Rusiyalı oliqarxlar bir günə 12 milyard dollar itirdilər

Xəbər verdiyimiz kimi, ABŞ-ın ötən həftənin sonunda tətbiq etdiyi sanksiyalar nəticəsində bu gün səhər saatlarından etibarın Rusiya şirkətlərinin fond birjalarındakı səhmləri sürətlə ucuzlaşır.

Bundan başqa, Moskva valyuta birjasında dolların və avronun rubla nisbətdə məzənnələri son bir neçə ayın ən zirvə nöqtəsinə çatıb. Hazırda 1 dollar 60,5 rubla, 1 avro isə 74,5 rubla satılır.

Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, yalnız bu gün Rusiyanın ən varlı 50 oliqarxının varidatı 12 milyard dollar azalıb.

Sanksiyalar fonunda səhmlərin və Rusiya rublunun sonrakı günlərdə də ucuzlaşması istisna edilmir.

*   *   *16:09

Ötən həftə ABŞ hökumətinin prezident Vladimir Putinə yaxın bir qrup oliqarxa, habelə bəzi məmurlara və şirkətlərə qarşı tətbiq etdiyi sərt sanksiyaların təsiri altında Rusiya rublu kəskin dəyər itirməyə başlayıb.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu gün səhər Moskva valyuta birjasında keçirilən hərraclarda 1 ABŞ dolları 1.2 rubla qədər bahalaşıb. Hazırda dolların kursu 60 rubla yaxınlaşır. Analitiklər qeyd edirlər ki, bu bahalaşma dolların 80 rublu keçdiyi 2014-cü il və 2016-cı ilin yanvarını xatırladır.

Gözlənilir ki, dollar elə günün sonunda 60 rublu keçəcək. Ucuzlaşmanın qarşıdakı günlərdə də davam edəcəyi istisna deyil. Çünki ABŞ Suriya rejiminin şərqi Quta qəsəbəsində kimyəvi silah işlətməsinə cavab olaraq Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyi haqda xəbərdarlıq edib.

Xatırladaq ki, bu gün səhərdən etibarən Moskva birjalarında indekslər 11 faizə qədər aşağı düşüb. Rusiyanın əksər iri sənaye şirkətlərinin, habelə VTB-Bankın və “Sberbank”ın səhmləri kəskin ucuzlaşıb.

*   *   *13:10

ABŞ hökumətinin ötən həftə elan etdiyi sanksiyalardan sonra Rusiyanın aliminium nəhəngi “Rusal” sürətlə batır. Virtualaz.org xəbər verir ki, bu gün hərraclar başlayan kimi şirkətin səhmləri bütün birjalarda kəskin dəyə itirməyə başlayıb.

Moskva Fond Birjasında hərracların ilk saatlarında “Rusal”ın səhmləri 47 faizə qədər dəyər itirib. Öz növbəsində “Rusal”ın sahibi səhmlərinin 48 faizinin, milyarder Oleq Deripaskanın “EN+Group” korporasiyasının səhmləri 23 faizə yaxın dəyərdən düşüb.

Moskva Fond Birjasında eyni zamanda Rusiyanın digər sənaye nəhənglərinin də səhmləri ucuzlaşmağa başlayıb. Habelə birja indeksi 3 faizdən çox aşağı düşüb. “Nornikel”in səhmləri 7.5 faiz, “Qazprom neft”in səhmləri 4.6 faiz, “Sberbank”ın faizi 4.3 faiz, “Qazprom”un özünün səhmləri 4.2 faiz dəyər itirib.

Xatırladaq ki, ABŞ ötən həftə bir qrup rusiyalı oliqarxa və dövlət məmurlarına, habelə hüquqi şəxslərə qarşı sərt sanksiyalar tətbiq edib. Bu sanksiyaların təsiri altına düşənlərin ABŞ-dakı aktivləri dondurulacaq, mülklərinə həbs qoyulacaq. ABŞ vətəndaşlarına isə sanksiyaların təsiri altına düşənlərlə hər hansı əməkdaşlıq qurmaq qadağandır. Eləcə də bu fiziki və hüquqi şəxslərlə işgüzar əlaqələr yaradan xarici ölkə vətəndaşları, hüquqi şəxsləri və hökumətləri ABŞ-ın sanksiyalarına məruz qalacaq. Sanskiya tətbiq edilənlərin siyahısında “Rusal” şirkəti və Oleq Deripaskanın özü də yer alır.

Xəbərlərə görə Honkonq fond birjasında “Rusal”ın səhmləri birdən birə 50 faizə qədər dəyər itirib. Hazırda şirkətin bazar dəyəri cəmi 4.47 milyard dollardır. Bu, “Rusal”ın 4.5 milyard dollar dəyər itirməsi deməkdir. Gözlənilir ki, Asiya birjalarının ardınca Avropa və ABŞ birjalarında da “Rusal”ın səhmləri kəskin ucuzlaşacaq.

Səhmlərin kəskin dəyər itirməsindən əvvəl “Rusal” bəyanatla çıxış edərək bildirib ki, ABŞ-ın sanksiyaları onlara neqativ təsir edəcək. “Şirkətin qiymətləndirmələrinə görə OFAC (ABŞ-dakı xarici aktivlər üzərində nəzarət Ofisi) tərəfindən tətbiq edilmiş sanksiyalar qrupun müəyyən kredit öhdəlikləri üzrə texniki defolta gətirib çıxara bilər”-şirkət bildirib.

“Rusal”ın bu bəyanatı Honkonq Fond Birjasında yayılıb və dərhal şirkətin səhmlərinin kəskin dəyər itirməsi prosesi başlayıb. Moskva Fond Birjası “Rusal”ın səhmlərinin kəskin ucuzlaşmasına görə xüsusi hərrac rejiminə keçib. Məqsəd səhmlərin ucuzlaşmasını dayandırmaqdır.

Son məlumatlara görə VTB-Bankın səhmləri də Moskva Fond Birjasında bir neçə saat ərzində 10 faiz dəyər itirib. Bankın rəhbəri Andrey Kostin ABŞ-ın sanksiya siyahısındadır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button