Rüşvət və korrupsiyaya son!..

MAYASI RÜŞVƏTDƏN YOĞRULAN İQTİDAR

Bəlkə “Heydər Əliyev Fondu” deyilən bir təşkilatın haradan və necə maliyyələşdirildiyini hamımız açıq-aydın biləcəyik?

Obyektiv həqiqətdir ki, dünyada “qəzet” deyilən kağızlar əsas kitləvi informasiya vasitəsi olanda biz onu tanımırdıq. Sonra dünya informasiya vasitəsi kimi radiodan istifadə etdikdə biz qəzeti və qəzetçiliyi mükəmməl mənimsədik. Dünya radiodan televiziyaya, oradan internetə addımlayanda biz də dallarıyca zəfərli addımlar atıb arxada buraxdıqlarını mənimsədik. İndi dünya İNTERNET üzərində dayanıb. Biz də qəzet və qəzetçilik üzərində elə möhkəm ayaq saxlamışıq ki, hətta qəzetlərimizə Oxucu tapılmadığı indiki dövrdə belə ondan əl çəkə bilməyib bu sahədə xariqələr yaradırıq. Günahı oxumayanların boynuna. Hələ bu qəzetləri də iki yerə ayırmışıq ki, dünyanın “qəzet” təcrübəsində bəlkə də analoqu yoxdur. Əgər xalqını tərifləmək istəyirsənsə və istəyirsənsə yazdıqlarını hamı oxusun, ancaq onlara heç kim əhəmiyyət verməsin, onda MÜXALİFƏT qəzetlərinə qaç. Yox, əgər hakimiyyəti tərifləmək istəyirsənsə və istəyirsənsə ki, balaca bir vəzifə də alasan, onda İQTİDAR qəzetlərinə yaz və bir az da məddahlıq elə. İndi vəziyyət bir az dəyişib. Radio və televiziyalara yaxın gedə bilməsək də internetdən istifadə edə bilirik və görürük ki, dünya bizi internetdən daha çox izləyir, oraya yerləşdirdiklərimizdən anlamaya çalışır ki, ölkəmiz neft və dilənçilər məmləkətinə çevrilib. Azad sözün radio və televiziyalara yolunu bağlayanlar bəlkə də bilmirlər ki, bir neçə il sonra internet hakimiyyətdəki rejimlər üçün toxunulmaz hala gələcək. İndi artıq alimlər provayder şirkətləri olmadan məlumatların kompüterdən kompüterə, telefondan telefona ötürülməsi texnologiyalarını hazırlayıblar. Dünyanın istənilən ölkəsindəki adamla danışmaq, ən başlıcası isə həmin danışıq üçün bir qəpik də ödəməmək mümkün hala gəlir.

Bu ölkədə rüşvət və korrupsiyalı idarə sistemi yaradılıb, hansı ki, dünyada analoqu yoxdur. Nəzərə alsaq ki, dünyanın Misir təcrübəsi super güclər üçün bir dərsdir, bu dərsdən faydalanıb hakimiyyətimizə mesaj göndərməyə başlayıblar ki, daha saxta seçkilərinizə “Bir addım irəlidir” deyə bilməyəcəyik, öz başınıza çarə qılın. Hakimiyyətimiz də sanki qorxuya düşərək MÜXALİFƏT qəzetlərinə göndərilən yazıların öz qəzetlərində çapına qismən razılıq verərək, ölkəmizdəki bütün bəlaların səbəbinin rüşvətxorluqla bağlı olduğunu təsdiqləyərək onu aradan qaldırmağa başlayıb.

Adam lap mat-məətəl qalır. Rüşvərlə yaşayanlar təkcə daha almayacaqlarını demirlər həm də deyirlər ki, rüşvətxorluğa qarşı, yəni bir-birilərinə qarşı mübarizə aparacaqlar. İnsan hətta buqələmun da olsa bu tezlikdə dəyişə bilməz axı. Bu əcaib heyvana rəngini dəyişmək üçün azı 6 ay vaxt lazım gəlir. Məmurlarımız necə oldu ki, elə Misir hadisələri başlayan kimi bir anda rənglərini dəyişdilər? Libas dəyişməklə cəllad dərvişə çevrilə bilməz!

