Sən ideya adamı deyilsən, sən DAK-a, ideologiyamıza xəyanət etmisən

əjdər1Əjdər Tağızadə: “Bu gün Sabir Rüstəmxanlı və onun xanımının atdığı addımların hamısı türkçülüyə və Güney Azərbaycanın istiqlaliyyətinə qarşıdır”

DAK-ın mətbuat xidmətindən xural.com-a Əjdər Rağızadənin müsahibəsi daxil olub. Müsahibə Sabir Rüstəmxanlıya cavabdır və onu da qeyd edək ki, xural.com olaraq moderator.az-a verilən həmin müsahibəni biz də yayınlamışdıq. Əjdər Tağızadə yenə önəmli məsələlərdən danışıb və əminik ki, bu məsələlər haqqında hələ çox danışılacaq. Çünki Azərbaycanın güneyinin də məsələsi bizim məsələmizdir və biz onu güneylilərdən dinləyirik.

Xüsusilə, qeyd etmək istəyirik ki, müsahibədə adı çəkilən hörmətli zatların da düşüncələrini və cavab haqlarını yayınlamağa hazırıq…

– DAK-ın Tənzilə Rüstəmxanlıya heç bir aidiyyəti yoxdur. Mən vaxtilə Cavad Derəxtidən xahiş etdim ki, bu xanımı özünə müşavir götürsün. Yəni onun DAK-a gəlişi mənim Cavad Derəxtidən israrlı xahişimlə olub. Cavad Derəxtiyə hər zaman zəng vurub bunu təsdiqləyə bilərəm. Hətta Cavad Derəxti bir zaman Sabir Rüstəmxanlı ilə bu xanımı DAK-dan azad edib. Cavad Derəxti ANS telekanalında Sabir Rüstəmxanlını debata çağırmaq istəyirdi. Səbəb də Sabir Stokholmda sədr seçiləndən sonra 2 il müddətində 1 dəfə də olsun iclas keçirməməsi ilə bağlı idi. Amma Sabir həmişəki kimi qaçıb gizləndi və Tənzilə Rüstəmxanlını ANS-ə göndərdi.

– DAK yalnız Güney Azərbaycan məsələsi istiqamətinəmi köklənməlidir?

– Biz, çalışıdıq ki, DAK-ı bir ideoloji təşkilat kimi saxlayaq. Burada təməl prinsiplərdən biri Azərbaycanın güneyinin müstəqilliyinə qovuşması məsələsi idi. Bununla yanaşı, Qarabağ məsələsini xaricdə gündəmə gətirmək istiqaməti də var idi. Amma nəticə nə oldu?

– Həqiqətənmi güneylilərin əksəriyyəti ETTELAAT tərəfindən  “verbovka” edilir?

– Görün bu nə danışır. İşgəncələrdən qaçmış, hətta 1980-ci illərdən bu yana xaricdə Azərbaycan bayrağını dalğalandırmış Azərbaycanı müdafiə edənləri hədəfə götürüür. Mən soruşuram! Sabir Rüstəmxanlı, bir dubinka yemisən, amma 26 ildir ki, bu məmləkətin hər tərəfindən yeyirsən. Zindan, işgəncə, şallaq, ölüm görmüsən? Bu güneylilər dəfələrlə ölüm, işgəncə görüblər. Hələ mən həyatımın heç yarısını sənə danışmamışdım. Mənə deyirdin ki, izin ver, sənin həyatını qələmə alım, kitab yazım. Amma mən bununla razılaşmırdım, çünki missiya adamıyam. Hamı bilir ki, sən qısqanc adamsan. Tənzilə Rüstəmxanlı deyir ki, əgər Əjdər varsa sən neynirsən orada, sən nəçisən? Həmişə kölgədə qalırsan. O, hər zaman çıxıb güneyliləri təhqir edir, onları yaramaz, ETTELAAT-ın adamları adlandırır. Bu Güney Azərbaycan hərəkatı, Bütöv Azərbaycan məsələsi yenicə güclənəndə sən harada ididn? Sən (Sabir Rüstəmxanlı), Nazirlər Kabinetinin arxasında məni görəndə demədin ki, “mən oralara gələ bilmirəm də, ay Əjdər”. Yəni BAB-ın iclaslarına gələ bilməyəcəyini deyirdin. Sən, özünü bu məsələlərdən kənara çəkirdin. Sən həmişə bazarın məzənnəsinə baxırsan.

Yəni ittihamda bir əsas varmı?

– Tənzilə Rüstəmxanlı bir tərəfdən deyir ki, milləti güneyə-quzeyə parçalamaq olmaz. Digər tərəfdən, başqa bir cümlə ilə öz məntiqini darmadağın edir. Güneyliləri təhqir etməklə nəinki milləti parçalayır, hətta nifaq toxumu səpir. Budurmu bütövlük, milli prinsiplər?

Bunlar deyir ki, güneylilərin hamısı Tehran rejiminin casuslarıdır. Mən də deyirəm, Sabir Rüstəmxanlı, ətrafına yaxşı bax. Zəlimxan Məmmədliyə rus casusu deyirlər, gətirib oturtmusan yanında. İndi də çıxıb deyirsən ki, DAK-ın Tehran rejimi ilə heç bir problemi yoxdur, biz dostuq. Sən DAK kimi ideya təşkilatını oyuncaq quruma çevirmisən və bu qurumun vasitəsilə mətbəx məsələlərini həll edirsən.

