Şəhid Arif Vəliyev anıldı-FOTO/VİDEO

Fevralın 15-də 258 saylı məktəb adını daşıdığı şəhid Arif Vəliyevin anım mərasimini keçirib.

Tədbirə Nərimanov rayon İcra hakimiyyətinin səlahiyyətli nümayəndələri, Milli Məclisin deputatı Adil Əliyev, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı və bir sıra tanınmış ictimai xadimlər qatılıblar.

Məktəbin direktoru Sədaqət Hüseynova məktəb kollektivi tərəfindən şəhid Arif Vəliyevin hər zaman hörmət və ehtiramla anıldığını, şagirdlərin milli vətənpərvərlik ruhunda tərbiyə olunması üçün ötən illər ərzində bütün imkanlardan istifadə olunduğunu bildirib. Tədbirdə Qarabağ torpaqlarının mütləq geri qaytarılacağı, bu istiqamətdə dövlətin apardığı siyasətdən danışılıb. O da qeyd olunub ki, bu gün parta arxasında əyləşən hər bir şagird bilməlidir ki, Azərbaycan heç bir zaman torpaqlarını düşmənə bağışlamayacaq və hər nə olursa-olsun onun geri qaytarılması üçün ölümə belə getməyə hazır olmalıdır.

Milli vətənpərvərlik ruhunda hazırlanmış tədbirdə şagirdlər tərəfindən qəhrəmn şəhidlərimiz haqqında şeirlər söylənilib, mahnılar oxunub, musiqilər səslənib. “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı Azərbaycan bayrağının hər zaman göylərdə dalğalanacağını, bir gün Qarabağda qələbə marşının səslənəcəyini vurğulayıb və bu ruhda mahnı ifa edib. Şagirdlər böyük ruh yüksəkliyilə Azərbaycan bayrağını göylərdə dalğalandırıblar.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev hər il 258 saylı məktəbdə şəhid Arif Vəliyevə ithaf olunmuş anım mərasiminin keçirilməsində məktəbin direktoru Sədaqət xanım Hüseynovanın xüsusi təşəbbüskarlığının olduğunu məxsusi qiymətləndirib, 258 saylı məktəbin Nərimanov rayonunda ən nümunəvi məktəb olduğunu qeyd edib. Onun sözlərinə görə, hər il 258 saylı məktəbdən ali təhsil ocaqlarına tələbə bileti qazanan şagirdlərin sayı artır. Bu isə məktəbin nümunəvi olmasından, Azərbaycan dövlətçiliyinin təbliği istiqamətində yüksək əməli işlər aparılmasından xəbər verir.

Tədbirin sonunda şəhid Arif Vəliyevin anası Sona Vəliyeva başda məktəbin direktoru Sədaqət Məmmədova olmaqla bütün müəllim kollektivinə öz dərin təşəkkürünü bildirib.

Xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button