“Rüşvət almayacağıq” deyəndə görəsən nəyi nəzərdə tuturlar? Yəni çıxarılan neftdən gələn gəlirlər haqda onun əsl sahiblərinə (xalqa) dəqiq məlumatlar verəcəklərmi? Yəni səbəbini açıqlayacaqlarmı ki, neft və qaz istehsalı elektron sürəti ilə artsa da, Neft Fondundakı vəsaitlər niyə tısbağa sürəti ilə artır? Yəni biləcəyikmi ki, xarici banklarda kimlərinsə adlarına olan vəsaitlər haradan yığılır? Ölkənin az bir hissəsi təbii qazla təmin olunduğu halda, nədən dünyanın qaz satan ölkəsi iddiasında bulunuruq? Yəni görəsən xalq biləcəkmi ki, nə səbəbdən seçkilər qurtarar-qurtarmaz “beynəlxalq müşahidəçilər” Az TV-lərdə od püskürürlər ki, bu seçkilər demokratiya baxımından dünyaya nümunədir. Ölkədə rüşvətə qadağa qoyularsa, onlar yenədəmi püskürəcəklər? Ancaq xalqınız yaxşı bilir ki, mayası rüşvətlə yoğrulmuş bu hakimiyyətdə hər “uğurun” arxasında rüşvət dayanır. Yaxşı, bəs rüşvət almayacaqsınızsa, deməli, rüşvət verməyə də pulunuz olmayacaq. Onda bu “beynəlxalq müşahidəçilərə”, xarici təşkilatlara, nümayəndəliklərə hansı pullardan rüşvət verəcəksiniz ki, keçirdiyiniz saxta seçkiləri “bir addım demokratiyaya doğru irəliləyiş” kimi dəyərləndirsinlər?!

Seçkiləri saxtalaşdırmaq təcrübəsi qədim Roma imperatoru Kaliqulaya məxsusdur. Onun hətta seçkiləri saxtalaşdırmaqdan yorulduğu da bildirilir. Seçkilərdən və bu tamaşada iştirak edən insanlardan o qədər bezmişdi ki, nəhayət, Senatın üzvlüyünə öz atını təqdim etmişdi. Sonradan bu ənənə vəba xəstəliyi kimi bütün dünyaya yayıldı. XVIII əsrdə Avropada seçki saxtakarlıqları arxivin uzaq küncünə atılsa da, bizdə çiçəklənmə dövrünü yaşayır. Belə seçki nümunələrndən hazırda Ərəb ölkələrində də yararlanırlar. Ancaq saxtakarlıqları gizlətmək mümkün deyil. Gec-tez bomba kimi partlayır. İraqda Səddam Hüseyn də, Misirdə Hüsnü Mübarək də devrildikləri gündən düz iki ay öncə hətta, referendum keçirib yüzlərlə “beynəlxalq müşahidəçiləri” çoxsaylı televiziyalarına çıxarıb dünyaya “seçki nümunələri” göstərdiklərini onların dilindən bəyan etdirmişdilər. Əhalinin guya 95-98% səsini qazanmışdılar. Elə referendumlarından iki ay sonra da “seçiciləri” tərəfindən heykəllərinin boynuna zəncir salındı. Bu zəncirsalma qorxusu “Bizimkiləri” o qədər qorxudub ki, saxtakarlığa qarşı mübarizənin ilk mərhələsini ölkəni başına götürmüş rüşvətxorluğa qarşı mübarizə ilə başlamışlar. Çox gözəl, ancaq mübarizə mexanizmləri saxta görsənir.

