Rusiya hərbi əməliyyata başlayır ki, sülh olsun?

Aleksey Puşkov

Rusiya Dövlət Duması beynəlxalq məsələlər üzrə Komitəsinin rəhbəri Aleksey Puşkovun Suriya prosesləri haqda Avstriya nəşrinə verdiyi müsahibəni strateq.az-ın oxucularına təqdim edirik.

Die Presse: Əvvəllər ABŞ-ın İraqda başına gəldiyi kimi Rusiyanı da Suriyada hərbi planda ilişib qalmaq təhdid edirmi?

Aleksey Puşkov: Rusiya Suriyaya yerüstü qoşun göndərməyəcək. Rusiyanın məqsədi Suriya ordusunu və İŞİD-ə qarşı vuruşanların hamısına dəstək verməkdir.

–  Mənim kimi siz də yaxşı bilirsiniz ki, Rusiya üçün Suriyada söhbət təkcə İŞİD-ə qarşı vurşmaqdan deyil, həm də prezident Əsədin əleyhdarlarını zəiflətməkdən gedir.

– Biz Əsədə dəstək veririk, çünki o hələ də legitim prezidentdir və kürdlər istisna olmaqla Suriyada İŞİD-ə qarşı vuruşan yeganə qüvvədir.

– Rusiya Azad Suriya Ordusunun və digər üsyançıların mövqeyinə zərbələr endirdi.

– Azad Suriya ordusunun mövqeyi terrorçu “Cəbhət ən-Nusra” təşkilatının ilə bağlıdır və ondan fərqlənmir. Azad Suriya ordusu Rusiya aviazərbələrinin obyekti olmaq istəmirsə, “Cəbhət ən-Nusra”dan ayrılmalı və barışığa qoşulub İŞİD-ə qarşı döyüşə hazır olduğunu açıq şəkildə bildirməlidir.

– Rusiya Suriyada Qərbə dərs vermək istəyir?

– Xeyr. Lakin ABŞ-ın Yaxın Şərq problemlərinin həllndə monopoliyası olarkən 20 il ərzində bölgəni tamamilə dağıtdığından kənarda durmağa səbəb görmürük.

– Rusiya ABŞ-ın Yaxın Şərqdə buraxdığı boşluğu doldurur?

– Bu, boşluq deyil, fəlakətdir. “Boşluq” anlayışını qərbli politoloqlar işlədir. Bu, amerikalıların böyük məğlubiyyətə uğradığının nəzakətli şəkildə ifadəsidir. Liviya? İraq? Suriya? Yəmən? AB, xaosdan başqa heç nəyə nail olmadı.

– İndi isə Rusiya başlayır.

– Biz Mərkəzi Asiyadakı müttəfiqlərimizin də təhlükəsizliyinə görə məsuliyyət daşıyırıq. ABŞ Əsədi devirmək istəyir. ABŞ prezidenti Barak Obama 2012-ci ildə başa düşəndə ki, Əsədə qarşı hazırladığı qiyamı gerçəkləşdirmək baş tutmayacaq,  Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı ilə birlikdə Əsədə qarşı mübarizədə radikal islamçı hərəkatları dəstəkləməyə başladı. ABŞ-ın üstünlük verdiyi hərbi həll baş tutmayanda biz Suriyaya girdik. Suriyaya siyasi həll lazımdır.

– Suriyanın yüz minlərlə insanın həlakına görə məsuliyyət daşıyan Əsəd kimi bir insanla dinc siyasi gələcəyi necə əldə edə biləcəyi sualı qalır…

– Suriya əhalisinin əksəriyyəti Əsədi dəstəkləyir. Siyasi həll Əsədin devrilməsinə yox, hökumətlə müxalifətin danışıqlarına əsaslana bilər. Yalnız bizim hərbi əməliyyatımızın başlanmasıyla Suriyada tarazlıq bərpa edildi və siyasi həll mümkün oldu.

– Maraqlı dialektikadır – Rusiya hərbi əməliyyata başlayır ki, sülh olsun.

– Biz hərbi əməliyyata başlayarkən Suriya artıq alova bürünmüşdü. Hazırda Rusiyasız Suriyada barışıq və danışıqlar mümkün deyil, İŞİD və ən-Nusra isə Dəməşqi öz aralarında bölməyin astanasında idi.

