Şərəfsiz və rəzil bir seçki keçirildi!

Vüqar Bəyturan: «Rauf Arifoğlu dəstək verəcəyinə söz verdi, amma dəstək vermədi!»

Müxalifət bu tərkibdə heç bir zaman yenidən hakimiyyətə gələ bilməyəcək!

Vüqar Bəyturan Azərbaycanın gənc və uzun zamandır siyasətdə olan nümayəndələrindəndir. Maraqlıdır ki, bu çapda siyasətçiləri siyasətimizin «balinaları» (ifadə Tahir Kərimliyə məxsusdur) özlərinə lazım olanda böyüdüb-böyüdüb onlarla gözlərimizi yağır edirlər, lazım olmayanda isə onları gərəksiz əşya kimi kənara tullayıb fikirlərinə «qeyri-ciddidir» yarlığı yapışdırırlar. Sual olunur ki, bu adamlar ki qeyri-ciddidir, o zaman ən güclü müxalifətdaxili birləşmə-qruplaşmalarda onların nə işləri vardı? Yox, siz ki onları hər zaman projelərinizin başında oturdubsunuz, o zaman tərs fikir söyləyəndə niyə qocunursunuz.

Bu müsahibə Milli Qurtuluş Partiyasının sədri Vüqar Bəyturanın qocundurucu müsahibələrindən biridir. Onun ilginc və ciddi iddiaları var. Müxalifətdaxili münasibətlər və digər məsələlər haqqında siyasətimizin bu gənc nümayəndəsinin maraqlı fikirləri var.

Qonağımız Milli Qurtuluş Partiyasının sədri Vüqar Bəyturandır…

– Seçkilərdən sonra sanki siyasətdə nələrinsə baş verəcəyi halları var. Nədir bu? Nə baş verir?

– İlk növbədə Azərbaycanın bütün siyasi reallıqlarına bələd olan siyasətçilərindən biri kimi bu gün çox neqativ düşüncələrdəyəm. Azərbaycanda parlamentə çox rəzil bir seçki keçirildi. Bununla bağlı DUİ-də bir təkliflə çıxış etdim və bildirdim ki, «17 ildir, biz Azərbaycanda keçirilən seçkilərin qeyri-demokratikliyindən, qanunsuz keçirilməsindən danışırıq. Heç bir faydası da yoxdur. O baxımdan, bu ilki seçkiləri artıq qeyri-demokratik deyil, «şərəfsiz seçkilər» adlandırılmasını təklif edirəm». Çünki bu dəfəki seçkilər Azərbaycanın siyasi təşkilat və partiyalarına çox böyük zərbə vurdu. Biz bu gün də bu zərbənin təsiri altından qalxa bilmirik. Hesab edirəm ki, artıq siyasi vəziyyət bu cür davam edə bilməz. Bu gün Azərbaycan cəmiyyətinə çox ciddi yeniliklər və dəyişikliklər etmək lazımdır. O dəyişiklikləri eləyən insanlar lazımdır. Bu insanların da birliyi, birgə əməkdaşlığı lazımdır. Baxmayaraq ki, o insanlar siyasi partiyalarda, yoxsa mətbuatdadırlar. Bu insanlar əl-ələ verib, Azərbaycanı bürüyən və sonu görünməyən bu siyasi böhrandan xilas etməlidir. Başqa variantımız yoxdur. Çünki hələ də ölkədə gələcəyə ümidi ölməyən insanlar yaşayırsa, sabah bu olmaya da bilər və o insanların birləşmək şansı bir daha olmaz. O baxımdan, birləşmək və ortaya mövqe qoymaq vacibdir. Biz bu sahədə işlərimizi davam etdiririk və Milli Qurtuluş Partiyası olaraq seçkilərdən sonra da bir neçə dəfə bir yerə toplaşmışıq, bu məsələləri müzakirə etmişik. Demokratiya Uğrunda İttifaqa daxil olan müttəfiqlərimizlə də bu ətrafda müzakirələr aparılmaqdadır. Keçirilən müzakirələrin nəticəsi olaraq o qənaətə gəlmişik ki, sözün əsl mənasında yenilik baş verməzsə, bura qədərki fəaliyyət bundan sonra da davam edərsə, hər hansı bir dəyişikliyə nail olmaq mümkün olmayacaq. Çünki son seçkilər bir çox şeyləri həm hakimiyyət üçün və həm də müxalifət üçün demək olar ki, təsdiqlədi. İqtidara məlum oldu ki, birmənalı olaraq xalq artıq ona dəstək vermir. Ancaq repressiv metodlarla, təzyiq və təhdidlərlə iqtidar öz hakimiyyətini bundan sonra da qoruyub saxlaya bilər və o niyyətdədir. Azərbaycan müxalifəti üçün də bəzi şeylər təsdiqləndi. Onlar dərk etməyə başladılar ki, siyasi müxalifət bu tərkibdə heç bir zaman yenidən hakimiyyətə gələ bilməyəcək. İkincisi, müxalifətin özü də bir daha birləşə bilməyəcək. Bütün bunların nəticəsində ortaya çıxan nəticə ondan ibarətdir ki, artıq müxalifət yenilənməlidir. Biz dəfələrlə bu məsələni ortaya atmışıq, müzakirələrə çıxarmışıq, qarşılığında isə böyük baryerlərlə qarşılaşmışıq. Biz bir daha o fikirdəyik ki, haradasa gözəgörünməz bir qüvvə iqtidarla ənənəvi müxalifəti birləşdirir. Bu gün də iqtidarın hakimiyyətdə qalmasında ənənəvi müxalifətin nə qədər rolu varsa, ənənəvi müxalifətin hələ də ictimai-siyasi proseslərə öz təsirini saxlamasında Azərbaycan hakimiyyətinin o qədər rolu var.

