Sərdar Həmidovu Tərtər polisinə çağırıldı

34Tərtər rayonunun sabiq icra başçısı, hazırda 95 saylı Tərtər seçki dairəsindən qeydə alınan namizəd Şəhriyar Məcidzadənin vəkili Sərdar Həmidov ifadə vermək üçün polisə aparıldı

xural.com-a dxil olan xəbərə görə, Şəhriyar Məcidzadə oktyabrın 14-də seçiciləri olan Mamırlı kənd sakinləri ilə görüş keçirib. Görüşdən dərhal sonra namizədin vəkili Sərdar Həmidov polis şöbəsinə aparılıb.

 Şəhriyar Məcidzadənin verdiyi məlumata görə, görüş açıq keçirilib və o, qanunla ona tanınan bütün hüquqlarından istifadə edib.

Mamırlı kənd bələdiyyəsinin sədri Kamal Quliyev
Mamırlı kənd bələdiyyəsinin sədri Kamal Quliyev

Keçirilən görüş zamanı seçicilər Mamırlı kənd Bələdiyyəsinin sədri Kamal Quliyevin dəfələrlə görüşə getməmələri üçün onlara etdiyi xəbrdarlıqdan şikayətləniblər və bildiriblər ki, bələdiyyə sədri insanların azad seçimi üçün ciddi problemlər yaradır. Müstəqil namizədlərin seçicilərlə keçirilən görüşlərində iştirak edən kənd sakinləri isə sonradan bələdiyyə sədrinin ciddi təpkisi və hədə-qorxusu ilə üzləşirlər.

Şəhriyar Məcidzadə onu da bildirdi ki, görüş keçirilən zaman nə icra nümayəndəliyindən, nə də bələdiyyədən ona açıq təzyiqlər olmayıb. Ancaq o, kənddə yerləşən Şəhidlər Xiyabanını ziyarət edərkən, bələdiyyə sədri Kamal Quliyev əlində telefonla ziyarətə gələnlərin fotolarını çəkməyə başlayıb: “Daha sonra isə əlindəki telefonla gizli çəkiliş aparan Kamal Quliyev bu əməlini bir az da irəlilədərək çəkilişi açıq-aşkar aparmağa davam etdi. İnsanlar buna etirazını bildirən zaman isə dedi ki, bu mənim işimdir, mən həmişə namizədlərin fotolarını çəkmişəm, bundan sonra da çəkəcəm. K.Quliyevin çəkdiyi fotoları kimə göstərəcəyini dəqiq bilməsək də, kənd sakinlərinin dediyinə görə, o bu fotoları icra başçısına göstərəcək və bu yolla görüşdə iştirak etmiş sakinlərə hədə-qorxu gələcək”.

Seçicilərin narahatlığını hiss edən Ş.Məcidzadənin vəkili Sərdar Həmidov bələdiyyə sədrinə yaxınlaşaraq, onların razılığı olmadan şəkillərinin çəkilməsinin qanunsuz olduğunu bildirib. Lakin bələdiyyə sədri kobudcasına, “Mən nə istəyirəmsə, onu da eləyirəm” – deyərək, çəkilişləri davam etdirməyə başlayıb. S.Həmidovun dəfələrlə etdiyi xəbərdarlığa baxmayaraq, K.Quliyev kənd sakinlərinin də toplandığı görüş yerindən bir addım da geri çəkilməyib. Sakinlər bunu K.Quliyevin təxribatı kimi dəyərləndiriblər. Həqiqətən də çox çəkməyib ki, bələdiyyə sədri mübahisə yaradıb və görüşü dağıdıb. O bu qanunsuz hərəkətini əsaslandırmaq üçün dərhal polisə şikayət ərizəsilə müraciət edərək, guya vəkilin ona təzyiq etdiyini bildirib. Polis vaxt itirmədən Sərdar Həmidovu həbs edib. Hazırda S.Həmidov Tərtər rayon polis şöbəsinə aparılıb.

Qeyd edək ki, deputatlığa qeydə alınan namizəd Şəhriyar Məcidzadənin Tərtərin kəndlərində keçirdiyi bütün görüşlərin fotoları gizli olaraq çəkilib. Ancaq bu dəfə bələdiyyə sədri icazəsiz olaraq, açıq-aşkar foto-videoları çəkib və onları hansı təyinatı üzrə istifadə edəcəyi haqda da məlumat verməyib.

Məsələ ilə bağlı Mamırlı kənd Bələdiyyəsinin sədri Kamal Quliyevin münsibətini öyrənməyə çalışsaq da, telefonları əhatə xaricində olduğu üçün onunla əlaqə saxlamaq mümkün olmayıb.

Mövzunu diqqətdə saxlayacağıq.

 xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button