Şərəfsiz yaşam, yoxsa şərəfli cəhənnəm?

1977240_1721063234839929_2056949850834867613_n
Məğrub Bədəlli, Qarabağ savaşı əlili

Bu günlər döyüş kəşfiyyatına gedən Sergeyin şəhidliyindən 23 il keçir. Dörd gün və sonra daha dörd gün keçəcək, yanımda partlayan bomba(lar)dan gözlərimi bir də martın 22-də vertolyotla gətirildiyim hərbi hospitalda açacağam. 23 il keçir şərəfli ölüm-qalımdan. Boynuma alıram,heç bir igidliyim olmayıb,sadəcə iştirakçı olmuşam, döyüşçülərimizin igidliklərinə tanıq olmuşam. Onsuz da nə desəm, bir qəpiklik dəyəri olmaz. Nədən igidlik hay-küy, reklam sevmir.

Bunları niyə yada salıram? Döyüşlərin birində dabanına tüpürüb qaçan düşməni qovmağa təkidlə icazə istəyən adını unutduğum Bakılı balasının yalvarışları,oğlumun ad gününü yanıma düşən mərminin “yaraşıqlı” formasını cibimdə “hədiyyə” saxlamaqla qeyd etməyim,köksümün başında iki əl qumbarasını ən əziz dostum kimi canıma sıxmağım (əsir düşmək qorxusu olaranda partatmaq üçün) 23 ildir niyə yadımdan çıxmır? Niyə son 5 ildə yaddaşım bu anlara-günlərə tez-tez qayıdır?

cebhe

5 il öncə Novruz şöləni günlərində Nizami RPİ-nin 24-cü Polis Bölməsinin sahə müvəkkili mayor Elçin İslamov zəng edib, DİN-dən öz savaş əlilləri barədə bilgilərini istədiklərini deyib,  anket bilgilərimi alanda daim diqqət və qayğısını gördüyüm, zabit -pensiyaçısı olduğum nazirlikdən Novruzla bağlı maraqlandıqlarını təbii saydım. Heç demə, sahə müvəkkili “donos” ötürürmüş. 23 mart 2011-ci ildə 39 dərəcə qızdırma içində yerimdə qovrulan çağ Səbail RPİ-nin 39-cu Polis Bölməsinin mayor Əliyev Namiq Vəli oğlunun (özünü Ağsunun Kalva kəndindən yerlim kimi təqdim etsə də,sonradan Ağdamdan olmasını bildim) başçılıq etdiyi iki maşınlıq mülki geyimli sərxoş polisləri yataqdan alt paltarında,ayaqyalın bölməyə aparıb,qollarımı qandallayıb işgəncə vermələrinə,oradan istintaq izolyatoruna aparıb,2 sutka ac-susuz dustaq etmələrinə dözdüm.Amma həmin gün bölmədə növbətçi olan Ağdamdan olduğu deyilən,oğlum yerindəki leytenantın əsirlərə,girovlara belə edilməyən təhqirini unuda bilmirəm.Elə bil faşist düşərgəsində idim,növbətçi leytenant polis bölməsinin foyesindəki soyuq,mərmər döşəmədə qandallanmış durumda əyilib Qarabağ əlili olmağımı soruşdu.”Hə” cavabını alanda “tfu,Qarabağ əlili üzünə” təhqirini etdi.Səbailin keçmiş prokuroru Füzulidən olan Şirxan Adıgözəlov Ağdamdan olan müstəntiq Müslüm Quliyevin məni silahlı axtarışa verdiyini deyib,polislərə qarşı iş qaldırsa,məni də tutacağını vurğuladı. ”Hər kəs etdiyi əməlin qarşılığını almalıdır” cavabımdan sonra prokuror rüşvəti şərəfdən üstün tutdu. Müslüm Quliyev tezliklə “uğurlu əməliyyata” görə kapitandan mayora, sonra polkovnikə “yüksəldi” və Səbail RPİ-nin istintaq idarəsinə rəis təyin olundu. Məni isə pisixi xəstəxanaya zorla yerləşdirmək istəsə də,alınmadı.Konstitusiyanın 79-cu maddəsini bayraq edib,mülki geyimli sərxoşları polis saymadığımı,onların qanunsuz tələblərinə var gücümlə müqavimət göstərdiyimin qanuni olduğunu bildirdim və  indi də hamını evinə girən istənilən şəxsə qarşı müqavimətə çağırıram. Bu,Konstitusiya ilə təsbit olunan vətəndaş hüququdur. Ombudsman bu özbaşınalığı 7 nəfərin şahidliyilə vəkili döyməyim nədəniylə qanuni saydı və o da rüşvəti şərəfdən üstün tutdu.