– Bəzi məlumatlara görə, DAK-da maliyyə məsələləri həmişə problemə çevrilib. Amma Tənzilə Rüstəmxanlı deyir ki, bu təşkilat onların maliyyələri ilə fəaliyyət göstərir…

– VHP adına dövlətdən aldığın pulla VHP-çiləri istismar edirsən. Onları 200 manatdan asılı vəziyyətə salmısan. DAK terror təşkilatı deyil və bu qurum dövlətdən maliyyələşə bilər. Sən həm bu təşkilat adına pul alırsan, həm də Milli Məclisdən pul alırsan. Bundan başqa, Dövlət Komitəsindən pul alıb gizli saxlayırsan. DAK-ın İdarə Heyətindən də soruşun. Görün bu Dövlə Komitəsindən aldığı pulu hara xərcləyib? Sabir Rüstəmxanlı, respublikada elə bilirlər ki, xarici səfərləri, görüşləri və tədbirləri sən təşkil etmisən. Xeyr, onun hamısını mən təşkil etmişəm və bunu hamı bilməlidir. Azərbaycan dövlətinin həm maddi, həm mənəvi köməyi ilə.

Səni Amerikaya, Kanadaya kim apardı? Səni Kanadaya, dəfələrlə Amerikaya, Avstraliyaya, Belçikaya, İsveçə aparan da mən olmuşam.

Bu gün durub İran adlanan yerin bütövlüyündən danışırsan. Bu nə deməkdir? Bu o deməkdir ki, sən bu məsələni, siyasəti bilmirsən. Sən bilmirsən ki, bu fars rejiminin ortaya atdığı məsələdir. Sən hansı məqsədlə bu fikri səsləndirirsən? Bəlkə Putin kimi Sovet İttifaqının dağılmasından çox narahatsan? Xanımının danışıqlarından da bu  iddialar aydın sezilir. O deyir ki, əvvəlki zaman olsa idi, biz Əjdər Tağızadə ilə başqa cür danışardıq.

 

– İstanbul qurultayı bütövlük qurultayı adlandırılır, həqiqətənmi DAK-dakı problemləri öz həllini tapdı?

– İstanbul toplantısı qurultay deyildi. Bu narazılığı şəxsi müstəviyə çəkmək istəyirlər. Sabir Rüstəmxanlı da hay-küy salmaqla əməllərini gizlətmək istəyir. Mən də ona demişəm ki, noolsun sən vaxtilə “Ömür kitabı” yazmısan. “Ömür kitabı” Quran deyil ki? Sən elə bilirsən ki, bu kitabı yazmaqla peyğəmbər olmusan? İslamdan sonrakı yalançı peyğəmbərlərlə sənin aranda heç bir fərq yoxdur. Necə ki, Firdovsinin “Şahnaməsi” türk millətinin boğazına keçib, sən də Azərbaycan xalqının boğazına “Ömür kitabı”nı soxmusan. Mən Səbri Təbrizidən sonra təklif etdim ki, DAK-ın dağılmaması üçün sən 5-6 ay sədr ol. Mənə o zaman dedilər ki, səhv edirsən. Bu adam əl çəkməyəcək. Həqiqətən də belə oldu və mən indi başa düşürəm ki, səhvə yol vermişəm. DAK-da həmsədrlik məsələsini də ilk dəfə mən təklif etmişəm. Mən hesab edirdim ki, bu millət vəkilidir və bunun statusundan xaricdıə istifadə etmək olar. Amma sən nə etdin? Sən DAK-a sədr olana qədər bizim Milli Məclisdə 40-dək üzvümüz var idi. Sən sədr olandan sonra onların biri də qalmadı.

Sən bizim Azərbaycan mediası ilə əlaqələrimizi tamamilə məhv etdin. Azərbaycan müxalifəti və dövləti ilə əlaqələri kəsdin. Nə Azərbaycan dövləti, nə də müxalifəti səni qəbul etmirdi. Biz də səninlə oturub- durandan sonra əlaqələrimiz hər yerdən kəsildi. Gülünc gününə düşdük. İndi də DAK-ı özəlləşdirmək istəyirsən. Səni başa sala bilmirik ki, bu sovet malı deyil, əmlak, mülk deyil ki, özəlləşdirəsən. İstanbul qurultayı legitim deyil. Qurultaya Sabir Rüstəmxanlı 120 nəfər, Firudin Pərvizniya isə 2 nəfərlə gəlib. Bu necə seçimdir? Mən 4 ay qabaq sənə dedim ki, artıq DAK-dan get, sən bu dəfə sədr ola bilməzsən. Mənə dedin ki çörək kəsmişik, yol getmişik. İndi çorək kəsib, yol getmişik deyə mən deməliydim ki sən sədr ola bilərsən? Sən ideya adamı deyilsən, sən DAK-a, ideologiyamıza xəyanət etmisən. Bəzi məsələlər var ki, hələlik açıqlamaq istəmirəm. O faktlara görə də səndən DAK-a sədr olmaz…

Hamı bilir ki, mən həmişə Azərbaycanın güneyinin istiqlaliyyəti məsələsini ideoloji xətt kimi götürmüşəm. Əbülfəz Elçibəyin Bütöv Azərbaycan Birliyinin zamanında və sonra DAK-ın fəaliyyətində də mən Azərbaycanın quzeyinin bayrağını və güneyinin istiqlaliyyəti məsələsini önə çəkmişəm. Bu gün Sabir Rüstəmxanlı və onun xanımının atdığı addımların hamısı türkçülüyə və Güney Azərbaycanın istiqlaliyyətinə qarşıdır. Onlar hər gün Azərbaycanın güneyindən olan insanları təhqir edirlər. “Məşədi İbad” kinosundakı hambal obrazı bunların beynindən çıxmalıdır, ya da özləri sıradan çıxmalıdır. Bunların ciddi düşüncə problemləri var…

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button