Şərq qadınının azadlıq lideri – Tahirə Qürrətül-Eyn

Könül Alı

 

İranın Janna Darkı, şərq qadının azadlıq lideri..

 

I yazı

 

Düşünürəm ki, dünyanın hər yerində müasirimiz olan qadınlar öz hüquqları, azadlıqları, ictimai mövqeləri uğrunda savaşarkən Tahirənin həyatından və fəaliyyətindən bəhrələnəcəklər. Çünkü dünyada “Gender Bərabərliyi” barədə elə bir kitab yoxdur ki, orada Tahirənin adı keçməsin, Tahirədən bəhs olunmasın.

Onun barəsində nahaq yerə “Bənzərsiz şəxsiyyət”, “Tarix salnaməsində müstəsna fəaliyyəti olan lider” deyilmir.

Bəri başdan deyim ki, bu qadının barəsində bir səhifə oxuyan onun sehrinə düşür. Tahirə Qürrətül-Eynin haqqında yüzlərlə yazı yazılıb, araşdırmalar aparılıb, barəsində elmi məqalələr dərc olunub, romanlar işıq üzü görüb.

Mən Tahirə barədə araşdırarkən həmin məqalələrin 60-dan çoxunu oxudum. Təxminən eyni fikirlərin cəmləşdiyi, bütün müəlliflərin Tahirə barədə araşdırmalarının dərc olunduğu bu topluda, Tahirənin həyatı o qədər müfəssəl təsvir olunub ki, insanın ağlında onun barəsində sual yarada biləcək bir dənə də olsun qaranlıq məqam qalmır.

Tahirə XIX əsr İranında biliyin, elmin qadın üçün təhlükə, hər an partlayacaq bir silah təəssüratı yaradan bir cəhət olduğundan dövrünün mühiti üçün apokalipsisin gəlməsi, dünyanın sonunun əlaməti kimi xarakterizə olunurdu.

Belə bir mühitdə Tahirə yaşamış, mübarizə aparmış və öz bəlağətli nitqi, yüksək təhsili, elmi, hadisələri analiz etmək qabliyyəti ilə məhz həmin o cahil mühitin qaranlıqlarında parlamışdır.

Qənaətimcə Tahirə kişiliyinin sirləri barədə Azərbaycan cəmiyyətində məhdud məlumatın olmasına səbəb elə onun məhz İran kimi bir ölkədə doğulmasıdır.

Tahirə Qürrətül-Eynin barəsində dünyanın ən inkişaf etmiş ölkələrində dünya şöhrətli yazıçılar, araşdırmaçılar tərəfindən araşdırmalar aparılıb yazılar yazılsa da, öz məmləkətində onun fəaliyyətinin, həyatının qələmə alınmasına üstünlük verilməməsinin də səbəbləri vardır.

1848-ci il Cənubi Azərbaycanda, Qəzvində, müsəlman İranında Tahirə kimi bir türk qadının peyda olması, qadınların ictimai müzakirələrə qatılmasının namümkün olduğu bir zamanda onun dini liderə çevrilməsi, dini və elmi mübahisəli məsələlərdə söz haqqı qazanması, qadın azadlığını özündə ehtiva edən çıxışlar etməsi əks cinslər tərəfindən hiddətlə qarşılanır, qəti qəbul olunmurdu.

Tahirənin bioqrafiyasını amerikalı məşhur yazıçı Marta Rut yazıb. Marta Rut uzun zaman İranda qalaraq Tahirəni müfəssəl araşdırmış, barəsində “Pak Tahirə” adlı kitab yazmışdır. Bu kitab ilk dəfə 1938-ci ildə Kəraçidə nəşr olunmuşdu. Marta Rut demək olar ki, dünyanın bir çox ölkələrində “Gender Bərabərliyi” barədə seminarlara qatılmış, məxsusi olaraq Tahirə Qürrətül-Eyn barədə bir çox unversitetlərdə mühazirələr oxumuşdur.

 

Qəzvinli Zərrin Tac kimdir?

