“Rüstəm İbrahimbəyova qarşı böhtan, şər, qara piar kampaniyası aparılır…”

eli kerimli12.07.2013

AXCP sədri Əli Kərimli hakimiyyətin Milli Şuraya, onun sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyova qarşı apardığı təbliğata Facebook səhifəsində münasibət bildirib:

Maddi resurslardan, televiziya efirindən məhrum edilmiş, ofisləri əlindən alınmış, rayonlara – seçicilərlə görüşə yolu bağlanmış, mitinq, nümayiş imkanından məhrum edilmiş, yüzlərlə fəalı siyasi məhbus həyatı yaşamağa məcbur edilmiş müxalifət prezident seçkiləri ərəfəsi öz düzgün strategiyası ilə – birləşib prezidentliyə vahid namizəd irəli sürməklə hökuməti çox çətin duruma sala bilib.

Hakimiyyətdəkilər o qədər çaşqındırlar ki, hətta bu vəziyyətlərini gizlədə də bilmirlər. 10 illər ərzində müxalifəti leqal siyasi rəqabət imkanlarından məhrum etmişdilər. Real müxalifəti məhv etməyə çalışırdılar. Müxalifəti məhv etdiklərinə bəzən artıq inanırdılar da… Və birdən məlum oldu ki, məhv etdiklərinə artıq inandıqları müxalifət hazırda cəmiyyətdə elə bir potensial dəstəyə malikdir ki, bircə aylıq açıq seçki rəqabətindən sonra iqtidar namizədini məğlub edib, parlaq qələbə qazana bilər.

Birləşmiş müxalifətin seçkilərdə gözlənilən qələbəsini əngəlləmək üçün təxribat və saxtakarlıq maşınını işə salıblar. Televiziya kanallarında, muzdlu informasiya vasitələrində Milli Şuraya və onun prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyova qarşı böhtan, şər, qara piar kampaniyası aparılır. Amma başa düşürlər ki, bu kompaniya ictimai fikri dəyişdirmək gücündə deyil. Xalq hökumət mətbuatının dediklərinə inanmır.

Ümidlərini Rüstəm İbrahimbəyovun seçkilərdə iştirakını əngəlləməyə – onu namizəd kimi qeydə almamağa bağlayıblar. Açdıqları ictimai diskussiya vasitəsilə sadə vətəndaşı aldatmaq istəyirlər. Çalışırlar ki, ən azı əhalinin bir qismini Rüstəm bəyin namizədliyini qeydə almamaq üçün hüquqi əsaslar olduğuna inandıra bilsinlər.
Özünün açıqlamaları, hüquqşünasların şərhləri sübut edir ki, Rüstəm bəyin namizədliyinin qeydə alınmaması üçün hüquqi əsaslar yoxdur (Ehtiyac olsa bu barədə ayrıca yazı da yazaram).

Seçki Məcəlləsinin siyasi məqsədlər naminə növbəti dəfə pozulmasına, birləşmiş müxalifətin vahid namizədinin seçkidən kənarda saxlanılmasına, İlham Əliyevin üçüncü dəfə, həm də alternativsiz seçki vasitəsilə hakimiyyətini uzatmasına isə Azərbaycan xalqı razılaşmayacaq, dünya da biganə qala bilməyəcək.

Hakimiyyət Rüstəm bəyi namizəd kimi qeydə almağa məcbur olacaq. Qeydə almamaq şousu isə hakimiyyətin seçki texnoloqlarının ciddi səhvidir. Bu kampaniyaya başlamaqla hakimiyyət komandası birləşmiş müxalifətin vahid namizədinin elektoral gücündən ehtiyatlandığını, onu güclü alternativ kimi gördüyünü etiraf etmiş oldu.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button