– 2005-ci il parlament seçkilərində namizədliyinizi 70 saylı Masallı Seçki Dairəsindən irəli sürmüşdünüz. Amma bu dəfəki seçkilərdə həmin dairədən seçkilərə qatılmadınız. Səbəb nə idi?

– 2005-ci ildə 70 saylı Masallı Seçki Dairəsindən namizədliyimi irəli sürəndə o dövrdəki müttəfiqimiz olan Müsavat Partiyası bizi dəstəkləmədi. Baxmayaraq ki, biz o zaman bir blokda idik, həmin Blokun sədri də Müsavat Partiyasının başqanı İsa Qəmbər idi. Biz də o blokun üzvlərindən idik. Lakin biz Müsavat Partiyasından gözlədiyimiz dəstəyi ala bilmədik. Müsavat Partiyası bizim təmsil olunduğumuz «Bizim Azərbaycan» Blokunu bir kənara qoyub, digər bir blokda – «Azadlıq» Blokunda təmsil olundu və siyasi etikaya uyğun olmayan bir addım atdı. Baxmayaraq, İsa Qəmbər şəxsən söz vermişdi ki, partiyaları digər blokda təmsil olunur, bizim blokdan olanları, o cümlədən də məni Masallı Seçki Dairəsindən dəstəkləyəcək. Amma son məqamda verdiyi sözə əməl etmədi və son nəticədə hakimiyyətin birmənalı olaraq dəstəyini qazanmış, hakimiyyət qarşısında nüfuza malik Əhəd Abıyevin yanında aciz qaldım. Nəinki seçkilərə qatılmaq, hətta qeydiyyatdan keçmək belə mənə nəsib olmadı. Saxta səbəblər ucbatından seçkilərdən kənarda saxlanıldım.

– Bəs, bu dəfə necə oldu?