 

Əcəm Xatını Zərrin Tac 1817-ci ildə Qəzvində doğulub, hələ yeniyetmə vaxtlarından İranın başqa şəhər və mahallarında da elmi, savadı, iti mükaliməsi ilə məhşur olub. Qacarlar sülaləsinin dövründə Bəraqanilər ailəsi elmi və qabiliyyətləri ilə tanınırdı. Tahirənin atası Molla Saleh Bəraqani Qacar sarayının ən hörmətli üləması idi. Digər ailə üzvlərinin İranın din xadimləri iyerarxiyasında həsədaparıcı bir məqama sahib olması da diqqət çəkirdi.

Tahirə şiələrin üçüncü şəhid adlandırdığı əmisi Molla Tağının oğlu Məhəmmədlə evlənmişdi. Tahirə hələ yeniyetmə olanda ona çox bilikli bir molla müəllim təyin edilmişdi. O, ədəbiyyatda elə bir mahirliyə yüksəlmişdi ki, atası Allahdan arzu edirdi ki, kaş o oğlan olaydı, o da onu özünə varisi-xələf təyin edəydi.

Bir gün Tahirə xalası oğlu Molla Cavadın evində Şeyx Əhməd Əhsainin yazdığı bir neçə kitabı görür, oxumaq üçün özüylə götürüb evinə gətirir. Əhsainin kitablarından “Şeyxiliyin” üstünlüklərini mənimsəyən Tahirə sonralar ona “Tahirə Qürrətül-Eyn” ləqəbi verən Seyid Kazımla bu barədə yazışmalar aparır. Bir müddət sonra Tahirə Kərbəlaya Seyid Kazım Rəştini görmək üçün gəlsə də, bu görüş baş tutmur. Həmin ərəfədə Seyid Kazım vəfat edir.

Elə həmin vaxtlarda Həzrəti Babın yeni din yaydığı xəbəri yayılır. Tahirə yeni dinə iman gətirir. Tahirə Babiliyə iman gətirmiş ilk 18 müridin biri, yeganə qadın olur. Babiliyi qəbul edənə qədər dövrünün misli-bərabəri olmayan, dühası, mükaliməsi, cəsarəti, hünəri, biliyi, ayıqlığı ilə şərqin və qərbin məhşur şəxsiyyətlərinin diqqətini çəkməsi ilə tarix yazmış bu fövqaladə qadın, ancaq nədənsə Babi dini liderlərindən biri kimi şöhrət qazanır.

Həyatının sonuna qədər Babiliyi yaymaqla yanaşı, qadınların azadlığını, kişi və qadınların bərabərliyini təbliğ edir. Hətta onu edam edən cəlladlara “Siz məni öldürə bilərsiniz, amma qadınların azadlığını saxlaya bilməzsiniz” – deyir (Sabir Afaqi – Tahirə Tarixdə kitabından).

Babi dini lideri kimi xarakterizə edilən Tahirə Qürrətül-Eyn obrazı öz cəsarəti, elmi, həyat tarixi və yaradıcılığı ilə Qərbin məşhur şəxsiyyətləri tərəfindən heyranlıqla anılıb.

Lord Kurzon, Jozef Artur, Qobino, Professor Çeyne, Ser Françis Advard Yonqhasband, Arminus Vamberi, Edvard Braun, A.L.M.Nikolas, Marta Rut, Laura Dreyfus Barni, Klara Edc, Alessandor Bausani, Mərziyə Qeyl, Con Hetçer, Yan Ripka və Annemari Aximelin onun fövqaladə şəxsiyyət olmasından bəhs ediblər.

Hind-Pakistan subkontinentində də Tahirənin həyat və yaradıcılığından təsirlənmiş məşhur şəxslərin bəlli bir siyahısı var: Məhəmməd İqbal; Şeyx Əbdül Qədir; Xavaja Həsən Nizami; Süleyman Nazim Bəy; Sarojini Naidu; Əziz Əhməd; Zahir Kəşmiri; Rəis Əmrahvi və sadalamaqla bitməyən uzun bir siyahı… Tahirənin yazdığı şeirlər subkontinentin savadlı şəxslərinin ürəklərini məftun etmiş, öz yaradıcılıqlarında bundan bəhrələnmişlər.

