Səhiyyə Nazirliyinin attestasiya oyunu

Oqtay Şirəliyev

40 ilin həkimini niyə attestasiyadan keçirirlər?

Səhiyyə Nazirliyində qorxulu bir kabus dolaşır – «Attestasiya kabusu». Yox, yox, bu attestasiya məsələsi sıradan bir məsələ deyil. Burada təkcə bilik, bacarıq, iş qabiliyyəti və peşəkarlıq nəzərə alınsaydı, o zaman bəlkə də ədalətli nəticələrin olacağı haqqında nəsə düşünmək olardı. Amma bu «payız»da Səhiyyə Nazirliyində ədalətli nəticələrin sayılacağı haqqında gözləntilər və ümidlər azdır. Əksinə, nazirliyin sabahdan – yanvar ayının 5-dən Bakıda başlayacaq attestasiyası haqda şübhələr çoxdur və bu şübhələr haqqında kuluarlarda danışılır.  Özü də lap çox…

Səhiyyə Nazirliyi durub-durub durnanı gözündən vurub. Yəni planlaşdırılan bu attestasiyalar dünənin, ya da srağagünün həkimlərinə deyil, ta… əyyami-qədimdən bu peşə ilə məşğul olan bütün digər həkimlərə də aiddir. Hamı indi imtahanlara hazırlaşır. Təsəvvür edin, 1960-cı, 1970-ci illərdə təhsil alan və təxminən 40 ildir ki, həkim işləyən zırpı-zırpı həkimlər indi gecələrini gündüzlərinə qatıb imtahanlara hazırlaşırlar. Bilməyənlərə nə var, indi bilənlərin zülümlü günləridir. Çünki attestasiyanın qaydaları və sualların əndrəbadiliyi bu haqda şübhələrin baş qaldırmasına səbəb olub.

Səhiyyə Nazirliyinin təsdiq etdiyi imtahanda təxminən 1500 sual var (bu suallar ixtisaslara görə dəyişkənlik göstərir). Bu sualların əksəriyyəti – demək olar ki, 95 faizi son illərin ədəbiyyatından soruşulub. Məsələn, 1970-ci ildə məzun olmuş və 40 ildir həkim işləyən qoca həkim 2007 və ya 2009-cu ilin tibb ədəbiyyatından cavab verməli olacaq. Təbii ki, bütün elmlərdə olduğu kimi, tibb elmində də inkişaf var və bütün həkimlər də zəhmət çəkib bu inkişafla ayaqlaşmalı, dolayısı ilə tibbi ədəbiyyatı oxumalıdırlar. Ona görə də ilk baxışdan Səhiyyə Nazirliyinin müəllim-həkimlərinin tərtib etdiyi bu suallara qızmamaq lazım. Amma işin içinə girəndə hər şeyin başqa cür cərəyan etdiyinin şahidi olursan. Məsələ burasındadır ki, Səhiyyə Nazirliyinin tərtib etdiyi 1500 sualın 1000-dən çoxunun həkimlərin öz ixtisasları ilə əlaqəsi yoxdur. Bu azmış kimi, bu sualların əksəriyyətinin aid olduğu 2007 və 2009-cu illərin ədəbiyyatının əksəriyyəti Azərbaycan dilində və ya Azərbaycanda mövcud deyil. Təsəvvür edin ki, Azərbaycanda olmayan və Azərbaycan dilində olmayan ədəbiyyatdan Azərbaycan həkimləri imtahan verir. Təbii bir sual yaranır – bu ədəbiyyatlar yoxdursa, tərcümə olunmayıbsa, o zaman nə üçün və nə məqsədlə tərtib olunub? Deməli, niyyət pisdir, daha doğrusu, xoşməramlı deyil…

Apardığımız özəl araşdırmalar nəticəsində məlum oldu ki, attestasiyalardan keçməyin qiymətləri artıq müəyyənləşib – 1000 manatdan başlayıb ixtisasına və gəlirinə görə 7000 manata qədər pulun olsa, heç bir «qəza» keçirmədən imtahanlardan çıxa bilərsən.

Bax belə… Azərbaycan ölkəsinin səhiyyə nazirliyinin attestasiya oyunlarının «əmma»sı sən demə, bu pullarmış…

Aldığımız digər bir məlumata görə, Səhiyyə Nazirliyində keçirilən bu attestasiyaların son günlərdə Oktay Şirəliyevin işdən çıxarılması ilə birbaşa bağlılığı var. Belə ki, artıq zamanı dolan naziri bu attestasiyaların yaradacağı etiraz burulğanında işdən azad edəcək, bütün neqativ halları onun boynuna qoyacaq və ehtimal olunan narazılıqların öhdəsindən bu yolla gələcəklər. Oktay Şirəliyevin yerinə isə deyilənlərə görə, yeni namizəd tapılıb…

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button