– Bu dəfə də 70 saylı Masallı Seçki Dairəsindən namizədliyimi irəli sürmək niyyətində idim. Lakin digər dairədən daha ciddi dəstəyə ehtiyacım olduğu üçün bunu etmədim. Mənim müxalifət düşərgəsində olan qüvvələrdən dəstək almaq imkanını əldə etməyim təbii ki, maraqlarıma uyğun gəlirdi. Qeyd edim ki, hələ bundan bir qədər əvvəl Müsavat Partiyası ilə DUİ arasında məsləhətləşmələr gedən bir vaxtda dəfələrlə mənim məsələm müzakirə olundu. Bildirildi ki, mən öz namizədliyimi 70 saylı Masallı Seçki Dairəsindən verərəmsə və bu dairədən dəstəklənərəmsə, bu ümumilikdə müxalifətin uğuru sayıla bilər. Çünki müxalifət bu dairədən indiyədək elə bir ciddi namizəd irəli sürməmişdi. Vaxtilə nə «Azadlıq» Bloku, nə də Müsavat Partiyasının bu dairədən ciddi namizədi olmayıb. Onlar dəfələrlə etiraf ediblər ki, bu dairədən irəli sürməyə elə də bir ciddi namizədləri yoxdur. Mən isə onlardan fərqli olaraq həm o rayonda doğulub boya-başa çatdığım üçün, həm də yerli seçicilər tərəfindən böyük bir dəstəyə malik olduğum üçün həmin dairədən namizədliyimi irəli sürdüyüm təqdirdə ciddi şəkildə nəticə ortaya qoymaq imkanına malik idim. Bunu müxalifətdə olan liderlər də bilməmiş deyildilər. Lakin təəsüflər olsun ki, müəyyən maraqlar naminə İsa Qəmbər dəstək verməkdən imtina etdi və iddia etdi ki, guya «Bizim Azərbaycan» Blokunu onun əlindən almışıq və ona xəyanət etmişik. Bu cür ciddi sayılmayan arqumentlər irəli sürməklə onlar mənim namizdəliyimi dəstəkləmədilər.

– Yəni İsa Qəmbər açıq deyirdi ki, Vüqar Bəyturan mənə xəyanət edib?

– Bəli. DUİ-dəki dostlarımız nə qədər cəhd etsələr, İsa Qəmbəri nə qədər dilə tutsalar da, mövqeyindən geri çəkilmədi. Hətta danışıqlarımızın sonunda Mirmahmud Mirəlioğlu, Pənah Hüseyn İsa Qəmbəri nə qədr ciddi-cəhdlə başa salmağa çalışdılar ki, Vüqar Bəyturanı dəstəkləsin, olmadı. O, Vüqar Bəyturana qarşı münasibətinin müsbət olmadığını əsas gətirərək, bu dəstəyi verməkdən imtina etdi. Nəticədə də DUİ-də təmsil olunan bütün partiya sədrləri Müsavat Partiyası tərəfindən dəstəkləndiyi halda, tək Milli Qurtuluş Partiyasının nə sədri, nə də digər namizədlərdən heç biri Müsavat Partiyasından dəstək ala bilmədi. Biz də buna cavab olaraq DUİ-Müsavat razılaşmasını tanımadığımızı bəyan etdik və Müsavata heç bir dəstək verməyəcəyimizi elan etdik. Artıq elə bir situasiya yaranmışdı ki, müxalifətin digər cinahlarının, həm Müsavat Partiyasının, həm də AXCP-nin dəstəyini ala bilməyəcəyimi görüb, Masallı Seçki Dairəsindən deyil, məhz Bakıdan namizədliyimi irəli sürmək qərarına gəldim. Ondan sonra Bakıda olan bütün dairələri özlüyümdə analiz etdim və hal-hazırda yaşadığım Suraxanı rayonundan namizədliyimi irəli sürmək qərarına gəldim. 2005-ci ildə namizədliyim qeydə alınmayandan sonra mən burada hüquqşünas İlqar Altayın Seçki Qərargahına rəhbərlik etməyə başladım. Bildiyiniz kimi, İlqar Altay da Suraxanı rayonu 31 saylı ikinci Seçki Dairəsindən namizədliyini irəli sürmüşdü. 2006-cı ildə isə təkrar seçkilər zamanı – həmin dairədən seçkilərin nəticələri ləğv olunmuşdu və həmin yerə yenidən seçkilər keçirilirdi – mən öz namizədliyimi irəli sürmüşdüm. Yəni bu dairə mənim üçün yeni dairə, yeni məkan deyildi. İstənilən qədər həmin dairədən olan tərəfdarlarımız, seçicilərimiz var idi. Eyni zamanda həmin dairəni çox gözəl tanıyırdım. Həm 2005, həm də 2006-cı ildə həmin dairədə keçirilən seçki prosesində iştirak etdiyimə görə, qərara gəldim ki, 31 saylı Suraxanı rayon Seçki Dairəsindən namizədliyimi irəli sürəm.