Babın həvvarilərini tərənnüm edən görkəmli bir şərhçi yazır: “İranın Janna Darkı, şərq qadının azadlıq lideri… o kəs ki, həm orta əsrlər Heloise-sini, həm də, neoplatonik Hipatiyanı xatırladırdı xüsusi olaraq.

Sara Bernhardt onun həyatının dramatik versiyasını xahiş etdiyi görkəmli bir dramaturqa tərənnümü belə idi. Kedlostonlu Lord Kudzon şahidlik edir ki, Qürrətül-Eyn kimi bir qadının meydana çıxması “Sevimli, lakin talesiz Qəzvin şairəsi Zərrin Tacın qəhrəmanlığı müasir tarixin ən təsirli epizodlarından biridir”.

Britaniya şərqşunası E.Q.Braun yazırdı, “istənilən ölkədə və istənilən dövrdə nadir bir fenomendir. Lakin İran kimi bir ölkədə bunun olması qeyri-adi haldır – xeyir, demək olar ki, möcüzədir. Əgər Babın dini heç bir böyüklüyə iddia etməsəydi, Qürrətül-Eyn kimi bir qəhrəmanın doğulması kifayət edərdi.

Tahirənin edam edilməsi hökmü veriləcək qədər qəzəbə səbəb olan hərəkəti – onun çadrasını atması hadisəsi, Tahirənin dini liderlik, alimlik, şairəlik, müəllimlik, şərqşunaslıq (türk, ərəb, fars dillərini mükəmməl bilir, hər 3 dildə yazışmalar aparırdı) cəhətlərindən ən üstünü və dünyanın ən məhşur yazar və araşdırmaçılarının diqqətini cəlb edən fəaliyyəti şərqdə çadrasını ataraq, gender bərabərsizliyinin təmin olunması ideyasını ortaya atmasıdır.

Tahirənin fəaliyyətini dini lider kimi qabardanlar nəzərə almalıdırlar ki, 1848-ci ildə məhşur Bədəşt konfransında Tahirə üzüaçıq 81 müridin olduğu toplantı zalına daxil olanda havvarilərdən biri xəncərini çəkərək boğazını kəsib, intihar etmişdi. Babilər öz elmi, savadı, mükaliməsi ilə onların çoxundan üstün olan Tahirənin üzüaçıq, onlarla bərabər ictimai və dini müzakirələrə qatılmasını qəbul edə bilmirdilər.

Başqa bir təsadüf Tahirənin “Qadın Azadlığı” ideyasının nə qədər cəsarətli və əhəmiyyətli bir addım olmasını sübut etdi. Tahirə 1848-ci il iyun ayında İran kimi dini əsarətin qadınlar üzərində mövcud olduğu ölkədə çadrasını atdı. Onun kişilərlə yanaşı ictimai müzakirələrdə iştirak etmək üçün çadrasını ataraq bərabərlik ideyasını ortaya qoyması, üstünə gələn böyük dindar kütləylə təkbaşına mücadilə etməsi və elə həmin gün Nyu-Yorklu qadınların kütləvi şəkildə küçələrə axışıb numayiş etməsi diqqətçəkici məqamdır. Onlar Qadın Haqları Konvensiyasına dəyişiklik olunmasını tələb edirdilər. Qərbli qadınlar kütləvi surətdə Qadın hüquqlarının təkmilləşdirilməsini tələb edəndə Tahirə İran qadınının sadəcə ictimai müzakirələrdə iştirak haqqının tanınması uğrunda təkbaşına mücadilə verirdi.

Tahirə Qürrətül–Eynin bu cəsarətli addımı İran tarixində görünməmiş hadisə idi. Bədəşt konfransında baş verənlər Tahirənin dövrünün fenomen şəxsiyyəti olduğunu bir daha sübut etdi.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button