Guya parlamentdə əyləşdirib “millət vəkili” paltarını geyindirdiyiniz deputatlar təsdiq edəcəklər ki, xalqın səsini almadan, saxta protokollarla bu mötəbər kürsülərində əyləşiblər? Hələ özlərinə 2000 manat da məvacib almağa qərar veriblər. Hansı ki, ölkədə yeni insan tərbiyəsi ilə məşğul olan müəllimin əmək haqqı 200 manatı keçmir, cəmiyyətin sağlamlığı keşiyində duran həkimlər isə daha az məvacib aldıqlarından xəstələrinin cibinə göz dikiblər. Hələ yaşı keçmişlərin, əmək və müharibə əlillərinin dilənçi payı kimi aldıqları pensiyaları demirəm. Daha bundan sonra hökumətimiz ildə iki-üç dəfə onlarınn pensiyalarını 1-3 manat artırıb üzlərinə tüpürməyəcək ki, “…daha nə istəyirsiniz, ildə 2-3 dəfə pensiyalarınızı artırıram.”

Yaxud Allah eləməmiş, məhkəməyə yolumuz düşsə, haqqımızı hakimin caynağından rüşvət vermədən qurtara biləcəyikmi? Görəsən, məhkəmələrimiz məmurlardan etdiyimiz şikayətlərə baxmaq üçün özlərində cürət və cəsarət tapa biləcəklərmi? Yəni yol polisi qaydanı pozan, yaxud pozmayan sürücüdən “iyirmilik”ləri nəğd alıb “Yaxşı yol” deməyəcək ki?

Deyirsiniz ki, bu ölkədə daha rüşvət olmayacaq? Bəs monopoliya necə, onun da qarşısını ala biləcəksinizmi? Bəs onda tikinti şirkətlərimizi, super ticarət mərkəzlərimizi, pestoran və şadlıq evlərimizi kimlər idarə edəcək? Yaxud elə götürək xarici ölkələrdən gətirilən bananımıza, kartofumuza, soğanımıza, toyuq yumurtasına, dərmanımıza, taxılımıza, vərməşilimizə, makaronumuza – monopolist nazirlər, yaxud onların kiçik torpaqdan olan həmyerli qohumları nəzarətdən imtina edəcəklər? Yəni doğrudan da biz hər addımbaşı rüşvəti görmədiyimizdən heyrətlənəcəyikmi? İnanaq ki, bundan sonra bu dövlətin milyonlarını hansısa ölkədə (məs: Rusiyada və Fransada) kimsənin tanımadığı fonddan bir ad almaq üçün rüşvət verib almayacaqsınız? Bəlkə “Heydər Əliyev Fondu” deyilən bir təşkilatın haradan və necə maliyyələşdirildiyini hamımız açıq-aydın biləcəyik?

Rayonlarda təhsil şöbələrinə müdirlər rüşvətsiz təyin ediləcəklərmi? Məktəbdə müəllimlər bayramlarda gözünü şagirdin əlinə dikməyəcək ki, nazirlik üçün pul yığılsın? Əks halda bir kompleks yoxlama və biabırçılıq. Ya da övladını məktəbə yazdıran valideynlər daha məktəbə yardım-hörmət etməyəcək ki?

Həkim də rüşvət almayacaq?! Heç inləməyəcək ki, necə eləsin, hətta rentgen üçün plyonkanı da öz cibindən aldığı halda, xəstəsinə Hippokrat andına sadiq xidmət eləsin. Dövlət büdcəsindən səhiyyəyə ayrılan pullar xəstəxanalara gəlib çıxmır axı, elə “yuxarıda” iştaha ilə həzmdən keçirilir. İndi daha bu da olmayacaq?

Gəlin bəzi qaranlıq məsələlərə də diqqət yetirək. 2 il öncə ölkədə bələdiyyə seçkiləri keçirilib. Bu seçkilərdə bələdiyyə sədri olmaq istəyənlər rayon icra başçılarına və MSK üzvlərinə 20-30 min arası rüşvət ödəmişdilər ki, bu vəzifədə beş il işləyib iki dəfə artığını qazansınlar. İndi onların əksəriyyəti verdiklərini belə qazana bilməyiblər. Hökumət rüşvət “islahatı”  keçirir deyə mayaları batmalıdırmı, yoxsa icra başçıları və MSK aldıqlarını qaytaracaq? O da var ki, indi bu üsyan xofu ilə icra başçılarının yerləri tez-tez dəyişdirilir. Məs: Gəncənin başçısı Sumqayıta, Sumqayıtınkı Bakıya, Lənkəranınkı Qaradağa, Qəbələninki Lənkərana və s. dəyişdirilir. İndi belə çıxır ki, Lənkəranda Süleymana rüşvət vermiş bələdiyyə sədri Qaradağa gedib oranın başçısından rüşvətini geri istəməlidir. Heç olana oxşamır…

