Səfirlik Parisdəki qalmaqalla bağlı açıqlama yaydı

“Biz belə cəfəngiyatları cavabsız qoymuruq”.

Azərbaycanın Fransadakı səfirliyi Parisdə erməni diasporunun Dağlıq Qarabağa dair təşkil etdiyi tədbirdə baş vermiş qalmaqala aydınlıq gətirib.

Səfirliyin mətbuat katibliyindən verilən məlumata görə, erməni icmasının nümayəndəsi, Parisin 5-ci rayonunun mer müavini Flora Kalustyan Dağlıq Qarabağa dair elmi konfrans keçirmək qərarına gəlib.

“Özünü tarixçi sayan riyaziyyat müəllimi Klod Mutafyan tərəfindən aparılan konfrans mayın 19-da təşkil olunmuşdu. Biz səfirlik olaraq, təbii ki, tədbirə dəvət olunmuruq, lakin dostlar ora dəvətnamənin alınmasında bizə yardımçı oldular.

Azərbaycanın Fransadakı səfirliyin əməkdaşları,  Fransanın Azərbaycan Dostları Cəmiyyəti, Azərbaycan Evi və digər fəal həmvətənlilərimiz tədbirə qatıldılar.

Ermənilər həmişəki kimi, heç bir ciddi mənbəyə əsaslanmayan, fotoşop hesabına düzəldilmiş “erməni xəritələri” ilə Dağlıq Qarabağın tarixi erməni ərazisi olduğunu sübut etməyə çalışıblar.

Ancaq biz belə cəfəngiyatları cavabsız qoymuruq. Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşı faktlarla çıxış edərək bu iddiaların yalan olduğunu sübuta yetirib.

Ermənilər əks arqument gətirmək əvəzinə, diplomatları fitə basıb, qışqır-bağır hesabına Azərbaycan tərəfini susdurmağa çalışaraq, zalı nümayişkəranə şəkildə tərk etməyə başlayıblar.

Bildirmək istəyirik ki, səfirlik ölkəmiz və münaqişə haqqında Fransa ictimaiyyətinə həqiqətlərin çatdırılması məqsədilə apardığı məqsədyönlü işdən əlavə, Fransada çoxsaylı erməni icmasının, təşkilat və qurumların fəaliyyətini daim yaxından izləyir.

Hər hansı təxribat və yaxud, ölkəmizi mənfi imicdə göstərmək cəhdləri olduğu təqdirdə, dərhal tədbir görür”, – deyə, səfirlikdən bildiriblər.

apa.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button