Səid Dadaşbəylinin anası: “Oğlum Eldar Mahmudovun qurbanıdır”

seid-dadasbeyli-anasi

“9 il idi bu günü gözləyirdik. Övladlarımızı günahsız yerə həbsə atan, onları işgəncələrə məruz qoyan MTN-çilərin nə vaxtsa ifşa olunacağını bilirdik.

Ümidimizi kəsmirdik, gec-tez həqiqətin ortaya çıxacağını, MTN-in uydurduğu yalanın üstünün açılacağını əmin idik. Oğullarımız özləri də “Allah özü bu işin üstünü açacaq” deyirdilər”.

Bunu virtualaz.org saytına vətənə xəyanətdə və dövlət çevrilişinə cəhddə təqsirləndirilərək 14 il həbs cəzası almış Səid Dadaşbəylinin anası Qətibə Qarayeva və 13 il azadlıqdan məhrum edilən Rasim Kərimovun anası İradə Kərimova deyirlər.

Valideynlər 2007-ci ildə MTN tərəfindən Səid Dadaşbəylinin və 15 nəfər gəncin həbsini xatırladaraq onlara qarşı dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmək, qanunsuz silah-sursat və narkotik vasitələrin saxlanılması ilə bağlı ittihamların irəli sürülməsindən, dəstə üzvlərinin “Hizbullah”, “Fəth”, “Hizbut-təxrir” və digər dini təşkilatların, hətta masonçuluqda təqsirləndirilərək həbs olunmasından söhbət açıblar.

Qətibə Qarayeva

Səidin həbsindən sonra güclü əsəb və sarsıntı keçirən Qətibə Qarayeva səhhətində ciddi problemlər yarandığını, onkoloji xəstəliyə tutulduğunu deyir: “Səid həbs olunanda uşaqları körpə idi. İndi qızının 15, oğlunun 11 yaşı var. O günə kimi biz çox xoşbəxt idik. Balamın dərdi məni bu günə saldı. Bu illər ərzində oğlumun günahsızlığını sübut etmək üçün döymədiyim qapı, etmədiyim müraciət qalmadı, amma nəticəsi olmadı. Gör neçə ildir oğlum türmədədir. Mən onun bu günlər üçünmü oxutmuşdum? Səid 1998-ci ildən həbs olunan günə kimi “Azeri-Mİ Drilling” Amerika-Azərbaycan müştərək neft şirkətində koordinator işləyirdi. İndi türmədə məhbuslara ingilis, ispan dili dərsi deyir, əcnəbilərə rus dili öyrədir. Zəng vuranda “ana, mənim kimilər burada çoxdur” deyir.

35 il Dövlət Neft Şirkətində geoloq işləmişəm. Heç vaxt evimizə haram pul girməyib. Ömrüm boyu övladlarımın yaxşı təhsil alması üçün çalışmışam, buna nail olmuşam da. Biz hər zaman dövlətin və dövlətçiliyin tərəfdarı olmuşuq. Mən əminəm ki, bizim övladlarımızın başına gələnlərdən prezidentimizin xəbəri yoxdur. Axı o nə bilsin ki, MTN-in keçmiş rəhbərliyi bizim övladlarımıza qarşı bu cür əməllər törədib?!”

“Eldar Mahmudovun əli o qədər uzun idi ki…”

Qətibə Qarayeva sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun tutduğu vəzifədən uzaqlaşdırılmasını İranda müalicə olunarkən eşitdiyini deyir: “Allaha hər zaman inanmışam. Həmin gün kimya terapiyası almışdım. Belə vəziyyətdə həmişə güclü ağrılarım olurdu. Birdən Səidin həyat yoldaşı zəng vurub gözaydınlığı verdi və “nə arzulamışdınızsa, o da baş verdi.”

Elə bil xəstəliyim birdən-birə yox oldu, özümü o qədər gümrah hiss etdim ki… Vətənə geri dönən gün prezidentə növbəti dəfə məktub yazdım. Yazdım, Eldar Mahmudovun əli o qədər uzun idi ki, bizim məktublar sizə gedib çatmırdı, onun hər yerdə adamları var. İnanın, əsl həqiqət ortaya çıxarsa, bizim uşaqlarımızı bu gün həbsdən azad edərlər. Eldar Mahmudovun qurbanıdır mənim balam”.