– Yəqin həmin dairədən sizə dəstək verəcəklərini bildirən, bunu sizə vəd edən adamlar da olub?

– Təbii… Bilirsiniz ki, seçkilərə qatılmaq haqda qərar qəbul edəndə müxtəlif amillər həmin qərara təsir göstərmiş olur. Bayaq qeyd etdiyim amillər əgər işin bir tərəfidirsə, digər bir tərəfi də dəstək vermək fikrini ifadə edənlər və həvəsləndirənlərin olması faktoru idi. Təəssüflər olsun ki, həmin dəstək verənlər son nəticədə qərarlarını dəyişdilər, belə demək mümkündürsə, sözlərini tutmadılar. Onlardan dəstək görmədim, əksinə, o dəstəyin əvəzində təxribatla üzləşdim.

– Sizə kim vəd vermişdi ki?

– Ümumi tanışımız vasitəsilə «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu dəstək verəcəyini demişdi.

– Belə çıxır ki, o bir növ təşfiq edib ki, siz həmin dairədən namizədliyinizi irəli sürəsiniz?

– Bəli, o mənim qərarıma çox ciddi təsir göstərdi. Özlüyümdə qərar verməyimdən asılı olmayaraq, onun dəstək verəcəyi məsələsi məni bir qədər də ruhlandırdı. Bilirsiniz ki, «Yeni Müsavat» qəzeti siyasi proseslərdə aktiv iştirak edən və seçki kampaniyalarında da hansı namizədi dəstəkləyərsə, ona müəyyən dividentləri qazandırmaq imkanı verən bir qəzetdir. Bu baxımdan, Rauf Arifoğlunun mənə dəstək verəcəyilə bağlı vəd verməsi məndə elə bir ümid yaratdı ki, mən seçki kampaniyasını düzgün qura biləcəm və nəinki DUİ-nin, bütövlükdə müxalifətin namizədi kimi 31 saylı Suraxanı Seçki Dairəsindən namizədliyimi irəli sürə biləcəm.

– Belə çıxır ki, bu məsələ hələ AXCP-Müsavat Blokunun seçki siyahılarını açıqlamasından əvvəl olub?

– Bəli. Bu, o dövrə təsadüf edirdi ki, Əli Kərimli Rauf Arifoğlunun AXCP-Müsavat Seçki Blokunun vahid namizəd olmasına razılıq verməmişdi. Burada Rauf Arifoğlunun öz siyasi maraqları var idi ki, bu da syasətdə təbiidir. Əgər Əli Kərimli ona mane olurdusa, o da Əli Kərimliyə maneə olmaq üçün bu addımı atırdı. Amma mənim Əli Kərimliyə maneə olmaq məqsədim yox idi. Mənim məqsədim o idi ki, bu dairədən seçkidə fəal olum və ciddi nəticə göstərərək seçkidə qalib gəlim. Bunun üçün də istənilən dəstək mənim üçün arzulanan idi. Mən də o cümlədən bu dəstəyi səmimi qəbul etdim və gözlədim ki, məhz qeydiyyat ərəfəsində və qeydiyyatdan sonra «Yeni Müsavat» qəzeti mənə dəstək verəcək. Lakin çox təəsüflər olsun ki, bu belə olmadı.

