“Rusiya NATO ilə, NATO isə Rusya ilə toqquşmağa hazırdır”

Qərb ölklərinin təhlükəsizlik nazirləri Çernoqoriyanı Alyansın 29-cu üzv ölkəsi qismində NATO-ya birləşməyə çağırıblar.

Bu jest Qərbin ekspansionist cəhdləri xüsusunda narahat olan Moskva üçün fitnəkarlıqdır. Bu addım Vaşinqton üçün isə düşmənlik deyil. Çünki ABŞ dövlət katibi Con Kerrinin sözlərinə görə, “NATO artıq 70 ildir ki, mövcud olan müdafiə ittifaqıdır və Rusiyaya qarşı yönəlməyib”.

Sadəcə anlamaq istəyirsən ki, NATO Moskva ilə münasibətləri daha da kəskinləşdirəsi qərarı niyə məhz indi qəbul edib. Doğrudanmı, Quzey Atlantik alyansının ali rəhbərliyi üçün Obamanın “ümumi düşmən” elan etdiyi İŞİD-ə qarşı mübarizədə bu qədər gərəkli olan Moskva ilə münasibətlərin qorunub saxlanmasındansa, kiçik Balkan ölkəsinin birləşməsi indi daha önəmlidir? Çenoqoriya artıq on ildir ki, gözləmə siyahısındadır, ölkədə bu məsələ haqda ictimai rəy isə heç də vahid deyil.

NATO-nun bəyanatı Rusiya ilə Qərb arasında münasibətlərin güclü şəkildə kəskinləşdiyi məqamda səsləndi. Rusiya bombardmançısının hələ bir neçə gün əvvəl Türkiyə (NATO-ya üzv ölkə) tərəfindən məhv edilməsi zəncirvari reaksiya doğura bilərdi və yalnız Kremlin təmkini sayəsində beynəlxalq böhrandan yayınmaq mümkün oldu.

Ardınca Ollandın Moskvaya səfəri Rusiyanın Suriyada İŞİD-ə qarşı mübarizədə oynadığı rolun və Qərbin səylərinin Kremllə əlaqələndirilməsinin etirafı idi. İndi isə NATO-nun qərarı yeni nifaq doğura bilər. Təəssürat yaranır ki, sanki Qərbdə kimsə var gücü ilə Moskva ilə münasibətdəki gərginliyin zəiflədilməsinə qarşı çıxır.

NATO-nun baş katibi Yens Stoltenberq (Çernoqoriya ilə bütün bu əməliyyatları təşkil edən şəxs) bir neçə gün əvvəl Qərbin aparıcı nəşrlərində eyni zamanda dərc edilmiş müsahibəsində Rusiyanı bütün Avropanın təhlükəsizliyinə təhlükə adlandıraraq, onun ünvanına kəskin ittihamlarla çıxış etdi.

Rusiya bizi təhdid edir, yoxsa biz Rusiyanı?

Lakin biz əminikmi ki, təcavüzkar Rusiyanın obrazı və öz müttəfiqlərini “şərqli ayı”dan qorumağa cəhd edən NATO gerçəkliyə uyğundur? Yoxsa bu daha çox Vaşinqtonun öndərliyi altındakı Qərb ekspansionizminə müdafiə bəraətidir? Əslində, Avropadakı indiki duruma nəzər salarkən özgə bir təəssürat yaranır: Rusiyanın Qərb tərəfdən mühasirəyə alınması baş verir və Rusiya öz həyat məkanını qorumaq cəhdləri ilə cavab verir. Ukrayna böhranı da məhz bu rakursda nəzərdən keçirilə bilər.

Bu, tərəflərin hərbi potensialını da sərgiləyir: Bu gün Rusiyanın hərbi aparatı keçmiş Sovet İttifaqının imkanlarının yalnız beşdə birini təmsil edir. Halbuki NATO son 20 ildə keçmiş Varşava müqaviləsi ölkələrini və neytral dövlətləri udaraq, öz hücum (bağışlayın, müdafiə) imkanlarını xeyli gücləndirib.