“Eminin ölümündə Akif Çovdarovun əli var”

Qətibə Qarayeva istintaq zamanı işgəncələrə dözməyib vəfat edən Emin Məmmədovdan da danışır: “Emin Məmmədov ona qarşı irəli sürülən əsassız ittihamları qəbul etmədiyindən ağır şəkildə döyülüb, aldığı işgəncələrə dözməyərək ölüb. Bu uşağın toyuna cəmisi bir gün qalmışdı. MTN-də istintaq zamanı Eminin döyülməsini, ona işgəncə verilməsini kamera ilə çəkiblər. Sonra həmin kaseti Səidə göstərərək ona da təzyiqlər ediblər. Deyiblər ki, əgər boynuna almasan, səni də bu günə salarıq. O gün Səid evə zəng vuranda televizorda həbs olunan general-mayor Akif Çovdarovu gördüyünü söylədi. Səid “onu görəndə dəhşətə gəldim, Eminə işgəncə verənlərin başında şəxsən Çovdarov özü dayanırdı, görən kimi tanıdım, Eminin ölümündə birbaşa Akif Çovdarovun əli var” dedi”.


İradə Kərimova

“Səidin dəstəsi”ndə olan, 13 il həbs cəzası alan Rasim Kərimovun anası İradə Kərimova deyir ki, MTN əməkdaşları öz törətdikləri əməlləri onların balalarının boynuna qoyublar: “Bu illər ərzində şikayət etmədiyimiz yer qalmadı, uşaqlarımızın hansı cinayəti törətdiklərini, nə günahın sahibi olduqlarını bu günə kimi də bilmirik. Həmişə eyni cavabı eşidirdik: ədalətli məhkəmə öz sözünü deyib. Biz anaların taleyimizə düşən bu ağrı-acı ilə barışmaqdan başqa çarəmiz qalmırdı.

Ötən ay MTN-dən işdən qovulanların, həbs olunanların xəbərini eşidəndən sonra bu neçə ildə keçirmədiyim stressi keçirdim.

Diqqətlə baxın, zülmlə böyütdüyümüz uşaqları günahsız yerə həbs ediblər, onlara cəza veriblər, özləri törətdikləri əməlləri bizim balalarımızın üstünə atırlarmış. Rasim həmişə deyirdi ki, narahat olma, bizim işimizi Allah özü açacaq. Oğlum dediyi kimi də oldu. Zəng vuranda dedi ki, ana, burdan çıxmağıma görə demirəm, amma zalım öz haqqını aldı, indi cəzasını çəkəcək. Bu işi quranlar, övladlarımızı törətmədikləri cinayətdə ittiham edərək həbsə atanlar özləri ifşa ediliblər, qanunsuz əməllərinə görə həbs olunublar. Amma bizim uşaqlarımızı hələ də həbsdə saxlayırlar. Bununla bağlı artıq ölkə başçısına, Baş Prokurorluğa , milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyevə də müraciət etmişik”.

“Həccdən dönən zəvvarın başına torba keçirmişdilər”

İradə Kərimova deyir ki, həbs olunmamışdan bir ay əvvəl oğlu Həcc ziyarətində olub, geri qayıdan zaman hava limanında MTN tərəfindən həbs olunub: “Oğlum tutulanda 25 yaşı vardı, İslam Universitetini bitirmişdi, beş dil bilirdi, kiçik bizneslə məşğul olurdu. Onun gəncliyini məhv etdilər. Həbs olunmamışdan bir ay əvvəl Həcc ziyarətinə getmişdi. Mərhum Elçin Behbudov da həmin vaxt onunla Həcc ziyarətində olmuşdu. Oğlumun günahı olsaydı, geri qayıtmazdı. Həcc ziyarətindən geri qayıdanda, elə hava limanında MTN-in Antiterror Mərkəzinin əməkdaşları başına torba keçirib aparmışdılar. İki gün axtardıq, heç yanda tapa bilmədik. Üçüncü gün özü zəng vurub dedi ki, burdayam. Bundan sonra Rasimin həbs olunduğunu, MTN-də saxlanıldığını bildik. Hələ də başa düşə bilmirəm oğlum hansı dövlət çevrilişini maliyyələşdirib, günahı nə olub. Həcc ziyarətində olan oğlum hansı dövlət çevrilişi edə bilərdi? Bizim uşaqlar heç bir partiyanın üzvü olmayıblar, heç İslam Partiyasının da üzvü deyildilər”.