İndi məmurlar yaman təşvişə düşüb ki, vay aman, inqilab kəsib qapının ağzını, onu geri döndərmək üçün bir şey etmək lazımdır. İlk növbədə də rüşvətdən başlayıblar, bəlkə bu imitasiya üsyanı qaytara bildi. Amma başqa bir dərd də var axı, inqilab qapıya dayandısa, onu kimsə qova bilməz. O, mələk Əzrail kimidir, nə rüşvət bilir, nə neft-qaz bilir, nə də hədiyyə-şirinlik. Onu bir kimsə qaytara bilməz. Elə ki vaxtı gəldi, selə dönər, tufana- qasırğaya dönər, amma qayıtmaz. Bilmədiyimiz təkcə onun vaxtının çatıb-çatmamasını dəqiqləşdirməkdən ibarətdir.

İndi tutaq ki, bu inqilab qapıdan qayıtdı, ya da hakimiyyət 2-3 aydan sonra birdən arxayınlaşdı ki, inqilab bizdən yan keçdi… Onda daha dəhşətli olacaq. Məsələn, 2-3 ay rüşvət ala bilməyən məmur o boşluğun yerini doldurmaq üçün rüşvət aparatını daha sürətlə işə salacaq. Onda vay bu “rüşvət islahatına” bel bağlayanların halına, rüşvət bazar iqtisadiyyatına görə qalxacaq. “Bazar iqtisadiyyatı” deyəndə bir mühüm məsələni də Oxucuların diqqətinə çatdırmağı vacib sayıram. Bu məsələ ondan ibarətdir ki, ölkənin bazar iqtisadiyyatı monopoliya ilə tənzimlənən iqtisadiyyatdır. Belə tənzimləmənin pozulması bazar iqtisadiyyatının da pozulması deməkdir ki, bu da öz növbəsində üsyanı ölkəyə sürükləyib gətirməyə bənzəyir. Ona görə də heç bir halda bugünkü Azərbaycanda monopoliyaya son qoymaq mümkün deyil. Əks halda bunu edənlər elə özləri inqilab etmiş sayıla bilərlər. İndilik ölkədə məmurlar rənglərini dəyişərək mələk-dərviş qiyafəsində görünməkdədirlər, bundan sonra da rüşvət olmayacaq deyirlər. Sonra necə olacaq görəsən? Hərəsi iqtisadiyyatın bir sahəsinin monopolisti olan bu məmurlar bu 2-3 ayın əvəzini 2-3 dəfə artıqlaması ilə çıxacaqlar.

Lakin dünya təcrübəsi elə dünya təcrübəsidir, özünü bir ölkədə ki doğrultdu, sürətlə diğər ölkələrə də yayılır. Gəlişi də lap Əzrailin gəlişinə oxşayır. Bir sözlə, diktatorların dövrü böyük sürətlə məntiqi sonluğa doğru yaxınlaşır. Yaxın illərdə inqilablar ən müxtəlif yerlərdə, fərqli ölkələrdə olasıdır. Proseslər Yaxın Şərqlə başa çatan deyil, onun Orta Asiya və Qafqazda da peyda olacağı realdan da real görünür. Axı buralarda da 30-40 illik avtoritar rejimlər mövcuddur. Azərbaycan isə daha bərbad gündədir. Ərazinin yeganə dövlətidir ki, hakiniyyət atadan oğula zorla da olsa ötürülüb.

Bu ölkəni bu günə salanlar kaş ki heykələ yox, daşa dönəydilər.

 

H.Məmmədli

Lənkəran

“Xural” qəzeti,

İl: 9, sayı: 024 (432), 26 iyun-2 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button