Hərbi investisiyaya gəlincə, ABŞ-ın məsrəfləri Rusiyanın hərbi xərclərini 8 dəfə üstələyir. Beynəlxalq strateji araşdırmalar institutunun məlumatına görə, NATO ölkələri 2014-cü ildə müdafiəyə 800 milyard dollar, Rusiya isə cəmi 70 qoyub.

Qərb yanaşmasının kəmsərliyini anlamaq üçün bir neçə ay öncə, “La Stampa” qəzetində dərc edilmiş məqaləni oxumaq yetərlidir. Qəzet yazır ki, Rusiya Avropada müharibə başlamağa hazırlaşır və bununla belə, NATO-nun hərbi potensialının cəmi yarısına sahibdir. Belə çıxır ki, o, intihara hazırlaşır.

Rusiyanın NATO qüvvələri ilə rəqabətə girdiyi sahə nüvə sahəsidir ki, ABŞ-la bərabər “üçlük” deyilən sistemə sahibdir. Yəni hərbi əməliyyatların üç mümkün teatrında – yerdə, havada, suda istifadə edilən nüvə cəbbəxanasına malikdir.

İfrat gərginlik

Keçən il soyuq müharibə dönəmindən bəri Moskva ilə Vaşinqton arasındakı münasibətlərdə ən yüksək gərginlik ili oldu. Ukrayna böhranı ABŞ və müttəfiqlərinə Şərqi Avropada (Polşa və Rumıniyada) və Baltikada hərbçilər yerləşdirmək üçün bəhanə verdi.

NATO-nun illik son məruzəsində qeyd olunur ki, Alyans 2014-cü ildə özünün şərq sərhədlərində Rusiyanın 400 təyyarəsini (2013-cü ildəkindən 4 dəfə çox) yaxalayıb.

Rusiya öz növbəsində təkcə Baltik və Barents dənizi rayonunda 200-dən çox NATO təyyarəsinin yaxalanması haqda məlumat verib. Bunların 140-ı Amerika, qalanı alman, Kanada, portuqal, Danimarka və hətta İsveç təyyarələri idi. Bu ölkə NATO-nun üzvü olmasa da, alyansın adından fəaliyyət göstərir.

Buna Ukrayna və Qara dəniz rayonunda, həmçinin Rusiya və Belorusun sərhədlərində yaxalanmış 460 “АВАКС” (AWACS) sistemli ingilis və fransız təyyarəsini əlavə etmək lazımdır.

Hər iki tərəfdən irimiqyaslı hərbi təlimlər keçirilib. Rusiya martda Arktika sahillərində, Polşa və Litva sərhədləri boyunca, Krımda və Qara dənizdə 65 döyüş gəmisi, 220 təyyarə, 316 sualtı qayıq və 80 min nəfərin iştirakı ilə böyük hərbi təlim keçirdib. NATO oktyabrda 37-dən çox ölkədən 367 min nəfərin qatıldığı bu təlimə “Trident Juncture 2015″ təlimi ilə cavab verdi. Təlimin məqsədi müttəfiq dövlətlərdən birinə şərqdən (təsadüfən şərqdə bu cür dövlət bir dənədir!) hücum zamanı sürətli reaksiya qüvvələrinin imkanlarını yoxlamaq idi.

Alovu kim qızışdırır?

Yan Kernsin – Avropada ən nüfuzlu strateqlərdən birinin bu yaxınlarda yazdığı kimi, “Tərəflərdən heç biri bunu açıq şəkildə bildirmir, lakin Rusiya ordusu NATO ilə, NATO isə Rusya ilə toqquşmağa hazırlaşır”.

Baş verənlərin hamısı Avropanın, həm də ola bilsin, Rusiyanın da maraqlarına cavab vermir. Əksinə, Avropa və Rusiya maraqlıdır ki, ümumi təhlükəsizlik və inteqrasiya məkanı yaratsın. Bir çox problemlər (terrorizim, iqtisadi böhran, energetika məsələləri və Yaxın Şərqdəki durum) ümumidir.

Bəs onda alovu kim qızışdırır?

Moskvanı Avropadan kim uzaqlaşdırmaq istəyir?

Münaqişənin alovlamasında kim maraqlıdır?

Bəlkə, bu suala Vaşinqtonda kimsə cavab verə bilər?

Campaolo Rossi

Il Giornale (İtaliya), 08.12.2015

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button