– Rusiyanın beynəlxalq səhnədə böyük rol oynaması orta statistik rusiyalıya nə gətirir?

– “Dırnaqda”nı götürə bilərsiniz. Rusiya böyük rol oynayır. Biz İŞİD-i zəiflədərkən və yaxud daha yaxşı deyilsə, məhv edərkən Rusiya təhlükəsizlikdən böyük iş görür. Şimali Qafqazda artıq İŞİD-ə sədaqət andı içmiş terrorçular həbs edilib.

– Lakin Suriya Rusiyanın açar maraqları dairəsinə aid deyil.

– Liviyanın bombardmanı amerikalıların açar maraqlarına aiddimi? Söbhət bunda deyil, Rusiyanın təhlükəsizliyindədir. Bundan başqa, Rusiya dünya dövlətidir və buna görə də dünyanın vəziyyətinə görə məsuliyyət payı daşıyır. Rusiya bu gün ABŞ və Çinlə birlikdə kürəsəl səviyyədə müstəqil qərar qəbul edə biləsi üç dövlətdən biridir. AB isə ABŞ-dan asılıdr.

– Rusiyanın Suriya strategiyası baş tutmasa, nə olacaq? Rusiya növbəti üç ildə bombardmanı davam etdirəcək?

– Hərbi əməliyyyata başlayarkən əvvəlcədən onun sonunu dəqiq bildirmək mümkünsüzdür. Biz Suriyanı terrorçulardan təmizləmək istəyirik.

– Rusiya strategiyası Suriyadakı az inanılan siyasi prosesə bağlanıb.

– ABŞ strategiyası bu prosesə bağlanıb. ABŞ bilir ki, Suriyada məğlubiyyətə uğrayarkən əvəzedilməz millət imicini itirir. ABŞ dövlət katibi Con Kerri artıq uzun aylardır ki, bunu bilir. Suriyada dünya quruluşu həll olunur. Bu, təkcə lokal münaqişə deyil.

– Bunu Rusiya da sezməliydi. Türkiyə ilə münasibətlər alt-üst oldu.

– Hərbi təyyarələrindən biri vurulsaydı, amerikalılar necə qıcıq verərdilər? Hər kəs bilir ki, Türkiyə məsuliyyətsiz xarici syasət yürüdür. Amerikalılar Ankaraya xəbərdarlıq etdilər ki, türk ordusu Suriyaya girsə, ona yardım etməyəcəklər. NATO Türkiyədən uzaqlaşıb. Avropa paytaxtlarında qorxurlar ki, Ərdoğan NATO-nu müharibəyə sürükləyər.

– Suriyada Rusiya ilə Türkiyə arasında birbaşa qarşıdurma təhlükəsi varmı?

– Türkiyə əsassız olaraq Rusiyanın Su-24 təyyarəsini vurduqdan, türkmənlər isə rusiyalı pilotu güllələyəndən sonra Rusiya olduqca məsuliyyətli mövqe tutdu. Biz sərt siyasi tədbirlər gördük, lakin hərbi münaqişədən imtina etdik. Təəssüf ki, Türkiyə elə həmin məsuliyyətsiz davranışı nümayiş etdirir.

– ABŞ barışığı sürətləndirdi ki, Türkiyə və Səudiyyə Ərəbistanının yerüstü əməliyyatından və bununla da Suriyada Rusiya ilə toqquşmadan qaçılsın?

-Bu onların hesablamasının tərkib hissəsi ola bilər. Lakin Rusiya da bu barışığın üzərində fəal şəkildə işlədi. Bizsiz barışıq olmazdı. Biz münaqişənin güclənməsi və yayılmasını istəmirik.

– Çünki Türkiyə və Rusiya toqquşsa, onda NATO da cəlb ediləcək.

– Birbaşa qarşıdurma az ağlabatandır. Çox ehtimal ki, NATO Suriya hadisələrindən kənarda durmaq istəyir.

-Türkiyə NATO-nun üzvüdür.

– NATO-nun Suriya münaqişəsində Türkiyənin köməyinə gələ biləcəyi haqda bir kəlmə də eşitməmişəm.

Kristian Ulç

Die Presse (Avstriya), 04.03.2016

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button