında səni qucaqlamaqda aciz olsa da ruhum bağrına basır! Və son dərəcə rica edirəm ki, məndən ötrü qəm eləmə, mütləq bu çətin anlar bitəcək, mütləq hər şey təhərinə düşəcək. Tezliklə azadlıqda görüşüb, əllərindən öpəcəyimə, ədalətin zəfər çalacağına zərrə qədər şühbəm yoxdur. 100 yaşa!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button