Səni yaşatmaq üçün

Günay Umud

Bu gün özümü qarşıma aldım,
Otuzdurdum qabağımda
Nə olub dedim?
Gülüşünün hıçqırığı batırır qulağımı,
İçindəki bu sitəmin yorğunluğu
Büdrədir ayağımı…
Dedi səni yaşatmaq üçün,
Ürəyimin ağrısına daş basmışam,
Kor gözlərin tapdadığı hisslərimin
Boğazından asmışam.
Tök içini dedim ona,
Bu gün səninlə dost olaq.
Süz qəlbinin qəm şərabın,
Bu gün səninlə məst olaq.
Dedi məstəm hər gün onsuz
Namərdlərin alçaltdığı,
Güzarın təpik atdığı
Dərd əlindən məstəm onsuz.
Səni yaşatmaq üçün
İkiüzlü insanlardan arsızlığı öyrənmişəm,
Sənə öyrədə bilmədiyim arsızlığı.

Niyə belə bükülmüsən dedim ona,
Dedi
Günü-gündən hey gödələn
Yorğanımla dostlaşmaqçün kiçilmişəm.
Səni yaşatmaq üçün
Varlığımdan dünya boyda yük asmışam.

Dedim qəm eləmə
Bu yollar da mənzilinə çatar bir gün
Bu ünvansız küçələrdə,
Yorğun-yorğun sürünsən də
Dodağının təbəssümü durur hələ.
Dedi yalançı hakimlərin
Haqq, ədalət adlanan fərmanına gülürəm.
Səni yaşatmaq üçün.
Barışdığım həyatın
Bir qarış inamında
Günü-gündən ölürəm,
Sən də duymursan bunu,
Hanı bu yolun sonu?

Nə xeyri

Gecələrim qatmaqarış yuxular.
Gördüklərim küy, hürkülər, qorxular…
Ümid etdim bu qaranlıq yıxılar
Ümidim puç, yuxum çindi, nə xeyri?
Hökm eyləyən kabus çindi, nə xeyri?…

İşə düşdü çənələri hər kəsin,
Qulu olduq gedib gələn nəfəsin,
Boş vəd verənlərin kəsdilər səsin,
Boş söz susdu, yalan dindi, nə xeyri?
Belə səbir saçda dəndi, nə xeyri?..

Bərk gedənin ayağını sildilər,
Öz günündə başqasına güldülər,
Dövranın atına hey ləng dedilər,
Tənbəl düşdü, əfəl mindi, nə xeyri?
Belə səbir saçda dəndi, nə xeyri?…

Taleyin belində nimdaş yəhərdim,
Qələmlə dostlaşdım, azalsın dərdim,
Sözləri vərəqə yorğan tək sərdim,
Mən üşüdüm, o isindi, nə xeyri?
Daş dözərdi, bu bədəndi, nə xeyri?

Güzəranın kədərinə büründüm,
Dünənimdən bu günümə süründüm,
Sözü dayaq bilib hünərlə dindim,
Bu qədər söylədik, indi nə xeyri?
Günüm güzərana təndi, nə xeyri?…

Ağlamaq istəyirəm

Ağlamaq istəyirəm!
Boğazımda düyünlənən
Düşüncələri
Gözlərimdən axıtmaq istəyirəm!
Həyatıma çəpər olan qorxuları
Yıxmaq istəyirəm.

Təmizləmək istəyirəm
Ürəyimi,
Hisslərimi,
Mənliyimi…

Gözlərimə kölgə salan günahlarımı,
Dilimdə didişən ahlarımı
Ağlayaraq yumaq istəyirəm.

Kimsə niyə ağlayırsan
Deyə soruşanda
Mənasız, məntiqsiz
Tutar, tutmaz
Bəhanələr uydurmaq istəyirəm.

Doyunca ağlamaq istəyirəm.
Gözlərimin boyası üzümə axsın
Gizlətsin üzümdəki
Məsum libası geymiş cizgilərimi.
Hönkürtülər içində
Boğmaq istəyirəm duyğularımı…
Ovuclarımın içində oynayan xoşbəxtliyimin
Yasıdı axı!
Ağlamaq istəyirəm!
Bəlkə təmizlənmiş gözlərimə
Geri döndü yenə yuxu!

Gümanın alovunda
Qovrulur arzularım.
İçimdəki bu yanğıya
Bir su səpən
Yoxmuş demək!
Ehhh
Gülməyi bacarmayana
Ağlamaq da çoxmuş demək.

“Xural” qəzeti,

İl: 9, sayı: 021 (429), 05 – 11 iyun 2011-ci il

Əlaqəli məqalələr

3 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button