Səfər Əbiyev və Nəcməddin Sadıqov istefaya göndərilməlidir!

Azərbaycan Ordusu “toy generallarından” xilas oilunmalıdır!

Redaksiyamıza Qarabağ Azadlıq Təşkilatının bəyanatı daxil olub. Bəyanatda deyilir:

Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, 7 əsgərin ölümü ilə nəticələnmiş qanlı hadisə Azərbaycan hakimiyyəti üçün ciddi siqnal olmalıdır. Biz həmişə Ordumuzu müdafiə etmiş, Ordu haqda mənfi fikir yaradanlara qarşı olmuşuq. Amma bu hadisə artıq bütün çərçivələrdən kənara çıxır və Ordudakı vəziyyətlə bağlı ciddi təlaş yaradır. Ona görə də biz hesab edirik ki, təcili olaraq bir sıra tədbirlər həyata keçirilməlidir:

1. Korpus komandiri Çingiz Şəfiyevin vəzifəsindən azad edilməsi kifayət deyil, o, cinayət məsuliyyətinə cəlb edilməlidir. Digər tərəfdən isə, bu hadisəyə, Orduda vəziyyətə görə məsuliyyəti müdafiə naziri və baş qərargah rəisi daşıyırlar. Ona görə də müdafiə naziri Səfər Əbiyev və baş qərargah rəisi Nəcməddin Sadıqov istefaya göndərilməlidirlər. Onlar istefaya göndərilməsələr, Ali Baş Komandanın hər hansı başqa qərarı cəmiyyət tərəfindən qəbul olunmayacaq və başa düşülməyəcək. Azərbaycan Ordusunu bu iki uğursuz və toy generalından xilas etməyin vaxtı artıq çatmışdır.

2. Qanlı hadisənin araşdırılması üçün ictimaiyyət nümayəndələrinin iştirakı ilə parlament komissiyası yaradılmalıdır.

3. Bu cür hadisələrlə bağlı cəmiyyətə vaxtında və düzgün informasiyanın verilməməsi, faktların gizlədilməsi praktikasına son qoyulmalıdır. Bu, hakimiyyətə və Orduya inama mənfi təsir göstərir.

4. Azərbaycan hakimiyyəti bu cür faktların üzərindən keçməməlidir, günahkarlar ən ciddi şəkildə cəzalandırılmalıdır ki, bu cür hadisələr Ordunun döyüş qabiliyyətinə öldürücü zərbə vurmasın. Buna qətiyyən yol vermək olmaz.

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 27 fevral-5 mart 2011-ci il

Əlaqəli məqalələr

2 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button