“Sərhədsiz reportyorlar” Turan-a təzyiqlərə görə Azərbaycan hakimiyyətini pisləyir

“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı Azərbaycan hakimiyyətinin bu ölkədə sonuncu müstəqil KİV olan Turan İnformasiya Agentliyinə təzyiq vasitəsi kimi vergi orqanlarından istifadə etməsini pisləyib. Bu barədə təşkilatın saytında yerləşdirilən bəyanatda deyilir.

Məlumata görə, vergi orqanları agentliyi ümumi məbləği 37 min manat (16 min avroya yaxın) vergini ödəməməkdəittiham ediblər və avqustun 7-də cinayət araşdırmasına başlayıblar, auditin başlanması üçün öz nümayəndələrini agentliyə göndəriblər.

Turan ittihamları rədd edərək Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Qeyd olunub ki, bundan öncə də vergi orqanları agentliyi vergi ödəməməkdə ittiham ediblər. Ancaq Vergilər Nazirliyinə şikayətdən və aparılan yoxlamadan sonra iddialar aradan qaldırılıb.

“Bu, Azərbaycanda sonuncu müstəqil KİV-i susdurmaq cəhdindən başqa bir şey deyil”, – təşkilatın Şərqi Avropa və Asiya şöbəsinin rəhbəri Yohan Birr bildirib.

“Bu iş agentliyin iqtisadi durumunun pozulmasına yönəlib. Biz hakimiyyəti sonuncu müstəqil KİV-in sistematik təqib edilməsi praktikasına son qoymağa və Turan-a qarşı təhqiqatları dayandırmağa çağırırıq”, – bəyanatda vurğulanır.

Sənəddə qeyd olunur ki, ən həssas mövzuları işıqlandırmaqdan çəkinməyən Turan-ın peşəkarlığı sayəsində agentlik avtoritar rejimin hökm sürdüyü ölkədə “mühüm informasiya mənbəyi” olaraq qalır.

Hazırda hakimiyyət media plüralizmini məhv etmək üçün hər şeyi edib. Belə ki, son illər maliyyə problemləri ilə əlaqədar “Zerkalo” qəzeti bağlanıb, “Azadlıq” radiostansiyası isə təzyiq altında qapadılıb.

Sonuncu müxalifət qəzeti “Azadlıq” gündəlik nəşrini dayandırmalı olub.

“Sərhədsiz reportyorlar”ın indeksinə görə, Azərbaycan media azadlığının səviyyəsi üzrə 180 ölkə arasında 162-ci yeri tutur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button