– Belə bir məsələ var idisə, nə üçün Rauf Arifoğlunun özü ilə görüşüb, birbaşa bunu həll etmədiniz?

– Açığı, belə bir cəhd də etmədim…

– Yoxsa Rauf Arifoğlunun özü buna imkan vermədi?

– Yox, mənim özüm görüşməyə cəhd etmədim. Çünki ümumi tanışımız mənə Rauf Arifoğlunun fikrini çatdırmışdı və mən də ona sual verəndə ki, – biz siyasətçi olmazdan əvvəl ilk növbədə türk kişisiyik və verdiyimiz sözün də arxasında durmağı bacarmalıyıq – nə üçün Rauf Arifoğlu mənə dəstək verəcəyinə söz versə də, mən bu dəstəyi görmürəm, o, mənə bildirdi ki, bu siyasətdir, bu gün belə deyirdisə, sabah da başqa cür cavab verə bilər. Bununla da məsələ qaldı və mənim üçün də qapandı.

– Ümumi tanışınız kimdir?

– Mən onun kimliyini hələlik açıqlamaq istəmirəm…

– Çünki ortada vasitəçilik edən bu adam qeyr-ciddi adam ola bilərdi? Ya da ola bilərdi ki, məxsusən aranızı vurmaq istəsin?

– Yox, yox, yox… Həmin adam çoxlarının yaxşı və yaxından tanıdığı bir adam idi və onun qeyri-ciddi olaraq bu vədi mənə çatdırdığına da inanmıram. Çünki həmin adam Rauf Arifoğlunun özü ilə çox ciddi münasibətləri olan adamdır. O, mənə həmin vaxt zəng vurdu və bildirdi ki, biz Rauf Arifoğlu ilə bir yerdəyik və sənə onun yanından zəng edirəm…

– Yəni siz bütün deyilənlərin tam inandırıcı olması üçün əsasınızın olduğunu bildirirsiniz?

Davamı gələn sayımızda

“Xural” qezeti
il: 9, sayı: 047(407), 19-25 dekabr 2010-cu il

Əlaqəli məqalələr

1 şərh

  1. İlk növbədə Xural qəzetinin kollektivinə və Əvəz bəyə təşəkkürümü bildirirəm ki, fikirlərimin ifadəsi üçün şərait yaradıb. Amma, razılaşmadığım bir məqam var. Girişdə yazılan şərhdə kimlərinsə mənim “çapımda”(?) olan siyasətçilərdən istifadə edib, kənara qoyması Türkiyə türkləri demişkən, abartılıb. Həmin kəslər kimdir ki, məndən istifadə etsinlər? Buna ağılları və gücləri çatmaz. Əslində zaman-zaman mən onlardan yararlanıb, maliyyəsi, xarici dəstəyi və hakimiyyətdə dayağı olmayan siyasi qüvvəni qorumuşam. Hər halda, yaxın bildiyim qəzetin şərhində belə yanlışlıqla qarşılaşmaq istəməzdim. Qeyri-ciddilik məsələsinə gəlincə, özünü ciddi siyasətçi kimi qələmə verən həmin zatlar nə edə biliblər- bəlkə hakimiyyətə gəliblər, bəlkə ölkədən kənarda qəbul olunublar, bəlkə elektorat qazanıblar? Hər seçkidə uduzan, hər dəfə elektoratı bir-neçə dəfə azalan, nazirlərdən pul alıb, qəzet çıxaran, yuxuda Rövnəqi, Ramizi, İlhamı görüb, onlardan dəstək istəyən onlar deyilmi? Bütün bunlar ciddiliyin əlamətləridimi? Sonda müstəqil mətbuatın avanqardı olan Xuralın kollektivinə və Əvəz bəyə bir daha təşəkkürlərimi sunuram!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button