“Oğlumu azad etmək üçün evimizi də satmağa hazır idik”

Lyubov İdrisova

Dəstə üzvlərindən 12 il həbs cəzası alan Mikayıl İdrisovun anası Lyubov İdrisova deyir ki, oğlunun MTN tərəfindən həbs olunmasından 3 gün sonra xəbər tutublar: “Mikayıl Səid işlədiyi şirkətdə mühasib idi. Evimizdə axtarış apardılar, hər yanı töküb dağıtdılar. Onlardan soruşurdum ki, oğlumu tapa bilmirik, Mikayıl haradadır. Bizə heç nə demirdilər. Sonradan öyrəndik ki, bütün bunlar MTN-in “əl işi” imiş. Əvvəlcə çox adam tutmuşdular, sonra əksəriyyətini buraxdılar. Uşaqlarımızı oradan ancaq pul gücünə çıxara bilərdik. Çoxlarının buna gücü çatdı, bizim yox. Ona görə də uşaqlarımız həbsdə qaldı. Halbuki oğlumu MTN-dən xilas etmək üçün hətta evimizi belə satmağa hazır idik”.
Valideynlər digər məhbuslardan da danışır: “Həbs olunanlardan biri – Bəybəla Quliyev şizofreniya xəstəsidir. O vaxt ata-anasını qorxutmuşdular ki, onun xəstə olması ilə bağlı kağızı ortalığa çıxarmasınlar. Bəybəlanı martda tutmuşdular. Çünki pul alıb buraxdıqlarının yerinə onu içəri salmışdılar. Bəybəla dindar olub, bizim uşaqları da məsciddə ibadət edən zaman tanıyıb. Onu da gətirib bu dəstəyə bağladılar. Neçə dəfə bu adamın xəstə olduğunu dedik, xəstəxanadan sənəd gətirib təqdim etdik, xeyri olmadı.

Digər təqsirləndirilən Fərid Ağayev də ağır vərəm xəstəsidir. Həbs olunanda cibində 40 qəpik olub. 40 qəpiklə dövlət çevrilişi edəcəkdi?”

MTN-in keçmiş rəhbərliyinin “uydurduğu nağıl”

Səidin atası gənclərlə bağlı ittihamları “MTN-in uydurduğu nağıl” adlanıdırır: “Bunlar hamısı Eldar Mahmudovun əli ilə olub. Allahın işidir, biz ibadət əhliyik, namaz qılırıq, dua edirik, Allah da bizi eşitdi. Bu qədər adamın bir yerdə ifşa olunması ağıla gələn şey deyildi”.

Qətibə Qarayeva deyir ki, hazırda Səid Dadaşbəylinin işi Avropa İnsan Haqları Məhkəməsindədir: “Səidin işinə bəraət vermək bu iş üzrə həbs olunanların hamısına bəraət vermək deməkdir. Onsuz da bu işi gətirib Səidə bağlayıblar. MTN-in isə əli o qədər uzun idi ki, hətta oralara qədər də uzanırdı. Biz isə ölkə başçımıza inanırıq və güvənirik. Bir daha bu məsələnin araşdırılmasını xahiş edirik. Bizə maddi və mənəvi zərər dəyib, uşaqlarımızın gəncliyi həbsxana divarları arxasında keçib, valideynlər arasında bütün bunlara dözməyib dünyasını dəyişənlər, ağır xəstəliyə tutulanlar olub. İnanırıq ki, prezident iş üzrə ədalətli qərarın verilməsinə yol açacaq göstərişlər verəcək”. (Virtualaz.org)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button