14 iyun 2014-cü ildə  qəbulunda olanda nazir bu olaydan xəbərsiz olduğunu deyib, bərk əsəbiləşdi və şikayət ərizəmi tələb etdi. Yenə də daxili təhqiqatçılar rüşvəti şərəfdən üstün tutdular. Döyüşdə ürəyimin başında qumbaranı əsir düşmə anında özümü partlatmaq amacı ilə gəzdirirdim. Nədən düşmənin özəlliklə zabitlərə qarşı necə alçaldıcı hərəkətlər etdiyini bildiyimizdən,şərəfli ölümü üstün tuturduq.Nə biləydim,doğma evimdə,ocağımda Qarabağ əlili olduğuma görə alçaldılacağam?! Ağlıma da gəlməzdi.Bilsəydim,ağlıma gəlsəydi,elə zorla aparanda özümü öldürərdim. Düzü,izolyatorda buna çaba göstərdim,amma ölüm aləti tapılmadı. Barmaqlıqa əl çatmadı,mələfə də qoyulmur ki,özünü asa biləsən. 12 noyabr 2014-cü ildə öncədən bildirməklə ölüm aksiyasına getməyimə 24-cü Polis Bölməsi qapıda keşik çəkib çıxan kimi Bakı Şəhər Baş Polis İdarəsinə aparıb adı çəkilən şəxslərin barəsində tədbir görüləcəyi sözünü verməklə əngəl oldu.

…Döyüşdə olanda Allaha məni əsir-qaçaq etməməsinə,meydimin düşmən əlində qoymamasına yalvarırdım.Tanrım məni eşitdi,çox razıyam.Özümü Qarabağda düşmənə əsir düşməmək adına öldürsəydim,yerim ulu Peyğəmbərimizin ağuşunda olacaqdı.İndi sözüm məni cəhənnəmə göndərəcək Tanrımadır:

Şərəfsiz ölüm yaxşıdır,yoxsa şərəfli cəhənnəm?

P.S.Savaş gündəliyim basında dərc olunub.Mənim on günüm qalır.Döyüş öncəsi gecə və hospitalda oğlumun “Gənclik” jurnalının keçirdiyi müsabiqədə qalib ollmasını eşitdiyim an yazdığım 2 cızmaqaranı yadigar qoyuram:

            VƏTƏN

Dədə-babamın yatdığı nənnisənmi?

Tozuna-torpağına bulaşdığım kəndimsənmi?

Keçmişimsənmi,indimsənmi?

Vətən…

Alnıma yazılan qara baxtmısan?

Şəhidlər uyuyan torpaqmısan?

Yüksəlib enməyən Bayraqmısan?

Vətən..

Arxamda dayanan el-obasanmı?

İzimi saxlayan bir qalasanmı?

Azərbaycan adlı öz Anamsanmı?

Vətən…

            7  YAŞLI OĞLUMA

Qalib gəldin,görüm qazi olasan.

Tariximə şanlı günlər yazasan.

Düşmənlərin qəbirlərin qazasan

Arxanı elinə dayayıb oğul!

Sənin taylarını,ana-bacını,

Şuşanı,Laçını-qeyrət tacını.

Nənənin ətirli çörək sacını

Düşmən al qanlara boyayıb,oğul!

Elim yağmalanıb,üzüm gülməyir

Sınıq könlüm şadlıq nədir bilməyir.

Atanın təbrikə dili gəlməyir

Təbriki Şuşaya saxlayıb, oğlu!

Xural.com-un email poçtundan

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button