Rusiya boyunduruğundan birdəfəlik qurtarmağın yollarını aramalıyıq

eli eliyev

VİP sədri Əli Əliyev

Təmas xəttində qaynar faza müvəqqəti dayanıb. Diplomatik mərhələ başlayıb. Söz yox ki, mətbuat və ictimaiyyət danışıqların gizli məqamlarını bilmir və yəqin ki, bir müddət bilməyəcək də. Müxtəlif nöqteyi-nəzərlər nümayiş etdirilir. Tam fərqli spektrdə səsləndirilən mövqelər emosionallığı ilə diqqət çəkir. Son günlər ərzində baş verənləri ümumiləşdirmək və nəticələri dənəmək lazımdır. Təbii ki, yazacaqlarım subyektiv hesab edilməlidir. Əvvəla, Azərbaycan xalqının yerində olduğu və həmişəki kimi müdrikliyi xüsusi vurğulanmalıdır. Onun ayağına haqsızca yazılan laqeydlik ittihamlarının kökündən yanlış olduğunun son günlərdə möhürü vuruldu. Pozitiv məqamlardan biri əsgərin cəsarətidir. Kimin nə deməyindən asılı olmayaraq, hərbi səhnədə uğurlar ordunun hazırlığı ilə bağlıdır. Ekstremal şərait ilk növbədə qardaş və dostlarımızı nümayiş etdirdi. Cənublu soydaşlarımızın, Türkiyə hakimiyyətinin və siyasi spektrinin (hdp kənar), Pakistanın, Ukraynanın, Belarusun, Türkmanların və digərlərinin mövqeyi gücümüzün tərkibidir. Bəzi istisnalarla, dünyadan da reaksiya ziyanımıza olmadı. Cəmiyyətimizin siyasətə bağlı bütün kəsimlərinin idarə olunurmuş kimi yekdil mövqeyi ilgincdir. Siyasi pariyalar, mətbuat, sosial şəbəkədəki blogger və fəallar, QHT sektoru, bir sözlə, istisnasız hamı, vahid mövqe nümayiş etdirdi. Bir misalı xüsusi vurğulamaq istərdim. Bu günlərdə dünya gündəmində “bomba” effekti yaratmış “Panama sənədləri”, Azərbaycanda nə “görüldü”, nə də “eşidildi”. Bu nümunə iqtidarın uzun illər haqqında şikayət etdiyi müxalifətin dövlətçiliyi hər dəyər və maraqdan üstün tutduğunun bariz faktıdır. Bu dəlildə qeyri-adi fədakarlıq olmasa da, hər halda iç siyasi həyatımızın mühüm detalıdır. Ekstremal vəziyyət ziyanlı məqamları da aşkarladı. Bu günlərdə ən ziyanlı fəaliyyəti rus mətbuatı gördü. Rusiya siyasi çevrələrinin də zahiri susqunluğu fonunda məkrli fəaliyyəti sezilirdi. Kremlin komandası olmasa idi, Lifenews, NTV, 5-ci kanal, Rossiya-1, ORT və digər kanallar birtərəfli ermənipərəst mövqe nümayiş etdirməzdilər. Səthi siyasi soyuqqanlılığın arxasında mətbuat vasitəsilə pressinq, keçmiş imperiyanın davranış üslubu idi. Putin bu dəfə Bordyujanın dili ilə hədəsini çatdırdı. Atəşkəsin bərpasında da Kremlin rolu şəksizdir. Qafqaz tulasını tam ayağa verməzdi. Putinin “sülh göyərçini” Lavrov-Kələntərov qovluğunda nə ilə gəlməsi də maraqlı mövzudur. İran prezidenti Ruhaninin də mövqeyi “münaqişənin həllinin güc variantı yoxdur” deməsi, təhdidin yumşaq forması kimi başa düşülməlidir. Olland da təqribən belə mövqe sərgilədi. Bizi bu siyasi peyzajda maraqlandıran gələcək vəziyyətimiz olmalıdır. Mətbuatdan gəlinən nəticələr onu deməyə əsas verir ki, inkişaf vektorumuz dəyişməməlidir. Versiyalardan biri odur ki, ruslar 3 günlük “susqunluqlarının” müqabilində bölgəyə silahlı güclərini yerləşdirmək istəyirlər. Hətta bəziləri Azərbaycanın yeni imperiya layihəsinə – Avrasiya ittifaqına girməsini də təklif etməyə başlayıblar. Təmamiliə yanlış xəttdir. Azərbaycan siyasi vurğunu Türkiyə ilə bütün sahələrdə inteqrasiyaya yönəltməli, Türkiyə vasitəsilə Qərbə yaxınlaşmalı, ölkənin daxili dayanıqlığını artırmalı, əldə etdiyimiz hərbi üstün mövqelərdə möhkəmlənməli, Qarabağ danışıqlarını yeni reallıqlar üzərində yenidən qurmalı və Rusiya boyunduruğundan birdəfəlik qurtarmağın yollarını aramalıdır. Yaddan çıxmamlıdır ki, erməni tərəfin hərbi aktivliyi prezident Əliyevin uğurlu sayılacaq ABŞ səfərinə təsadüf etdi. Qərb-Azərbaycan münasibətlərinin inkişafından narahat olan Kremlin, əlaltılarına “fas” komandası verməsi şübhə doğurmur. Yalnız hərbi “qarmaq” Rusiyanın Qafqaz dayaqlarını saxlaya bilər. Şəhidlərin ruhu xatirinə rusların geri qayıtmasına razılıq verməmək bugünkü nəslin ilahi borcudur. Unutmayaq ki, onlar rusların fitnəsi ilə qətlə yetirilib.

Əlaqəli məqalələr

1 şərh

  1. Onu bilirəm ki, Rusiya təcavüzkar siyasətindən əl çəksə bizim üçün həm iqtisadi, həm mədəni cəhətdən bir nömrəli dost ölkəyə çevrilər. Tolstoyun, Puşkinin, Çexovun, Qlinka və Çaykovskinin vətəni Rusiyaya çevrilər. Belə Rusiya hər cəhətdən bizə lazımdır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button